Həkimlər işlədikləri xəstəxanayla bağlı şok faktlar açıqladı

"5 saylı şəhər klinik xəstəxananın tərkibindən çıxarılıb Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Lakin iki ay müddətində hələ də İnstitutun tərkibinə daxil edilməmişik. Bunun nəticəsi olaraq əməkdaşlar iki aydır əməkhaqqı almadan işləyir. Bu azmış kimi yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 AZN tələb edir. Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir".

Bu barədə yanıq şöbəsinin əməkdaşları AzNews.az-a göndərdikləri şikayət məktubunda deyirlər.

Şikayətdə bildirilib ki, V.Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, onların əvəzinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir:

"Özün ərizəni yaz, çıx, yoxsa mən biyabırçılıqla çıxaracam. Buranı Ziya Əsədovun işə qəbul etdiyi işçilərdən təmizləyəcəm" kimi sözləri deyir. İşə kimi istəyir qəbul edir, kimi istəyir çıxarır. 20-30 il çalışan tibb bacılarını işdən heç bir səbəb olmadan çıxarıb, əvəzinə gənc işçiləri götürür, hansı ki həmin gənclər şpris belə tuta bilmirlər, hətta heç bir tibbi savadı olmayan xadimələr tibb bacısı kimi fəaliyyət göstərir. İşçilərdən yığılan fond pulu azmış kimi, xəstələrdən də 30 AZN alınır, ayrıca palatada yatmaq istəyirsə, yerpulu olaraq 20 AZN alır. Uzun sözün qısası, şöbədə alver gedir.

Yanıq 2-nin böyük tibb bacısını vəzifədən qeyri-qanuni uzaqlaşdırıb, heç bir təhvil-təslim olmadan başqa tibb bacısını vəzifəyə gətirib. Həmin tibb bacısı da heç bir səlahiyyəti olmadan dərman qəbul edir, dərman verir. Yanıq-1 şöbəsində isə nəinki böyük tibb bacısı, tibb bacısı olaraq əmri verilməmiş birini böyük tibb bacısı vəzifəsinə təyin edib. Onlar da heç bir səlahiyyətləri olmadan qiymətli dərmanları və narkotik maddələri təhvil alıb, təhvil verir. Yanıq-1 və Yanıq-2 şöbələrinin təsərrüfat bacılarından birini məzuniyyətdə olarkən, digərini isə iş başında heç bir qüsuru və səbəbi olmadan işdən uzaqlaşdırıb, hətta Vüqar Ələkbərovun özü də məzuniyyətdə olarkən bu qərarı qəbul edib və təhvil-təslim olmadan kənar iki işçini əmrsiz vəzifəyə gətirib. Onların yerinə isə iki nəfəri işə götürüb, onlardan biri Yanıq-1, digəri isə Yanıq-2 şöbəsində təsərrüfat bacısı vəzifəsini icra edir. Bu haqsızlığa etirazını bildirən işçilərə isə "Get, kimə müraciət edirsən et, mənim arxam möhkəmdir, mən heç kimdən qorxmuram" deyib otaqdan qovur. Təbii ki, sadalamaq istədiklərimiz bununla bitmir, xahiş edirik, özünüz bu vəziyyətə əncam qılasız, üzə nələrin çıxacağını özünüz görəcəksiz.


1) Yanıq şöbəsinin müdiri fövqəladə hallar üçün daim hazır vəziyyətdə olmalıdır. Elə isə Vüqar Ələkbərovun hər ayın 10-12 gününü xaricdə -Türkiyədə olması, Bakıda olduğu günlərdə isə iş yerində 1-2 saat olması nə deməkdir?

2) Xəstənin müalicəsi ilə əlaqədar xəstənin yaxınlarından özünə yaxın hesab etdiyi 2 həkim vasitəsilə külli miqdarda məbləğ tələb edir,

3) Şöbənin işçilərinə qarşı saymazyana davranır, onları hər an təhqir edib, kobud münasibət göstərir,

4) Kollektiv arasında ayrıseçkilik yaradır,

5) Özünü açıq-aşkar bu şöbənin böyüyü hesab edir və heç kimə (nazir müavini Nigar xanımdan başqa) tabe olmadığını söyləyir,

6) Şöbə müdirinin təşəbbüsü ilə "Albumin" adlı dərman xəstələrə baha qiymətə satılır, halbuki həmin dərman dövlət tərəfindən pulsuz verilir. Bunlar şikayət məktubunda qeyd edilir.

AzNews.az