Prokurorun işdən qovulmasının müdhiş səbəbi

Dünən ölkənin baş prokuroru Zakir Qaralovun əmri ilə Nərimanov rayon prokurorunun, onun müavininin və köməkçisinin işdən qovulmasının (sonuncu prokurorluq sitemindən xaric edilib) şok təfərrütları məlum olub.



AzNews.az xəbər verir ki, "Qafqazinfo" ya daxil olan məlumata görə, prokuror Fikrət Mahmudovun müavini və köməkçisi ilə birlikdə işdən qovulması onların hazırda qalmaqallı məhkəmə işi davam edən Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevlə işbirliyinin üzə çıxması ilə bağlıdır.

Mətbuatda artıq hakim vəzifəsindən azad olunan və hazırda məhkəməsi davam edən Həsən Əliyevin əməlləri ilə bağlı kifayət qədər məlumatlar dərc edilib. Qısaca xatırladaq ki, H.Əliyev icra başçısı təyin etmək adı ilə 600 min manat pulu mənimsənilən iş adamı Ramazan Səliomovun şikayətindən sonra işdən qovulub və barəsində cinayət işi açılıb. Onu da bildirək ki, bu cinayət əməli ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülüb və prosesdə bu və ya digər formada iştirakı olan şəxslərin vəzifəsindən asılı olmayaraq cəzalandırılması tapşırılıb. Məhz bu iş Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparıldıqdan sonra sözügedən cinayət işində əsl şəbəkə ortaya çıxıb.

Məsələnin mahiyyəti və işdə adı keçənlər haqda mətbuatda məlumatlar dərc olunub və zərərçəkən R.Səlimov da "virtualaz.org" açıqlamasında prokuror köməkçisi Cavid Quliyevin əli ilə bu işin ört-basdır ediləcəyi ilə bağlı ona hədə-qorxu gəlindiyinə dair açıqlama verib.

Əldə etdiyimiz məlumata görə, Nərimanov rayon prokurorunun vəzifəsindən azad edilməsinin əsl səbəbi onun istintaq materiallarından bu işdə adı keçən Siyəzən icra başçısı Arif Qasımovun adını çıxarması olub.

Məlumatlara görə, Nərimanov rayonunun sabiq prokuroru Fikrət Mahmudovun ölkənin yüksək çinli məmuru ilə yaxın qohumluq əlaqəsində olması belə onun işdən qovulmasının qarşısını ala bilməyib.


AzNews.az