Nəsimi polisində özbaşınalıq Nəsimi polisində özbaşınalıq

Falçı-polislər cinayətkarlarla iş birliyində –FAKT

Nəsimi polisində özbaşınalıq

Ekspert rəyləri, sənədlər, şahid ifadələri necə saxtalaşdırıldı...


Barəsində cinayət işi qaldırılmış Ələkbər Məmmədov (ad şərtidir- A.A) barəsində çıxarılan bütün qərarların saxta olduğunu israr edir və dediklərini təsdiqləyən sübutları təqdim edir. Bu materialların həqiqətən, şok effekt verəcəyini nəzərə alıb, onları dərc etmək təklifini verdik.

Razılaşdı, amma bizə məlum olan haqlı səbəblərə görə adının çəkilməsini istəmədi. Biz də saxtakarlıq və qanun pozuntularını özündə toplayan bir qovluq materialları zərərçəkmişin adını çəkmədən, hissə-hissə sizə təqdim edirik. Aidiyyəti orqanları maraqlandırarsa, bizə təqdim edilən materialları onlara verməyə və zərərçəkənin adını açıqlamağa hazırıq.

Məlumat üçün bildirək ki, zərərçəkən 07 mart 2010-cu ildə Nəsimi rayonu, "Cavadxan" küçəsi 48 ünvanında, işlədiyi "Xəzrservis" adlı firmada bir qrup şəxs tərəfindən döyülməsi, ağır bədən xəsarəti alması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edib.

II yazı

Ya cinayətkarlarla barış, ya da həbsinlə...

Bölmədə əvvəlcə işə ciddi yanaşılsa da, qarşı tərəfin adamlarının bölmə rəisi ilə görüşü vəziyyəti dəyişir. Şikayətçi bildirir ki, müstəntiq onu əvvəlcə barışığa dəvət edib: "Mənə dedilər ki, ya barışmalıyam, ya da bütün işi mənim əleyhimə yönəldəcəklər. Mən bunu əvvəlcə ciddi qəbul etmədim. Amma sonradan gördüm ki, doğrudan da belədir. Təhqiqatçının mənə sonuncu xəbərdarlığı hadisə baş verən gündən 5 gün sonra oldu. Barışmadığımı görüb, məni döyən adamlara zəng edib, onlara ərklə "gedin ekspertizaya" dedi. Sonradan məlum oldu ki, tarixlər saxtalaşdırılıb, onların ekspertizaya göndərilmə tarixlərini 5 gün əvvələ çəkiblər. Guya, onlar məndən əvvəl gəlib şikayət ediblər".

Bildirək ki, sənədlərə baxanda bunun şahidi olursan. Doğrudan da tarix yazılan yerlər qaralanıb, görünən tarixlərin sonradan yazıldığı gün kimi aydın olur.

Saxta ekspert rəyləri

Ekspert rəylərində də saxtakarlıq görünür. Təkcə tarix saxtakarlığı deyil, həm də bəlli olur ki, ekspert "zərərçəkənləri" görmədən rəy verib: "Ekspert rəylərini oxuyarkən aydın şəkildə görsənir ki, bu sənədlər də saxta şəkildə alınıb. Məsələn, qarşı tərəfin üzümə yalandan durğuzdurduğu Rövşən Əliyevə verilmiş ekspert rəyində ekspert Rövşəni ucaboylu bir şəxs kimi göstərir. Ruslan Quliyevin ekspert rəyində isə Ruslanın orta boylu olduğu qeyd edilir. Hansı ki, Rovşən bəstəboylu, Ruslan isə uca boyludur. Bu da onu göstərir ki, ekspert rəyi sifarişlə yazılıb"

Polis "fala" baxıb, qərar qəbul edirmiş

Məsələ bundadır ki, ekspert nə yazır yazsın, polis nəzərində tutanı "nəzərə" alır. Məsələn, zərərçəkmiş Ələkbər Məmmədovun "qatı açılmamış" ekspert rəyini təhqiqatçı qəti nəzərə almayıb, onu zərərçəkən kimi ümumiyyətlə, tanımayıb.
Ona verilən ekspert rəyində döyülməyi, kəllə-beyin travması qeyd olunub.
Sənədlərlə tanış olanda bununla bağlı daha maraqlı faktla rastlaşdıq. Deməli, 04. 05. 2010-cu il tarixli 113 saylı ekspert rəyində göstərilir ki, R.Məmmədovun əlindəki xırda zədə bıçaqla yetirilməyə xarakterik deyil. Ancaq bütün istintaq materiallarında Ələkbər Rəşada bıçaqla xəsarət yetirən şəxs kimi təqdim edilir. Maraqlıdır ki, bunu sonradan işlə bağlı araşdırma aparan Nərimi Polis İdarəsi, Nəsimi Prokurorluğu, hətta Məhkəmə də soruşmayıb ki, bu ittihamı nəyə əsasən irəli sürübsünüz. Məsələ ilə bağlı hadisə yerinə baxış aktı, qan izləri də yoxdur ki, deyəsən bəlkə, ona əsasən verilib.

Müstəntiq faktları gizlətməyə çalışıb

İşdə maraqlı məqamlardan biri də, hadisə yerində bütün prosesləri "yadda" saxlayan kamera görüntülərindən istifadə edilməməsidir. Təkcə bu fakt bütün işin qeyri-qanuni aparılmasına, polisin həqiqəti ortaya çıxmasında maraqlı olmadığına sübut ola bilər.
Ələkbərin dediklərindən: "Mənim tanımadığım adamları belə üzümə durğuzdurublar. Onlar mənim guya, hamının üzərinə hücum çəkdiyimi, bıçaqla hamıya xəsarət yetirməyimi deyirlər. Bu nağıl polisin məsləhətiylə uydurulub. Amma mənim də şahidim var. O da ofisdəki kameradır. Amma müstəntiq kamera görütülərini işə ümumiyyətlə, əlavə etməmişdi. Çünki orda hər şey görsənir. O, hər şeyin sübutudur".

Polis rəisi qanunsuzluğu etiraf edir, amma...

Qeyd edək ki, məsələylə bağlı cinayət işi başlanandan sonra təhqiqat üçün materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilir. Zərərçəkənin bir-birinin ardınca etdiyi şikayətdən sonra həmin dövrdə İdarəyə rəhbərlik edən Məmməd Mikayılov zərərçəkəni qəbul edir: "Mən işdə yol verilən bütün qanun pozuntularını onun diqqətinə çatdırdım. O da işə baxacaq müstəntiq Müşfiq Ələsgərovu çağırıb, işi obyektiv aparmağı tapşırdı. Və işdə adı gedən təhqiqatçı Seydi Quliyevlə bağlı ölçü götürməyini tapşırdı.

Şikayətçi sonradan İdarə rəisinə bu saxtakarlıqlarla bağlı rəsmi məktub da ünvanlayır: "Bu məktubumdan sonra polis rəisindən cavab aldım. Məmməd Mikayılov öz şəxsən mənə ünvanladığı məktubda təhqiqat dövründə təhqiqatçının kobud şəkildə qanun pozuntularına yol verdiyini və buna görə də təhqiqatçıya təqdimat yazdığını bildirib. Polis rəisinin özü etiraf edir ki, təhqiqatçı saxtakarlıq edib, ciddi şəkildə qanun pozuntusuna yol verib". Amma bütün bunlar hamısı söz olaraq qalır. Sonrakı mərhələlərdə elə Seydi Quliyevin gəldiyi nəticəyə əsaslanıb qərarlar qəbul edilir...

İdarə rəisinin töhmət verəcəyi, Seydi Quliyev bu gün də tutduğu vəzifədə qalır.

Ardı var.

Növbəti yazılarda:

1. Nəsimi polisi zərərçəkəni necə cinayətkar etdi?
2. Şahidlərin, adı işdə hallanan şəxslərin ifadələrinin dəyişdirilməsi, tarixlərin saxtalaşdırılması faktları...
3. Qədir İmanov kimi adamların PB-da olması hansı zərurətdən doğur.


Yazıya qoşma (Foto):

1.Ekspert rəyləri
2. Tarixləri saxtalaşdırılmış sənədlərdən nümunə
3. Məmməd Mikayılovun Seydi Quliyevin qanunsuz əməllərini təsdiqləyən məktubu

Azər Azəri
AzNews.az


I yazının linki:
http://aznews.az/news.php?id=8120#.UH8PGVYn-t8
image description image description image description image description image description