Nazirlik 4 generalın ordudan təxris olunmasını - Təsdiqlədi

Müdafiə Nazirliyi AzNews.az-ın ordudan 4 generalın təxris olunması barədə yaydığı xəbərə münasibət bildirib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də "öz arzusu ilə" Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

"Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı "xəstəliyə görə" rəyinə, general-mayor M.Almasovun isə "öz arzusu ilə" Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq"
, - deyə, MN bəyan edib.

Qeyd edək ki, AzNews.az müdafiə naziri Zakir Həsənovun 4 generalı ordu sıralarından təxris etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, məşhur general-mayor Şəmkir korpusunun keçmiş komandan müavini Qorxmaz Qarayev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasov, Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynov ordu sıralarından uzaqlaşdırılıb.