“İnter” və “Zirə”nin oyunlarının vaxtı və yeri dəyişdirildi

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki matçlarının vaxtı və yeri müəyyənləşib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, UEFA klublarımızın oyunlarının təqvimində dəyişiklik edib.

Çünki təqvimə əsasən, hər 3 komandamız – “Qəbələ”, “Zirə” və “İnter” ilk oyununu evdə keçirməli idi. Ancaq qitə futbol qurumu “Zirə”nin ilk qarşılaşmanı səfərdə oynamasını qərara alıb. Hazırda Lüksemburqda olan paytaxt təmsilçisi bu gün bərpa məşqi keçdikdən sonra “Astra” ilə ilk oyun üçün birbaşa Rumıniyaya yollanacaq. Komanda iyulun 13-dəki matça qədər məşqlərini məhz həmin ölkədə keçəcək.

“Qəbələ”nin iyulun 13-də Polşa “Yagelloniya”sını 8-ci km qəsəbə stadionunda qəbul edəcəyi öncədən bəlli idi və bunda bir dəyişiklik edilməyib.

“İnter” də II mərhələdəki rəqibi “Fola Eş”i “Dalğa Arena”da qəbul edəcək. Ancaq “Qəbələ”nin matçı ilə üst-üstə düşməməsi üçün bu oyun iyulun 13-də yox, bir gün əvvəl reallaşacaq.

“İnter”lə “Qəbələ” iyulun 20-də cavab matçını səfərdə, “Zirə” isə həmin gün evdə keçirəcək.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə ilk qarşılaşması iyunun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

AzNews.az