Nümayəndə heyətimiz ilk Olimpiya Oyunlarının keçirildiyi stadionda

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, proqrama əsasən, tədbirin ikinci günündə – avqustun 3-də məktəbin iştirakçıları Delfi şəhərinə gəliblər.

Qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən arxeoloji muzeydə olublar. İştirakçılara muzeyin tarixi və eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey 13 zaldan ibarətdir və burada 1500-dən artıq eksponat nümayiş olunur. Eramızdan əvvəl VI əsrdən indiyədək qorunan mədəniyyət nümunələrini seyr edən azərbaycanlı qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.

Delfidə açıq səma altında fəaliyyət göstərən tarixi qoruğu ziyarət böyük maraq doğurub. Azərbaycanlı qonaqlar burada qədim afinalıların istifadə etdikləri xəzinə və qədim yunanların allahı olan Zevsin məbədinin dövrümüzədək gəlib çatan qalıqları ilə tanış olublar.

Sonda qonaqlar ilk Olimpiya Oyunlarının keçirildiyi stadionda olmuşlar. Onlara bu mötəbər yarışın tarixi barədə məlumat verilib.

Yay Olimpiya Məktəbinin açılış mərasimi iyulun 4-də Qədim Olimpiya şəhərində keçiriləcək.

AzNews.az