İdmançılarımız beynəlxalq yarışı başa vurdular - 6 medal

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyi başa çatıb.

AzNews.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın son üzvü - Dadaş Dadaşbəyli bu gün körpücük üzərinə çıxıb və uğur qazanıb. O, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində, 94 kq çəki dərəcəsində çıxış edərək gümüş medala sahib olub.

Qobustanlı atletimiz birdən qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirib. Əvvəlcə 142, sonra 147, sonda isə 151 kq-ı ram edən Dadaşbəyli bu hərəkətdə ikinci yeri tutub.

Dadaş təkanla qaldırma hərəkətinə də yaxşı başlayıb. O, ilk olaraq 170 kq-ı rahatlıqla ram edib. Bu yanaşma ilə atletimiz toplamda gümüş medalı özünə təmin edib. Bununla kifayətlənməyən Dadaşbəyli riskə gedərək ikinci yanaşmasında 10 kq artıq - 180 kq sifariş verdi. Ancaq bu çəkini qaldıra bilməyib. Ruhdan düşməyən atletimiz daha 3 kq əlavə edərək təkanla qaldırma hərəkətində qələbə üçün körpücüyə çıxıb. Əsl xarakter nümayiş etdirən Dadaşbəyli 183 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.

Yekunda 334 kq (151 kq + 183 kq) nəticə göstərən Dadaşbəyli Avropa birinciliyində gümüş medal qazanıb.

Qeyd edək ki, Bu, Azərbaycan idmançılarının Klaypedada keçirilən Avropa birinciliyində 6-cı medalıdır. Buna qədər atletlərimiz 2 bürünc, 2 gümüş və 1 qızıl medal qazanmışdılar.

AzNews.az