AFFA Azərbaycan millisinə yeni baş məşqçi təyin etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.


AzNews. az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə portuqaliyalı mütəxəssis Joze Migel Matyuşa həvalə olunub.

O milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamalıdır.

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Matyuş arasında keçirilən görüşdə Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi də iştirak edib.

Görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub. Elxan Məmmədov portuqaliyalı mütəxəssisə yeni işində uğurlar arzulayıb.

Qeyd edək ki, Joze Migel Matyuş 9 iyun 1959-cu ildə doğulub. O, qapıçı kimi çıxış etdiyi karyerası ərzində Avropa Liqası, qitə və dünya çempionatlarının qalib və mükafatçısı olub. Matyuş baş məşqçi qismində Portuqaliya millisində 2003 – 2012-ci illərdə çalışıb və bu komandaya Avropa çempionluğu (2003-2004), eləcə də qitə və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazandırıb.

Elman
AzNews. az