Orxan Ülvi Orxan Ülvi

Dənizli uğurlu başladı!

Orxan Ülvi



Başlığı elə-belə yazmadım. Mustafa Dənizli Lənkərana gəldiyi vaxtlarda dəniz və komanda "Xəzərləri" müqayisə etmişdim. Hər iki Xəzərin üstün cəhətlərini bir daha vurğulamağım artıq olar, məncə. Dənizimizdə qazandığımız uğurları komandamızda da görmək arzumuzun çin olacağını düşünüb, davam etmək olar.

Xəzər həm dəniz, həm komanda olduğundan və fərqin Dənizliylə qapandığına əmin olmaq üçün bu qələbə vacib idi. Həm məşqçinin çempionatdakı debüt olduğunu nəzərə alıb, həm də qış çempionu olan bir komandanı məğlub etmək zarafat gəlməsin sizə. Üstəlik, havanın qarlı və şaxtalı olmasını düşünsək, bu qələbədə məhz Dəniz amilinin rolu böyükdür.

Həm də Dənizli amilinin. Oyunun ilk dəqiqələrində yanımda olan ağdamlı və "Qarabağ"ın azarkeşi olan yoldaşa "Dənizli, Qurbana və "Azərsun" rəhbərliyinə kim olduğunu xatırladacaq dedim". Haqq üçün bu sözümə görə Mustafa xocanın komandası məni utandırmadı. Hərçənd ki, komandanın əsas da birinci yarıda sərgilədiyi oyun ürəyimi açmamışdı. İstənilən halda əsas qələbədir. Ki, Lənkəran "Xəzəri" layiq olduğunu qazandı.

Etiraf edək ki, komandanın oyununda dəyişiklik hiss olunur. İstər taktikadan tutmuş oyunçuların ruh yüksəkliyi ilə əzmkar oyun nümayiş etdirmələrinə kimi bütün göstəricilərdə "məşqçi işi" görünürdü. Hələ ki, Dənizliyə sərbəst işləmək imkanı verildiyindən məşqçi klubu toparlamağı bacarır. Düşünürəm ki, yeni məşqçi ilk öncə rəhbərliklə dil tapmalıdır.

O mənada ki, "Xəzər-Lənkəranda" olan problemlərin çoxu məhz rəhbərlikdən qaynaqlanır. Düzdür klubun fəxri prezidenti olan Mənsimovun klubdaxili idarəetmədən az xəbəri olur. Axı Mübariz Mənsimov Xəzər kimi başqa dəniz və okeanlarda da gəmilərini "idarə edir". Odur ki, komandanın idarə olunmasında iş qardaşının boynuna düşür. Bütün olanları bir kənara qoyub, Mustafa xocaya sərbəst və istədiyi kimi şərait yaratmaq lazımdır.

Axı məşqçi bu mənada etibar qazanıb. Yetərincə də təcrübəsi olan Dənizliyə həm də "söz azadlığı" verilsə "Xəzər-Lənkəran"ın çox belə qələbələrinə şahidlik edə bilərik. Axı bu həmdə bizim belə bir mütəxəssisin təcrübəsindən istifadə edib futbolumuzun səviyyəsini qaldırmaq və avroliqalarda uğurlu trayektoriya cızmaq baxımından faydalı olar. Nə deyirik, qələbəniz uğurlu olsun. "Xəzəriniz" həmişə uğur gətirsin Mübariz müəllim.

AzNews.az