Boksçularımız Avropa birinciliyində qalib gəldi

Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi davam edir. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ikinci günündə milli komandamızın 6 üzvü rinqə çıxıb. Onlardan üçü öz döyüşlərini qələbə ilə başa vurublar.

52 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Quliyevin qələbəsi daha parlaq alınıb. Həmyerlimizin qüvvətli zərbələrindən sonra xorvatiyalı Andro Yançik birinci raundda təslim olub.

Ümid Rüstəmov da (44,5 kq) qitə birinciliyinə qələbə ilə başlayıb. Millimizin üzvü İrlandiya təmsilçisi Sian Gerard Purselli 7:3 hesabı ilə məğlub edib. 48 kq çəki dərəcəsində yarışan Ayxan Tağızadə üçün də yarış uğurlu başlayıb. Boksçumuz irlandiyalı Ceyms Makiverni 10:5 hesabı ilə üstələyib.

İlk görüşdə yerli idmançı Aleksandr Kvitkovski ilə üz-üzə gələn Nurlan Əmirxanlı (50 kq) rəqibinə ciddi müqavimət göstərə bilməyib - 3:11. Rəhim Paşayev də (40 kq) yarışla vidalaşanlar arasındadır. Boksçumuz ilk döyüşdə İrlandiya nümayəndəsi Tom Stokesə 7:11 hesabı ilə uduzub. Avropa birinciliyinin ikinci günündə rinqi məğlub tərk edən boksçularımızdan biri də Nicat Orucovdur. 76 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz İsrail idmançısı Daniel Abazovikə 3 xal fərqlə uduzub - 6:9.

Bu gün boksçularımızdan Malik Həsənov (38,5 kq), Hümbət İmanov (41,5 kq), Ümid Rüstəmov (44,5 kq), Sərxan Əliyev (46 kq), Pərviz Quliyev (52 kq), Hacı Dilbazov (65 kq) və Məhəmməd Abdullayev (76+kq) rinqə çıxacaqlar. Avropa birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.

AzNews.az