Xəbər verildiyi kimi, Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri davam edir. Xəbər verildiyi kimi, Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri davam edir.

“Şəmkirin yaraşıqlı küçələri məni valeh etdi” – Dünya çempionu ilə müsahibə

Xəbər verildiyi kimi, Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri davam edir.


Synergy Groupun təşkilatçılığı ilə keçirilən yarışda gücünü sınayan şahmat üzrə 14-cü Dünya çempionu, Dünya Kubokunun sahibi Vladimir Kramnik AZƏRTAC-a müsahibə verib.

AZNEWS.AZ həmin müsahibəni diqqətinizə çatdırır.

-"ŞəmkirChess 2015" turniri haqqında təəssüratlarınız necədir?

-Şəmkirdə heç vaxt olmamışdım. Lakin ilk təəssüratlarım yaxşıdır. Təmiz, yaraşıqlı küçələr məni valeh etdi. Şəmkirin havası təmizdir. İnsanlar çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara çox yaxşı münasibət göstərirlər. Heç bir problemimiz yoxdur. Hava elə təmizdir ki, mən burada olduğum ilk günlərdə yuxumu yaxşıca aldım.

-Vüqar Həşimovdan danışın. Siz hansı turnirlərdə rəqib olmuşunuz?

-Vüqarın gözəl aurası vardı. Heç vaxt təbəssüm üzündən əskik olmurdu. Biz bir neçə dəfə qarşılaşdıq. Maraqlı oyunlar göstərdik. Hər dəfə qələbə haqqında düşünürdü. Biz dost olmasaq da, onun haqqında yalnız xoş sözlər deyə bilərəm. Vüqar Azərbaycan milli yığmasının tərkibində Avropa çempionu olub. Heç vaxt ağlıma gəlməzdi ki, Vüqarın xatirə turnirində iştirak edəcəyəm. Onun yoxluğunu qəbul etmək çox çətindir. Şəmkir turniri Vüqarın bütün pərəstişkarlarını birləşdirir. Mən təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirəsinə həsr olunan turnir ənənəvi turnirə çevrilməlidir.

-Keçən il dünya çempionu norveçli Maqnus Karlsen turnirin favoriti oldu. İndi isə siz və Vişvanatan Anand turnirin iştirakçıları arasındasınız və Karlsenin qələbə qazanması asan olmayacaq.

-Ümumiyyətlə, bu yarışda iştirak edən şahmatçıların hər biri uğur qazanmaq istəyir. Ananddan başqa Karuan da vardır. Təkcə Maqnus üçün deyil, hamı üçün çətindir. Maqnus dünya çempionudur. Buna görə də ondan həmişə qələbə gözləyirlər. Düşünürəm ki, bu dəfə final turundan əvvəl qalibin adını demək yəqin ki, mümkün olmayacaq.

-Bəziləri deyirlər ki, Maqnus Karlsen uzun müddət çempion qalacaq. Siz necə düşünürsünüz? Çempion adını geri qaytarmaq istərdinizmi?

-Mən artıq qocalmışam (gülür). İndi cavanlar bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionu titulu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Amma biz yaş asılılığını unutmamalıyıq. Fiziki hazırlıq üzərində işləməliyik. Maqnus gəncdir. Bir neçə saat oynamaq onun üçün problem deyil. Mən cavan olarkən Harri Kasparova qalib gələ bildim. O vaxt enerjim çox idi (2000-ci ildə Londonda keçirilmiş yarışda Kramnikin 25 yaşı vardı – red). Lakin gənc nəsil arasında Maqnusla rəqabətə girə biləcək oyunçular az deyil.

-"ŞəmkirChess 2015" turnirinin 2-ci raundunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Adama elə gəlir ki, Karlsenlə oynamaq hamıya çətindir.

-Əlbəttə, Maqnus Karlsen çox güclü şahmatçıdır. Son vaxtlar belə bir ifadə yaranıb: Hamı yaxşı oynayır, amma sonda Karlsen qələbə çalır. Şəhriyar haqqında bunu deyə bilərəm ki, onun böyük potensialı var. Emosional qrossmeysterdir. Başlıca problemi qeyri-sabit oynamasıdır. Buna baxmayaraq, şahmatçı kimi risk etməyi sevir, oyunun sonunadək mübarizə aparır. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.

-Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Sizi iştirakçıların arasında görə biləcəyikmi?

-Dünya Kubokunda iştirak edəcəyəm. Hər halda mən belə planlaşdırmışam. İndiyədək heç bir şahmatçı Dünya Kuboku tarixində dalbadal iki dəfə qalib olmayıb. Bu mənada mənim üçün çətin olacaq. Bakıda da qələbə qazanmaq istərdim. Amma başa düşürəm ki, bu çətin olacaq.

-Dünya Kubokunda erməni şahmatçıların iştirakı barədə qərar qəbul olunmayıb. Azərbaycanın dövlət səviyyəsində təhlükəsizliyə təminat verdiyinə baxmayaraq, hələlik qəti qərar məlum deyil.

-Ermənistan şahmatçıları qərara gəlməlidirlər. Ümumiyyətlə, düşünürəm ki, idman siyasətdən uzaqdır. İstərdim ki, erməni şahmatçılar Bakıya gəlsinlər, Azərbaycan qrossmeysterləri oraya getsinlər. Şahmat hamını birləşdirir. Mən turnirlərdə Levon Aronyanla tez-tez görüşürəm. Məncə, o, Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.

-Aprelin 22-də "ŞəmkirChess 2015" turnirində istirahət günü olacaq. Həmin gün şahmatçılar arasında futbol turniri keçiriləcək. Sizi meydanda görəcəyikmi?

-(Gülür). Zədələnməkdən qorxuram. İmkan olsa, bəlkə də 5-6 dəqiqəliyə meydana çıxdım. Şəmkirdə restorana getmək istəyirəm. Eşitmişəm ki, yerli mətbəxin əla yeməkləri var. Onlardan dadmaq istəyirəm.