Təəssüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönləndirməyə çalışırlar Təəssüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönləndirməyə çalışırlar

"Cəmiyyət səmimi deyilən sözləri qəbul etməyə hazır deyil"

Təəssüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönləndirməyə çalışırlar

Deputat, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin fevral ayında “Qafqazinfo”ya verdiyi müsahibəsi hələ də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalmaqdadır. Bunun da səbəbi odur ki, deputat səmimi söhbət zamanı keçmişə ekskurs edib, bəzi xatirələrini bölüşüb və özünü “hədəfə çıxarıb”.

Sözügedən müsahibəsində deputat doğulduğu Qərbi Azərbaycanla bağlı bir sıra xatırlamalar edib. Sosial şəbəkələrdə isə ən çox onun söylədiyi bu fikirlər müzakirəyə çıxarılıb: “Mən 2 yaşımda baş verən hadisələri xatırlayıram. Nənəmin təndirdə bişirdiyi çörəklər yadımdan çıxmaz. İndi uşaqlar çips yeyir, biz o zaman təndirdə qalan qazmağı yeyirdik. Balaca vaxtı çəpişlərin qulağını dişləməyi də çox sevirdim.

Hər yay heyvanları dağa aparırdıq. Mən dağda qalmağı çox sevirdim. Bir dəfə dedilər ki, səni aparacağıq dağa, amma qaytarıb evə gətirdilər. Mən də 3-4 gün hamıdan küsdüm”.

Tənqidçilər hesab edirlər ki, deputat bu kimi fikirləri dilə gətirməməlidir. Odur ki, Naqif bəyin özü ilə danışmağı, onun münasibətini öyrənməyi qərara aldıq. Telefon zəngimizə Gəncədən cavab verdi. Əvvəlcə müsahibəyə razılaşmasa da, israrlı xahişimizi nəzərə alıb danışdı.

- Naqif bəy, sizin mətbuata son geniş müsahibəniz hələ də müzakirə olunur. Sizin barənizdə səslənən, yazılan tənqidi fikirlərə münasibətiniz necədir?

- Çox təəssüflər olsun ki, bizi istəməyən qüvvələr hər bir müsbət faktı belə, mənfi tərəfə yönləndirə bilirlər, səmimiyyəti belə, səmimi qəbul eləmirlər. Nə demək olar ki? Təəssüflənirəm. Çünki həm deyirik inkişaf edək, Avropadakı deputatlar kimi olaq, cəmiyyətə açıq olaq, səmimi olaq, həm də... Uşaqlıqda hər bir şey olur. Səmimi mühitdə də ancaq səmimi danışmaq lazımdır. Verilən reaksiyalara bir şey deyə bilmirəm. Bu, məndə ancaq təəssüf hissi doğurur. Yəqin nə vaxtsa düzələr. Nə vaxtsa mənfini müsbətə çevirməyə maraqlı olarlar. Mən həmişə səmimi danışıram. Başqa necə ola bilər ki? Səmimi sual veriləndə səmimi cavab vermək lazımdır.

“Bu cür kadrları bəlkə elə “sapı özümüzdən olan baltalar” vurmaq, ləkələmək üçün istifadə etmək istəyir”

Daim səmimiyyətin tərəfdarı olmuşam. Lakin təəssüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönləndirməyə çalışırlar. Siz özünüz də şahidisiniz, adicə ictimai nəqliyyatdan istifadə etməyimi belə, mənfiyə yönləndirmək istədilər. Hərçənd ki, hamı ağızdolusu ictimai nəqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt gələndə onu mənfiyə yönləndirirlər. Ona görə də demək bizim cəmiyyətimiz buna hazır deyil.

- Bir neçə ay əvvəl sizinlə eyni avtobusda parlamentə getdik və düşəndə xəbəriniz olmadan fotonuzu çəkdim. Sonradan bunu feysbukda yayanda bəziləri yazdı ki, deputat özü ilə fotoqraf aparıbmış və şou göstərir. Bu mənada haqlısınız.

- Bəli, o zaman mən də sizdən xahiş etdim ki, həmin şəkli silin. Çünki istənilən halda, onu düzgün qəbul etmirlər. Açığını deyim, həm deyirlər prezidentin ətrafında savadlı, səmimi insanların, gənclərin sayı çox olsun. Ancaq təəssüflər olsun ki, bu cür kadrları da bəlkə elə “sapı özümüzdən olan baltalar” vurmaq, ləkələmək üçün istifadə etmək istəyir. Ancaq istənilən halda, haqq-ədalət, düzgünlük həmişə qələbə qazanıb. Mən istəmirəm daha bu mövzuda danışım.

- Amma bir məsələ var ki, sizin müsahibənizin üzərindən xeyli keçsə də, yenə dedikləriniz barədə danışılır, sizə ittiham edirlər. Məsələn, bəziləri hesab edir ki, deputat statusunda olan şəxsin bu dərəcə səmimi olması, keçmişlə bağlı xatirələrini incəliyinədək açıqlaması düzgün deyil. Bu kimi yanaşmaları necə qəbul edirsiniz?

- Kimsə nəsə deyə bilər. Hərənin öz fikri və mən bütün fikirlərə hörmətlə yanaşıram. Mən artıq özümə söz vermişəm ki, ümumiyyətlə, çalışım jurnalistlərdən, mediadan uzaq olum. Çünki mən səmimi olanda, sadə olanda ancaq ziyan görmüşəm, şər-böhtan şahidi olmuşam. Bacardığım qədər çalışıram ki, ancaq tədbirlərimizi təşkil edək, tapşırıqları yerinə yetirək. Çünki hələ də bizi istəməyən bəzi qüvvələr olduğuna görə, həmçinin səmimi açıqlamalara və münasibətə hazır olmadıqları üçün deməli, hələ vaxtı gəlməyib, bir az da gözləmək lazımdır.

- Deməli, artıq mətbuatdan çəkinməyə başlamısınız?

- Yox. Sadəcə olaraq effekt yoxdur. Səmimi hər hansı açıqlamanı cəmiyyət qəbul edə bilmirsə, deməli, buna ehtiyac yoxdur da.

- Amma bir neçə nəfərin fərqli yanaşması sizə əsas vermir ki, qapıları mətbuatın üzünə bağlayasınız. Razısınızmı?

- Yox, qapıları bağlasaydım, sizinlə danışmazdım. Söhbət ondan gedir ki, səmimi olmaq effekt vermir, cəmiyyət səmimi deyilən sözləri qəbul etməyə hazır deyil. Mən bunu demək istəyirəm.

- Siz Avropa Şurası Parlament Assambleyasında təmsil olunursunuz, həmçinin bu yaxınlarda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə üzv seçildiniz...

- Böyük etimaddır. Sağ olsun rəhbərlik.

- Bütün bunların fonunda sizin media ilə ünsiyyətdən yayınmağınız şəxsinizə yönəlik neqativ fikirləri artırar, nəinki azaldar.

- Mən möhtərəm cənab prezidentin əsgəriyəm, bu, bir mübarizədir. Mən və mənimlə birgə olan gənclər prezidentin ətrafında sıx birləşmişik. Biz mübarizəni sona qədər davam etdirəcəyik. Cənab prezidentin əmr, tapşırıqlarını və göstərişlərini yerinə yetiririk. Ona görə də açığı, kim nə düşünür-düşünsün, nə deyir-desin, bizimçün vacib olan odur ki, biz xalqa xidmət etmək yolunu tutmuşuq və xidmətimizi davam etdiririk. Mümkün deyil ki, hamı xoşlasın, müsbət tərəfdən yanaşsın. Çünki hələ də mənfiyə köklənən insanlar, bizi istəməyən qüvvələr, "sapı özümüzdən olan baltalar" var. Onlar həmişə olub, olacaq. Bizim öz yolumuz var və o yolla davam edirik, əsgərik. Nə vaxta qədər məsləhət olacaq, mübarizəni davam etdirəcəyik, xidmət edəcəyik. Nə vaxt da lazım olsa, çəkilib başqa işlə məşğul olacağıq. Mən bacardığım qədər çalışmışam ki, hər bir Azərbaycan vətəndaşı ilə dost olum. Çünki məmləkətimiz elə də böyük deyil. Yerindən, yurdundan, yaşadığı məkandan asılı olmayaraq, bir olmalıyıq, çünki biz azərbaycanlıyıq. Ulu öndərin yaratdığı azərbaycançılıq məfkurəsini, ideologiyasını davam etdirməliyik, insanları bölməməliyik. Yəqin siz özünüz də hiss edirsiniz ki, həmişə çalışmışam ki, ilk addımı mən atım, hamıya qarşı səmimi olum. Telefonlarım heç vaxt bağlı olmayıb. Sosial şəbəkələrdə həmişə verilən suallara cavab vermişəm. Çünki əgər cənab prezidentimiz bizi layiq görübsə, biz partiyanın vəzifəli şəxslərindən biriyiksə, biz xalqa açıq olmalıyıq. Ən azından cənab prezidentin etdiklərinin 2-3 faizini də biz həyata keçirməliyik. Ancaq təəssüflər olsun... İnanın ki, bu müsahibəni də başqa cür qiymətləndirəcəklər.

- Hər halda sizin arqumentlərinizi oxuyan bir çox əleyhdarlarınız yəqin ki, bir az düşünməli olacaqlar... Naqif bəy, sizin sosial şəbəkədəki səhifənizin adı - Nuhun Həmzə diqqət çəkir. Niyə belə adlandırmısınız?

- Nuhun oğlumun adıdır. Nuhun mənim uşaqlıq ləqəbim olub. Uşaq vaxtından özümə ləqəb seçmişəm. Dinim Nuhdan, köküm Hundan... Uşaqlıqdan da fikirləşirdim ki, oğul övladım olsa, adını Nuhun qoyacağam. Ona görə də profilimi də o cür saxlayıram. O, səmimi dostlarım üçündür. Nuhun oğlumun adı, Həmzə soyadıdır. Ancaq digər profilim Naqif Həmzəyevdir, o isə rəsmi fəaliyyətimlə bağlıdır.

- Gəncəyə qatarla gedib-gəlirsiniz?

- Qatarla da, təyyarə ilə də... İclasların vaxtına uyğun olaraq məcbur qalıb taksi ilə də gedirəm. Yaxud dostlarımın avtomobili ilə. Açığını deyim, qatar daha rahatdır. Kitab oxuya, dincələ bilirsən. Ona görə də qatarla getməyi çox sevirəm. Ürəyimcə oldu ki, sürətli qatar istifadəyə verildi. Möhtərəm cənab prezidentimiz sağ olsun ki, Gəncəyə, ümumiyyətlə, vətəndaşlarımıza diqqət və qayğı göstərir. İnanıram ki, tezliklə biz Türkiyəyə də qatarla səfər edə biləcəyik.

Söhbətimizin sonunda N.Həmzəyev bildirdi ki, az öncə aprel şəhidlərindən biri, əslən Kəlbəcərdən olan İnqilab Quliyevin anım tədbirinə qatılıblar, şəhidimizin atası Çingiz kişiyə başsağlığı veriblər. (Musavat.com)