Zahid Oruc: İlham Əliyev kifayət qədər çevik liderdir - MÜSAHİBƏ

O, elə bir Azərbaycan qurmaq istəyir ki, onun məmləkətinin, onun dövlətinin vətəndaşı gözü orda-burada, başqa ölkələrdə qalmasın

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucun axar.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirdi və yeni islahatlar anonsu verdi. Prezidentin iqtisadi islahatlarla bağlı anonsundan sonra nələr oldu və nələr gözlənilir?

- Ölkə rəhbəri 2019-cu ilin əvvəlindən başlayaraq, qeyd etdiyiniz istiqamətdə çox mühüm addımlar atmaqdadır. Birinci növbədə ölkənin sosial həyatını əhatə edən və ən mühüm maliyyə tutumlarına malik olan qərarlar verildi. Bu, çox önəmli idi, çünki 2015-ci ildə məcburən gedilmiş devalvasiyanın vurduğu ziyanları, yəni ortaya çıxan mənzərəni mütləq həll etmək, problemləri çözmək lazım idi. Bu, şübhəsiz ki, sadə məsələ deyildi. 2005-2015-ci illər ərzində ölkənin müəyyən bir iqtisadi inkişaf göstəriciləri formalaşmışdı. Bunlar inkarolunmazdır ki, iri neft vəsaitlərinin Azərbaycana daxil olması ölkənin bütün sahələrində mühüm dəyişikliklər doğurdu. Birincisi, Azərbaycan infrastruktur yenilənmələrinə getdi, ikincisi, müharibənin ağır humanitar fəlakətini çözməyə şərait yarandı, üçüncüsü isə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə paralel bundan sonrakı dövrdə normal iqtisadi sabitləşmə üçün müxtəlif investisiya proqramları reallaşdırıldı. Həmin illər ərzində, xüsusilə də 2008-2013-cü illərdə neft hasilatı özünün pik nöqtəsinə çatdı.

Daha sonra dövlət rəhbəri söylədi ki, neft amilindən asılı qalmamaq üçün biz digər sektorları güclü bir şəkildə inkişaf etdirməliyik. Biz artıq bu dönəmdə Azərbaycan dövlətinin rəhbərinin məramını təyin etməkdə çətinlik çəkmirdik. Yəni Prezidentin ehtimalları dünya bazarında neftin qiymətinin kəskin dəyişə biləcəyi ilə bağlı idi. Görünən mənzərə bu oldu ki, həqiqətən də bu mənfi gözləntilər reallaşdı. Yəni dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi fonunda Azərbaycanın büdcə gəlirləri, xüsusilə də məlum ticarət balansı pozulduqdan sonra dövlət manatın dəyərinin aşağı düşməsinə getdi və bundan sonrakı mənzərə də sizə bəllidir.

Mən bu detalları ondan ötrü xatırladıram ki, 2015-ci ildən paralel şəkildə neftdən əldə olunan gəlirlərin nisbətən azalması fonunda hökumətin həqiqi gücü və imkanları məsələsi sınağa çəkildi. Bu dönəmdə milli təhlükəsizlik orqanlarının rəhbərliyinin dəyişdirilməsi addımı atıldı, ardınca vergi orqanlarında, rabitə sistemində rəhbər dəyişikliklərinə gedildi. Nəticədə, 2018-ci ilin prezident seçkisindən sonra dövlətin 60 faizindən çoxu yeni simalardan ibarət oldu. Ölkə rəhbəri o zaman bəyan etdi ki, 2019-cu ildə qarşıdakı dövr üçün biz islahatlar yönündə daha genişmiqyaslı addımlar atacağıq. Bunun başlıca səbəblərindən biri ondan ibarət idi ki, əgər prezidentin ilk illərində transmilli layihələri həyata keçirərək, Azərbaycanın regional və beynəlxalq yerini möhkəmlətmək istəkləri birinci yerdə dayanırdısa, ondan sonrakı dövrdə artıq neft vəsaitlərinin şaxələnmiş formada iqtisadiyyata qoyulması, həqiqi menecer keyfiyyətli insanların hökumət strukturlarına daşınması, regional və beynəlxalq prosesləri bilən, onlardan baş çıxaran insanların öndə tutulması, komandada müəyyən nəsil dəyişimlərinə gedilməsi və s. reallaşdı. Yəni görmək olur ki, ölkə rəhbəri bu prosesləri strateji xətt üzrə əvvəlcədən beynində, düşüncəsində, dünyagörüşündə daşıdığı hazır bir konsepsiya və doktrina kimi həyata keçirmək qərarında idi.

- Yəni islahatların artıq daha dərin qatlara enişi başlayıb...

- 2019-cu il yanvarın 1-də keçirilən müşavirə özünün çəkisinə, irəliyə sürülən fikirlərin əhatəliyinə və milli miqyaslı olduğuna görə əvvəlki illərdən çox-çox fərqləndi. Ona qədər də islahatlar aparılırdı. Bu inkarolunmazdır.

Hesab edirəm ki, dərinlik əmsalına, əhatəlilik dərəcəsinə görə daha böyük islahatlar 2019-cu ilin yanvarından başladı. Ölkə rəhbəri birinci növbədə sosial cəhətdən həssas əhali qüvvəsini, dövlətçilik mövqeyini qoruyub saxlamaqla iqtisadi və artıq göründüyü kimi siyasi, bir müddət sonra ümid edirəm ki, hüquq-məhkəmə sistemini əhatə edən islahatların alt bazasını, fundamentini tam formalaşdırmış oldu. Gördüyümüz kimi, artıq islahatlar özünün daha böyük fazasına daxil olub.

Azərbaycan nəinki hər ay, artıq demək olar ki, hər gün, bəzən hər saat dəyişir. Keçirilən müşavirələrin formatı belə yenidir. Ölkə rəhbəri öz kabinetini Azərbaycan cəmiyyəti üzərinə açıb və uzun onilliklər ərzində bağlı qapı arxasında ölkənin cari həyatına, strateji mövqeyinə bağlı olan addımlarını və qərarlarını, hökmlərini, sərəncamlarını, göstərişlərini məhz o otaqdan verib. Ancaq dövlət işi, dövlətin birinci şəxsinin missiyası yalnız ayrı-ayrı şəxslərin təyinatı və ümumiyyətlə, işdən çıxarılması ilə bağlı keçirdiyi qəbullardan ibarət deyil. Bizə bəllidir ki, dövlət rəhbəri olmağın daha böyük məsuliyyəti var. Elə hesab edirəm ki, İlham Əliyevin 15 oktyabrda keçirdiyi müşavirə, iştirak edən insanlar, oradakı tənqidi ruh, bir-birinin ardınca verilən mesajlar hər bir Azərbaycan insanın daxili aləmində gəzdirdiyi mövqelərin dilə gətirilməsidir. Ən ucqarda yaşayan insan da dövlətin Birinci şəxsinin onun simasında danışdığının fərqindədir.

- Bunun keçid olduğunumu nəzərdə tutursunuz?

- Bu, bir dinc keçiddir. Məhz yuxarılardan başlayan dəyişikliklər çox önəmlidir. Çünki islahatların müxtəlif ölkələrdə aparılan tarixi nümunələri var və biz belə görürük ki, bir sıra hallarda o, çox böyük problemlərlə üz-üzə qalmış olur. Yəni bir tərəfdən iqtisadi və siyasi elitada parçalanmalar gedir, müxtəlif qarşıdurmalar meydana çıxır, maraqlar konfliktlərini tənzimləmək olmur. Bəzən həssas vətəndaş qruplarını onların hətta xeyrinə olan dəyişiklərdə yanında görmürsən və bu, ziyana işləyir. Bir sıra hallarda o ölkələrdə islahatlar uğurla nəticələnmir. Ona görə mən bunu “dinc” adlandırdım ki, İlham Əliyevin İstiqlaliyyət küçəsi 19, kabinet nömrə 1-dən verdiyi qərarlar, qələminin mürəkkəbi ilə imzaladığı sənədlər ölkənin həyatına bütün başqa xarakterli aksiyalardan, vətəndaş toqquşmalarından və sairədən yuxarıda dayanaraq, Azərbaycan insanının, ölkənin həyatını dəyişir. Bu, çox vacibdir. Çünki bilirsiniz ki, dünyada bunun sərt şəkildə baş verməsi ilə bağlı mövqelər var və yaxud ayrı-ayrı ölkələrdə görürük ki, bu keçid qanla müşayiət olunur.

- 2015-ci il islahatlarından bəhs etdiniz. Siz də yaxşı bilirsiniz, o zaman əsas müzakirə mövzularından biri dövlət şirkətləri, dövlətin yükünü daşımalı olduğu bəzi müəssisələrin özəlləşdirilməsi və ya özünümaliyyələşməyə keçməsi, eləcə də icraedici hakimiyyətin idarəçilikdə yükünün azaldılmasından ibarət idi. İndi 2019-cu ildir və Prezident islahatlar anonsu verib. Sizcə, indi bu məsələlər reallaşdırıla bilərmi?

- İlk növbədə onu qeyd edim ki, 2015-ci il həqiqətən mühüm mərhələdir. Qeyd etdiyimiz kimi, iqtisadiyyata kobud, qanunsuz, cinayətkarcasına müdaxilələrin daha miqyaslı formada azaldılması məhz həmin dövrə düşür. Ardınca biznes strukturundakı yoxlamaların kəskin şəkildə dayandırılması da məhz ondan sonra başladı. Təhlükəsizlik oqranlarının indi həbsdə olan, cinayət törədən şəxsləri bildiyiniz kimi sahibkarlar üzərində bir neçə qatdan ibarət müxtəlif yağmalama əməliyyatlarını həyata keçirməkdə idilər. Şübhəsiz ki, bunlar da insanlar tərəfindən narahatlıqla qarşılanmaqda idi və bu, bir yandan da ölkənin təhlükəsizlik sisteminin özünün ziyanına işləməkdəydi. “Gözəgörünməz qüvvə” adlandırılan o adamlar əslində gözə girirdilər. Şübhəsiz ki, bu, mundiri ləkələmək idi. Sizə bəllidir ki, Azərbaycanın müasir dövr qurucusu və banisi Heydər Əliyev təhlükəsizlik sistemindən böyük siyasətə daxil olmuşdu. Bu orqanlar millətin nəzərində, gözündə böyük güvənc mənbəyi idi. Təəssüf ki, dediyimiz o dövr ərzində bu sistemə daxil olan naşı əllər təkcə təhlükəsizliyi yox, eyni zamanda iqtisadi-sosial həyatı da zəhərləmişdilər. Şükür ki, dövlət o yükdən və hökumət içərisində hökumətə çevrilmək istəyən adamlardan xilas oldu.

Ardınca vergi sistemində bütövlükdə cəmiyyət və sahibkarlar üçün obraz dəyişdi. İndi artıq onu qorxu və narahatlıqla qarşılayan insanlardan fərqli olaraq, şəffaflıq, anlaşma, sahibkarın fəaliyyətinə geniş meydan vermə və s. kimi fəaliyyətləri görürük. Sizin dediyiniz məsələnin üçüncüsü və ən mühüm qollarından biri institusional tədbirlər idi. Yanvarın 11-də ölkə rəhbəri qeyd olunan məsələ ilə bağlı çox mühüm mesajlarını vermişdi. O söyləmişdi ki, bir sıra hallarda bəzən fərqinə varmadan hansısa strukturların tərkibində müxtəlif agentliklər, hansısa kiçik komitələr və qurumlar yaradılmasına gedilir, sonra isə şişmiş aparatların şahidi oluruq və belə olan təqdirdə hökumət strukturları daha artıq dərəcədə dövlət büdcəsindən asılı vəziyyətə düşürlər. Bu, rəqabətin qarşısını alır, şəffaflığa mane olur, digər tərəfdən isə həmin sahələrdə fəaliyyət imkanlarını əngəlləyir. Məsələn, mən parlamentdə uzun illər deyirdim ki, hər bir kənddə bir tibb məntəqəsi var. Bizə bəllidir ki, onlar minimum ilk təcili yardım funksiyasını yerinə yetirir. Bunun nə önəmi var ki, onu dövlətin boğazında yük kimi saxlayırsınız? Dünyanın hər yerində bunlar özəlləşməyə açılırlar. Bu funksiyanı da zərurət olduğu təqdirdə, yerli ictimai mənafe naminə kimlərsə həyata keçirir. Hətta siz tələb qoya bilərsiniz ki, bu tibb məntəqələri təyinatı dəyişdirilmədən özəlləşdirilsin və s. Və yaxud da uşaq bağçaları ilə bağlı məsələni dövlət niyə çiyinlərində daşımalıdır?! Bu, özəl sistemdə çox uğurla işləyə biləcək sahədir. Dövlət niyə buna vəsait ayırmalıdır?

Beləliklə, dövlət rəhbəri yanvarda da müəyyən qurumların ləğvinə getmişdi və funksional səlahiyyətləri bir-birinə yaxın olan və paralellik təşkil edən, təkrarlayan qurumların bir qismindən xilas olmuşdu.

Artıq gördüyünüz kimi, iqtisadiyyat, vergi, əmlak sistemi arasında birləşməyə gedildi. Bunun da çox ciddi önəmli iqtisadi səbəbləri var. Burada önəmli odur ki, Azərbaycan mülkiyyətçisinin heç də hamısı torpaq və əmlak üzərində öz hüquqi səlahiyyətlərini sona qədər rəsmiləşdirə bilməyib. Bu, sizə də bəllidir. Media orqanı olaraq, vətəndaşlardan aldığınız müraciətin bir qismi bununla bağlıdır.

İkinci məsələ: dövlətin sərəncamı altından olan müxtəlif dövlət mülkiyyətli obyektlər var. Bu, hansısa zavodlar, müxtəlif təyinatlı idarələr ola bilər. Hesab edirəm ki, təyinat dəqiqləşdirilmələrinə gedilməli və bəziləri icarəyə verilməlidir. Yəni qeyd etdiyimiz kimi, dövlətin nəzarəti altında olan müxtəlif qurumların təyinatı ilə bağlı daha dəqiq hesablanmış qərarlar verilməlidir. Əminəm ki, 51%-in 49%-ə nisbətində olan, nəzarət paketi dövlətin əlində olan qurumlarla bağlı bundan sonrakı dövrdə daha intensiv, daha sürətli, hesablanmış qərarların şahidi olacağıq.

- Bəs struktur dəyişikliyi?

- Dövlət idarəetmə sistemində kadrların sayını artırmaq iş yerlərinin açılması sayılmamalıdır. Bu, düzgün yanaşma ola bilməz. Çünki dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı ilə bağlı kvotalar var. Bu bizdən əvvəl kəşf olunub qurtarıb və biz burada yenilik edə bilməyəcəyik. Necə ki 20 şagirdə bir müəllim düşməsi normaldır, necə ki əhalinin üzərinə düşən tibb bacılarının və həkimlərin sayı ilə bağlı kvota var, eləcə də məmur sayı ilə bağlı çox önəmli düsturlar var. Ölkə rəhbərinin atdığı addımlar hesab edirəm ki, bizim nəzərimizdə dövlət idarəetmə sistemində optimallaşdırma qərarlarıdır, məmur sayının qeyd etdiyiniz ictimai mənafelərə uyğun qurulmasıdır. O biri yandan isə bürokratik sistem məsələsindən danışanda bir çoxu bunları Qərbdəki nümunələrdən çıxış edib deyir. Yəni bürokratik sistemləri heç kim sındırmır, dağıtmır. Bu yanaşmada həqiqət var. Amma nə qədər sayı çox olan hökumət strukturları olacaqsa, o qədər də səlahiyyət istəyəcəklər. Bu da vətəndaşın üzərində əngəlləmələrə səbəb olur. Baxın, vaxtilə lisenziyalaşdırılan sahələr nə qədər idi? Sayı 500-dən çox idi, amma indi bildiyim qədər, 130-dan artıq deyil. Yaxud da taksi xidməti, nəqliyyat sistemində müvafiq nazirlik mövcud idi və onda nə qədər problemlər ortaya çıxır. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin vahid bir qurum kimi yaradılması bir tərəfdən vergi sistemini daha çevik etməyə şərait yaradır.

Bilirsiniz ki, Saakaşvili dövrü Gürcüstanı nümunələrindən Azərbaycan insanı da bir sıra hallarda bəhs edir. Çünki qonşu ölkələrik, tez-tez səfərlər edirik, orada gördüklərini gözlərində və beyinlərində bəzən daşıyıb ölkəmizə gətirirlər, bəzən nəyisə nümunə göstərirlər və yaxud da bizdə nəyisə tərifləyib, onlardan irəlidə olduğumuzu söyləyirlər. Bu məsələdən danışanda mən deyirəm ki, Gürcüstanda iqtisadi nailiyyətlərin banisi, müəllifi Saakaşvili deyil, Kaxa Bendukidze idi. Sözügedən şəxsə həmişə mən simpatiya ilə baxmışdım və onun bütün fəaliyyətini izləmişəm. O deyirdi ki, mən Saakaşviliyə “əgər vergi dərəcələri və sayı azaldılmasa, iqtisadiyyatda durğunluq, tormozlanma yaranacaq” demişdim. Bu həqiqətdir. Qara dövriyyə, ikili mühasibatlıq nə zaman meydana çıxır? Dediyimiz qanunlar effektli işləməyəndə. Cənab Prezident qeyd etdiyimiz insanları qəbul edərkən, konkret olaraq Mikayıl Cabbarovu təyin edərkən vurğuladı ki, artıq kölgədən 100 mindən artıq insanın işləməsi ilə bağlı məsələlər çıxıb, yəni rəsmiləşib, onların əmək müqaviləsi tərtib olunub. Bu o deməkdir ki, artıq onların aldığı rəsmi maaşlar gələcəklərinə, yəni pensiyalarına təsir edəcək. Beləliklə, institusional islahatlar bütövlükdə hökumətin daha optimal çəkiyə malik olmasını meydana çıxaracaq.

Ümumiyyətlə, biz hökumətdən danışırıqsa, deməliyik ki, bu, ölkə rəhbərliyi tərəfindən verilən qərarların, xüsusilə də iqtisadi maliyyə yüklü qərarların yerinə yetirilməsinə məsul bir təchizatdır. Biz artıq ölkə rəhbərliyinin bildirdiyi kimi, yeni hökumətdən danışa bilərik. Birinci növbədə tələb odur ki, artıq biz köhnə hökumətin kölgəsindən çıxmalıyıq. Bəzi məmurlar özlərinin çevrəsində yaratdıqları qurumlarla iqtisadiyyatda iştirak edirlər. Bu, məmur biznesinə rol açır. Bu isə bir tərəfdən qanun pozuntusudur, o biri yandan başqalarının haqsız şəkildə rəqabətdə uduzmasına, onlara qarşı qanunsuz hərəkətlərə səbəb olur.

Üçüncü məsələ ondan ibarətdir ki, hakimiyyətin digər qollarında çalışanlar öz sahələri ilə bağlı fəaliyyət aparırlarsa, iqtisadiyyat bundan tamamilə ayrı fəaliyyət göstərirsə, bu, şübhəsiz ki, yaxşı münasibətlərə səbəb olur, iqtisadiyyat öz qanunları ilə çalışır. Burada artıq kənar və yaxud kobud müdaxilələrə ehtiyac olmur.

Yekun olaraq, qarşıdakı dönəmdə digər strukturların da birləşməsinin və ya paralelliyin ləğvi yönündə dövlət rəhbərliyi tərəfindən verilən qərarları gözləyə bilərik. Bu, ən azı indiki dövrdə prezident tərəfindən atılan addımların məntiqindən doğur və mümkündür ki, baş versin.

- Qarşıdan bələdiyyə seçkisi gəlir. Siz də dəyişikliklərdən bəhs etdiniz. Etiraf edək ki, bu gün ölkədə bələdiyyələr normal vəziyyətdə deyil. İcra hakimiyyətlərinin statusunun azaldılıb, bələdiyyələrin səlahiyyətinin artırılması mümkün ola bilərmi? İcraedici hakimiyyət bunda nə dərəcədə maraqlıdır?

- İcra hakimiyyətləri ilə bağlı səlahiyyət dəyişikliklərinə yaxın zamanda gedilməsi gözlənilmir. Ən azından bu məsələ birinci növbədə müvafiq dövlət strukturlarında müzakirə olunmalı idi və ona bağlı hansısa mərkəzlər, institutlar araşdırma aparmalıydılar. Yalnız o tədqiqatlardan sonra qərar verilə bilər. Doğrudur, bələdiyyə sistemi 1999-cu ilin hadisəsidir. Bu həm də Qərb idarəçiliyində özünə geniş yer ayırmış institutdur. Habelə Azərbaycan Avropa Regional Xartiyasını imzalayıb və müəyyən öhdəliklərimiz var. Lakin başa düşüləndir ki, bələdiyyə sisteminin formalaşmasında böyük təcrübəyə malik ölkələrlə Azərbaycanı müqayisə etmək olmaz. Məsələn, Türkiyədə bələdiyyələr siyasi hakimiyyət məsələsini həll edir. Bələdiyyə sistemində yer tutan partiyalar sonra parlamentdə və prezidentlik uğrunda mübarizədə üstün bir baza, imkanlar qazanırlar. Azərbaycanda bələdiyyə institutu müəyyən qədər siyasi olsa da, orada partiyalar iştirak edir. Amma nəticə etibarilə bu, ölkənin taleyinə o dərəcədə də təsir etmir. Bizdə bu yerli özünüidarə institutu kimi düşünülmüşdü ki, sərt mərkəzləşmə azalsın, demərkəzləşmə getsin, yəni bölgələr daha çox səlahiyyət alsın. Bunda məqsəd həm də o idi ki, yerli demokratiya gücləndirilsin, vətəndaşlar öz idarəçiliklərində, həyatının müəyyənləşməsində və yerli problemlərin həllində iştirak etsinlər. Lakin bunu həyata keçirmək o qədər də asan olmadı. Çünki bütün hallarda yerlərdə hər hansı bir qurum, hər hansı bir təchizat öz səlahiyyətlərini asanlıqla əldən verməyəcək. İkinci tərəfdən bələdiyyə institutu malik olduğu əmlak və ya mülkiyyətlə bağlı dəqiq xəritəyə malik deyil. Hələ də bu, problem olaraq qalır. Üçüncüsü, bələdiyyələr öz maliyyələrini tam formalaşdıra bilmədilər. Maliyyə müstəqilliyi olmadığı üçün bu institut xalqın gözündə bəzən yalnız icra hakimiyyətlərinin tapşırığı ilə torpaq haqlarını verən quruma çevrilmiş oldu.

- Yəni bələdiyyələrin inkişaf etdirilməsi prosesinin bərqərar olması bu qədərmi çətindir?

- Düşünürəm ki, bələdiyyə sistemində çalışan insanların da təhsil bazası, bilikləri, menecment qabiliyyətləri burada mühüm rol oynayacaq. Yoxsa bu gün icra hakimiyyətlərinin səlahiyyətini bələdiyyələrə verməklə bizim avtomatik yerli demokratiyanın pik nöqtəsinə çatacağımız və bununla da camaatın razı qalacağı qənaətinə gəlmək çox yanlış olar. Əksinə, sizə açıq deyim ki, bir sıra hallarda bələdiyyədə təmsil olunan şəxslərin ümumi durumuna baxanda, onların hələ ümumdövlət məsuliyyətini tam şəkildə çiyinlərinə götürməyə hazır olmadıqlarını söylərdim. Hətta bilirsiniz ki, 2014-cü ildə namizədlik üçün ali təhsil məsələsi ortaya qoyuldu. Buna qədər orta təhsillilər də kifayət qədər bu sektorda var idi və bunda qəbahət tutmaq heç düzgün də deyildi. Kimsə deyirdi ki, mən kənddə doğulmuşam, buranın adamıyam, torpağı, izi tanıyıram, amma sonra gördülər ki, məsələ bununla bitmir. Buna görə də bələdiyyəyə münasibət siz dediyiniz kimi ikilidir. Bir tərəfdən əhali, bir tərəfdən də hakimiyyət onlardan narazıdır, bəlkə özləri özlərindən də narazıdır. 2019-cu ilin bələdiyyə seçkisini elə etmək lazımdır ki, islahatlar kursunun ümumi ruhuna uyğun olsun. Bu təbii ki, çox mühüm yanaşma olar. Yəni biz başa düşməliyik ki, bələdiyyə sistemi ayaq tutduqca, onların fəaliyyəti genişləndikcə, bu, Azərbaycan cəmiyyətində bir tərəfdən hökumətin yükünü azaltmış olacaq və bölgələrin rolunu artıracaq. Bilirsiniz, cəmi 2-3 şəhər mərkəzi büdcədən dotasiya almırdı. Sonra onların sayı 9-a çatdırıldı, sonra 14 oldu, indi 33-dür. Yerdə qalanların hamısı neftdən əldə olunan böyük vəsaitlərdən bəhrələnməkdədir. Hər biri özü-özünü dolandırmaq, özü-özünü saxlamaq, inkişaf elətdirmək imkanlarına gəlib çatsalar, nə gözəl olar. Bu, bölgələrə nə qədər investisiya cəlb edə bilməyindən asılıdır. Prezident də dedi ki, icra başçılarının işləməsinə bu amillə qərar veriləcək. Amma bundan ötrü sahibkarlıq mühitini açmaq lazımdır. Nə üçün Prezident Mikayıl Cabbarovu qəbul edərkən vurğuladı ki, bölgələrdə insanların, xüsusilə də sahibkarlıq fəaliyyətinə yönələn insanların bədəninə elə bil zəli kimi çökürlər, qanını sorurlar. Bu yolverilməzdir. Biz istəyirik ki, sahibkarlıq genişlənsin, bu sahədə olan insanlar dövlətin tərəfdaşına çevrilsin. Çünki büdcəni neftli, ya neftsiz dolduran həmin insanlardır. Yəni sən haradasa başından basacaqsansa, fəaliyyətinə mane olacaqsansa, üzərinə qara tapşırıqlar qoyacaqsansa, o, öz müəssisəsini genişləndirmək imkanını itirəcək, büdcə ondan ziyan çəkəcək, işsiz qalan insanlar ya hakimiyyət orqanlarının üzərinə gələcək, ya da paytaxtın mövcud gərginliyini artıracaq. Hazırda paytaxta hər il yüzminlərlə insan bölgələrdən gəlir. Əks proses getməlidir. Kəndə qayıdış, rayonlara dönüş siyasəti üstünlük təşkil etməlidir. Paytaxtın əmək və mənzil bazarı da buna görə yüklənir. Hələ tək orta məktəbi qurtaranlar hər il 120 mindən çoxdur. Onlar 2-3 ildən sonra ailə qururlar və ildə 50-60 min cütlük paytaxtın bu dediyimiz məkanında gərginlik yaradır. Nə qədər yol infrastrukturunu inkişaf etdirsən, nə qədər kirayə ev bazarını dəyişsən də, problemi həll etmək mümkün olmur. Amma kreditləri rayonlarda, kəndlərdə daha çox verib, kiçik və orta sahibkarlığı gücləndirsək, bu, tamam fərqli bir mənzərə yaradar. Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm məsələlərə toxundu. Qeyd etdi ki, o məsələ ümumdaxili məhsulda o qədər də yüksək deyil. Həqiqətən belədir. Baxın, dünyada, məsələn, Cənubi Koreyada bu, büdcədə 48%-ə kimidir. Görün, kiçik sahibkarlıq nə qədər özünü individual bir şəkildə şaxələndirir. Orada çalışan insanların sayı, ödənişlərin miqdarı çəkili bir səviyyədədir. Almaniyada nisbət hətta kiçik və orta sahibkarlığın xeyirinədir. Yəni hamı gedib, “Əpl”da, “Əlibaba”da işləmir.

Azərbaycan bu gün “Əpl” istehsal edəsi deyil, biz “Mersedes” maşınını da yaradası deyilik. Azərbaycan insanının xarakterində min illərdir bizə deyirlər ticarət yollarının üzərində olduğumuzdan, mental olaraq, menecerlik var. Hətta çox yaxşı xatırlayıram ki, devalvasiyadan qabaq Şimali Qafqazın əhalisi gəlib, “Sədərək”dən bazarlıq edirdi. Onlar Azərbaycan insanının qoçaqlığından istifadə edirdi, Afrikadan bu yana gətirdiyi malları buradan alıb Rusiyaya aparırdılar. Devalvasiya rəqəmləri dəyişəndən sonra rusiyalıların bura bazarlıq üçün gəlişi azaldı.

Ancaq biz yalnız ticarət üzərində durmuruq. Bu gün Azərbaycan nə qədər neft ixrac edir-etsin, əməyi, ixtisaslı kadrları, xidməti ixrac etməyənə qədər biz neftə tam alternativ yarada bilməyəcəyik.

- Xidmət dedikdə nəyi nəzərdə tutursunuz?

- Baxın, Azərbaycanda bir-birinin ardınca mühüm tədbirlər həyata keçirilir. Gələn qonaqların böyük bir hissəsi ASAN Xidmət rəhbərliyi ilə görüşür ki, bizə onun modelini verin. Bu o deməkdir ki, Azərbaycan həmin sahəni kənara ixrac edir, aparıb orada onu təsis edir, formalaşdırır. Dünya budur. İnsanlar bir ömür ərzində, məsələn, Cənubi Koreyada 4 dəfə ixtisasını dəyişir ki, əmək bazarının tələbatlarına uyğun olsun. Biz isə 22 yaşımızda bir ixtisas alırıq, diplomumuzu da çox böyük səliqə ilə evimizin ən gözəl yerinə qoyuruq və xalq dili ilə desək, orada onu bəsləyirik ki, bir dəfə ixtisas almışıq, bəs edər. Hələ o diplomu necə almadığımız məsələsi ikinci yerdə dayanır. Elm tutumlu iqtisadi sahələrin yaranması çox vacib bir məsələdir. Hazırda Azərbaycanda hər 10 min nəfərə bir alim düşür. Bu gün Rusiyanı tənqid edirlər, amma bu ölkədə sanksiyalar ucbatından elmlə iqtisadiyyat artıq birləşib. Yəni iqtisadiyyat sifariş edir, elm isə onu tapır. Bizdə universitet sistemi iqtisadiyyatla çulğalaşmalıdır. Hər birimizə bəllidir ki, iqtisadiyyat daim yenilənir. Maşını istehsal edənə qədər onun hissələrini istehsal etsəydik, ondan qat-qat artıq qazanardıq. Ona görə də Azərbaycan cəmiyyətində ən başlıca məsələ iqtisadiyyatı gücləndirməkdir və ölkə rəhbəri buna aydınlıq gətirir. Prezident dedi ki, biz 2003-cü ildən sonra maksimum iqtisadi müstəqilliyə çalışdıq. 1991-ci ildə biz Müstəqillik Aktını qəbul etmişdik, amma bu, formal xarakter daşıyırdı. 1993-2003-cü illərdə Ulu öndər Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni qurdu, xarici əlaqələrini bərpa etdi, kriminal ünsürləri təmizlədi, sabitlik yaratdı, neft ixracı üçün bütün əsasları yaratdı… Bu mənada ölkəni xilas etdi. Lakin iqtisadi müstəqilliyə biz İlham Əliyevin liderliyi dövründə nail olduq. Bunu unutmamalıyıq.

Hazırda isə İlham Əliyev iqtisadi müstəqilliyi gücləndirmək və ölkənin maliyyə imkanlarını genişlədirmək, daimi etmək üçün yeni kurs başladıb. Bu, ən sadə insanların maraqlarına, mənafelərinə uyğun addımlardır, ölkənin yeniləşmə prosesidir. Bu, həmçinin kadr siyasətində yeni dövrdür, yəni baş verənlər yalnız adların dəyişməsi deyil. Mənə görə, İlham Əliyevin həyata keçirdiyi siyasət dövlət və millətin həyatını yeniləyir. Obrazlı şəkildə müqayisə edim: 1999-cu ildə ulu öndər Baş Prokurorluqla bağlı müşavirə keçirmişdi. Heydər Əliyev həmin müşavirədə demişdi ki, prokurorluğun qapı və pəncələrini açın, izn verin, bura yeni nəfəs və yeni hava daxil olsun. Cənab Prezident sonuncu verdiyi mesajlarda da “yeni nəfəs” ifadəsini dilə gətirdi. Buna görə də Azərbaycan cəmiyyəti və Azərbaycan insanı bu proseslərdə dövlət başçısının yanındadır və bunu biz bir tədqiqat mərkəzi olaraq ölçmək üçün insanlarımızın qapısına getmişik. İctimai rəy çox mühüm qüvvədir. Soruşursunuz ki, islahatlar davam edəcəkmi? Bəli. Çünki hələ qarşıda yeni və mühüm vəzifələr dayanmaqdadır.

- Proses 2015-ci ildən başlayıb və 4 ildir islahatlar gedir. Sizcə, indi başladılan prosesi hakimiyyətin təmizlənməsinin son mərhələsi saymaq olarmı?

- Ötən 10 il ərzində həm də İlham Əliyevin lider, prezident kimi xarakteri millətin gözünün qarşısında bütöv açıldı. Heydər Əliyevdən sonra Azərbaycanın birinci şəxsi olmaq həddindən artıq məsuliyyətli və eyni zamanda risklidir. Yeri gəlmişkən, mütləq qeyd etmək istəyirəm ki, XXI əsrdə vəziyyət 90-cı illərdəki qədər təhlükəlidir. XXI əsrin çağırışları daha sərt və ağırdır. Məsələn, danışdığımız günlər Suriyada İŞİD rəhbərinin məhv edilməsi dünya informasiya vasitələrində nömrə birə çevrilib. Məgər kimə sirdir ki, nə qədər ölkələrdən insanlar bu saxta cihad savaşına qoşulub, bu savaş nə qədər dövlətin dağılması üçün zəmin hazırlayıb. O biri yandan, ərəb inqilabları, hakimiyyətlərin kənar müdaxilələr vasitəsi ilə dəyişdirilməsi və s. Buna görə mənim aləmimdə Prezident İlham Əliyev bütün bu illər ərzində hər bir ilin əsas vəzifəsini müəyyənləşdirib, ona doğru addımlar atıb. Bəlkə də kadr məsələsinin birinci yerdə durmamasının ən önəmli sirri ölkənin transmilli layihələri, regional və beynəlxalq aləmə, qovşağa qoşulmasının birinci yerə çıxması idi. Əgər iqtisadi müstəqilliyin, iqtisadi imkanların, büdcə resursların yoxdursa, apardığın islahatların nə effekti var?

Hesab edirəm ki, 2015-ci ildən sonra Azərbaycan liderinə qarşı Qərb ölkələrindən son dərəcə haqsız münasibətlər sərgiləndi. Mən ilk dəfədir bu məsələləri söyləyirəm. Hesab edirəm ki, “Vikiliks”in məxfi diplomatik yazışmalarına baş vuran insanlar görə bilərlər ki, ölkə rəhbəri dəfələrlə Qərb institutlarının rəhbərlərinə, dövlət nümayəndələrinə, ən yüksək səviyyəli diplomatlarına deyir ki, Azərbaycanın Qərbə doğru gedən yolunu qiymətləndirin, buna dəyər verin, siz bununla bağlı məsələlərdə bizi müəyyən qədər müdafiə edin, bu təhlükələrdə bizi tək qoymayın. Cənab Prezidentin dediyi sözlər 2007, 2009, 2013-cü ildə Ukraynanın taleyində özünü qabarıq şəkildə göstərdi. O boyda 46 milyonluq nəhəng ölkəni gətirib 20 faizinin işğalı durumuna çatdırdılar. Həmin o ölkəni geopolitik inqilabın yeminə çevirdilər.

Bir dəfə mən NATO-nun tədbirində olanda bir general demişdi ki, biz Ukraynanı öz tərəfimizə çəkə bilsək, Rusiyaya qarşı çox güclü bir tərəfdaş əldə edəcəyik. Ukraynanı bütöv götürə bilməsək, yarısını götürəcəyik. Mən dedim ki, axı bu vərəq deyil ki, siz onu böləsiniz. Burada ikiyə ayrılan milyonlarla insan taleləri, iqtisadiyyat, siyasət, ölkənin bütövlüyü var. Gördüm, bu məsələ heç bunları düşündürmür.

- Yəni İlham Əliyev kadr dəyişikliyi üçün əvvəlcə ölkənin beynəlxalq təhlükəsizliyini gücləndirməklə məşğul olub...

- Bəli! Prezident İlham Əliyev birinci növbədə bu amili qabartdı ki, Bakı-Ceyhan kəməri işləsin və o, gəlir gətirsin, sonra qaçqınları yerbəyer olsun, şəhid ailəsi ağır fəlakətli durumdan çıxarılsın, I Qarabağ savaşının humanitar fəlakəti ortadan qaldırılsın. Bundan sonra artıq heç şübhəsiz ki, ikinci məsələ önə çıxmağa başladı. Onu da deməliyəm ki, Rusiya ilə delimitasiya xətti, yəni Samur çayı üzərindən bütün sərhəd xəttimizin razılaşdırılması, Qəbələ RLS-lə bağlı məsələlər kifayət qədər strateji məqamlar idi. Bu, çox vurğulanıb, el bayramına çevrilməyib, amma bundan danışmaq lazımdır. Ardınca Türkiyə ilə münasibətlər hərbi müttəfiqlik səviyyəsinə çatdırıldı. Bu nə vaxt, nə zaman oldu?! 2009-cu ildən sonra. Yəni buna qədərki dövrdə Türkiyə bölgəyə hərbi qüvvələrinin gəlməsini risk sayırdı. Həmişə deyirdilər ki, İran və Rusiya buna nə cür reaksiya verəcək. İlham Əliyevin strateji gücü və liderlik bacarığı ona gətirib çıxardı ki, Ərdoğanla 2010-cu ildə Strateji Tərəfdaşlıq Şurasının yaradılması qərarı qəbul olundu. Amma ardınca platforma dəyişdi və qaz sferası ilə bağlı addımlar sürətləndi. Beynəlxalq təhlükəsizliyi qazanandan sonra 2017-ci ilin aprelində neft müqavilələrinin 2050-ci ilə qədər uzadılması ilə bağlı strateji mübarizəni İlham Əliyev qazanan kimi kadr məsələləri ilə bağlı dəyişiklik qərarı geniş miqyas aldı. Sual verə bilərsiniz ki, hər şey bu qədərmi təhlükəli idi? Mən “Bəli” cavabını verərdim.

- …Və yenə də o suala qayıdaq: indi hakimiyyət daxilində təmizlənmə aparılır?

- Açığını desək, insanlar mənafedən ibarətdir. Siyasət mənafeləri idarə etmə elmidir. Tarixdə buna müxtəlif təriflər verirlər. Kimi deyir ki, siyasət mənim üçün mümkün olanları əldə etməkdir, kimi deyir ki, dövləti idarə etmək sənətidir və s. Lakin mənim aləmimdə siyasət maraqları idarəetmə elmidir. Kim onu peşəkarlıqla bacarırsa, dövləti, milləti ayaqda saxlayır. İndi bu gün bir-birinin ardınca həm dövlət idarəetmə sistemində, həm iqtisadiyyatda, həm siyasətdə verilən bu qərarların ardı var. Lakin ən önəmli məsələ odur ki, bunu biz sizin söylədiyiniz kimi təmizləmə və s. kimi adlandırmalı deyilik. İslahat zamanla, yeni çağırışlarla üzə çıxana deyilir.

Bəlkə də bir qədər çox mexaniki və texnoloji müqayisə olacaq. Bu dəqiqə hamımızın həyatında yer alan Ayfon vasitəsilə söhbətimizi apara bilərik. Amma bir və ya iki il sonra bu qurğular yeni sinif, yeni parametrlərlə meydana çıxacaqlar. İnsan həyatı da belədir. Prezident İlham Əliyev bu yola gəlib çatdığı nöqtədə bu komanda üzvlərinə dəyər verir, onları ayrıca qəbul edir. Bu onu göstərir ki, hökumət üzvləri və ya xadimlərlə sağollaşma əl sıxaraq edilir, bunu dövlət ənənəsinə çevirir. Həmçinin yeni insanların gəlişinə də meydan vermək gərəkdir. Əgər bir nazirlikdə kariyera pilləkanı işləmirsə, bir adam 15-20 il şöbədə təlimatçı olaraq qalırsa, deməli, orada sistem nəyisə yaxşı idarə etmir. Ona görə də mənim aləmimdə Prezident İlham Əliyevin Azərbaycanda keçirdiyi tədbirlər bir çox ölkələrdə oxşar görünə bilər, amma bu, tamamilə yenidir və tamamilə Azərbaycan fenomenidir, ən doğru yoldur. Bunun başqa alternativləri təhlükəlidir və qəbuledilməzdir.

- Radikal adlandırdığımız müxalifət bu islahatlar fonunda icazəsiz aksiyalara çıxır. Sizcə, müxalifətin aksiyaları nəyə hesablanıb?

- Bir daha söyləyirik ki, İlham Əliyevin alternativi xaosdur və İlham Əliyev Azərbaycanının əldə etdiyi bütün uğurların üzərindən xətt çəkilməsidir. Hətta bu ölkədə ən narazı adam belə dəyişiklikləri İlham Əliyevin liderliyi altında gözləyir. Bu, çox önəmli məsələdir. “19 oktyabr Ərbəin günüdür”, “İmamların qırx günüdür”, “Hakimiyyət hansısa sərt addım atacaqsa, onu informasiya məkanlarında paylaşacam və 15 əsr əvvəl baş verən döyüşlərlə paralelləşdirəcəyəm”, “Hakimiyyətin ünvanına informasiya aləmində olmazın ittihamlar yağdıracağam” kimi planlar Azərbaycan xalqının taleyini müəyyənləşdirmir. Azərbaycan xalqının həyatı müxalifətin qərarlarından qəti şəkildə asılı deyil və xalqın həyatı “Məhsul” stadionunda müəyyənləşmir. Azərbaycan xalqı, xüsusilə də gənclər İlham Əliyevi özünə lider kimi qəbul edir. Mən Oksforddan, Sarbonnadan, Harvarddan olan tələbələrin gedib hər hansı antihakimiyyət qüvvəsinin yanında lövbər saldığını görmürəm. Yalnız müəyyən qədər sosial incik, hansısa dövrlərdə vəzifədən çıxarılmış məmurlara bağlı olan insanların kiçik dəstəsinin narazılığı var. Bu isə çox normaldır. Protest elektoratı dünyanın hər yerində var və bizdə də olması realdır, amma islahatlara mane olmaq o qüvvələrin gücü daxilində deyil. Ona görə də hesab edirəm ki, son atılan addımlar dövlətin, millətin yenilənməsi, ictimai münasibətlərin, dövlət münasibətlərinin yeni eraya qədəm qoymasıdır.

- Maraqlı bir məqam da var: oktyabrın 7-si axşam Baş nazir Novruz Məmmədovun istefaya göndəriləcəyi xəbəri çıxır, səhərisi gün Məmmədov istefaya göndərilir, Əli Əsədov yerinə gətirilir. Elə həmin gün radikallar 19 oktyabra icazəsiz mitinq təyin edir. Əsədovun təyinatından sonra oktyabrın 15-də Prezident müşavirə təşkil edir və burada komanda daxilində islahat əleyhinə olanları sərt tənqid edir. 19 oktyabr mitinqi baş tutur, az sonra isə Prezident bir neçə nəfəri istefaya göndərir. Üstəlik, bu dövr ərzində mitinqlə bağlı sosial şəbəkələrdə yaradılan ajiotaj vardı. Sizcə, bu baş verənlərdə nəsə qəribə uyğunluq varmı?

- Bu, dövlətin və onun liderinin aldığı qərarlara hansısa müstəvidə müqavimət göstərmək cəhdidir. Bu, ölkə rəhbərinin hansısa müqavimət və maneçiliklərin mövcudluğu, bunun bir çox hallarda informasiya vasitələrinə qədər gedib çıxması barədə sözlərində də əksini tapır. Əminəm ki, ölkə rəhbərinin masası üzərinə bununla bağlı ən müxtəlif raportlar, təhlillər, araşdırmalar qoyulub. Cənab Prezident ölkədəki bütün proseslərə ən yüksək nəzərlərlə, müdrikliklə nəzarət edir.

Digər tərəfdən, qeyd etdiyiniz qüvvələrin hərəkətləri elə mərkəzlər tərəfindən idarə olunur ki, bunu sadə insanların görməsi mümkün olmur. Bu, adətən dünya dövlətlərində sınaqdan keçirilmiş modellərdir. Bu, qətiyyən kimisə hakimiyyətə sahibləndirmək modeli deyil. Azərbaycanda hazırda elə bir qüvvə yoxdur. Təsir agentləri, təzyiq qrupları kimi ifadələr var. Bu o deməkdir ki, Azərbaycandan hansısa bir müqavilədə güzəşt qoparmaq istəyən xarici kompaniyalar dərhal daxili qüvvələri işə salır. İkincisi, Azərbaycanın mövqeyini Rusiya və İrandan qoparıb, Qərbin bir nömrəli “forpost”una çevirmək istəyi zamanı dərhal “demokratiya”, “insan haqları” önə çıxası olur və hansısa şəxslərin sinxron olaraq həbsxanalarda aclıq aksiyası başlayır. Üçüncüsü, aksiyaların sabit ünvanıdır. Əlbəttə ki, “Məhsul” stadionu bütöv müxalifətin gücünü ölçə biləcək məkandır. Ümidvaram ki, bu təmir başa çatacaq və bu yerlər hər kəs üçün açılmış olacaq.

- Əli Kərimli iddia edir ki, xalq onların yanındadır...

- Əli Kərimli aksiyalar zamanı öz evindən çıxanda yanında xalq kütləsi mövcud idimi? Bunların sayı onminlərlə və ya minlərlə idimi? Qətiyyən! Təxminən burada 8-10 nəfər vardı. Mən adla danışmağa məcburam. Bunlardan da biri Tofiq Yaqublu idi. Onun yanındakı bir-iki nəfər qolundan çıxarılandan sonra bu adam təkliyi tam görmüş oldu. Siz təsəvvür edin ki, orada yüz min adam var. Təbii ki, istənilən hakimiyyət bu qüvvələrlə hesablaşardı və deyərdi ki, mənim qüsurlarım var, ona görə də cəmiyyətdən gələn siqnallarla onu düzəltməliyik.

Sizə bunu bir tədqiqat mərkəzinin rəhbəri kimi bütün məsuliyyətimlə deyirəm ki, Əli Kərimli heç bir fiziki zorakılığa məruz qalmayıb. Onun avtobusda döyülməsi, hansısa kabinetə aparılaraq zirzəmi şəraitində döyülməsiylə bağlı dedikləri absurd və cəfəngiyatdır. Əgər o dediyi kimi, özünü Xocalı soyqırımı qurbanları kimi hiss edibsə, o zaman əli, ayağı şikəst, məhv edilmiş insanlarla Əli Kərimlini yanaşı qoyun və görün nə qədər uyğundur.

Xüsusi kamera qurğuları olsa, Əli Kərimlinin mənzərəsini ortaya çıxarmaq olardı. Onun özünün mitinq üçün təyin etdiyi meydandan polis idarəsinə gətirilməsi cəmi 17 dəqiqə vaxt aparıb. Ondan sonra isə onun müayinəsi ilə bağlı addımlar atılıb. Həmin mənzərə, ona verilən tribuna, ekranda tökülən göz yaşları... - bunlar hamısı xüsusi səhnələrdir.

- Siz dəyişikliklər getdiyini deyirsiniz. Sizcə, bizim ictimaiyyət dinc dəyişikliklərdə nə dərəcədə maraqlı və həvəslidir?

- İstənilən milli qüvvə səngər, yaylım atəşləri, virtual məkan, siyasi ekstremizm nümunələri və Taliban təfəkkürü yerinə daha çox islahatçılıqda, daha çox kompromisdə, daha çox münasibətlərin normal qurulmasında maraqlı olmalıdır. Bilirsiniz, ayrı-ayrı adamların başındakı Bağdadi ölüb, amma ümumilikdə bağdadilik yaşayır. Bizdə də bir çoxlarının qafasında dövlət rəhbəri əleyhinə yönələn məlum təhqir seli var ki, bununla dövləti aşındıracağını, dövləti xalqın gözündən salacağını və bunun üzərində də siyasi fəaliyyətini quracağını düşünür. Bu sinxronluq hakimiyyətin öz proqramını yerinə yetirməyə mane olmaq cəhdidir.

İkincisi, bu sabotajlar bəlkə də iqtidardan narazı düşən, özü də böyük pul kütləsinə sahib olan adamların - hansı ki, onlar özlərini qorumaq istəyirlər - qoruyucu zireh əldə etməyə çalışmasıdır. Bu bir sirr deyil ki, dünyada da belədir. Belə ki, hakimiyyətdən ən çirkli kadr kimi vurulan şəxsin müxalifət “reabilitasiya mərkəzinə” çevrilir. Vaxtilə Rəsul Quliyevin timsalında bu işləyib. Adamı spiker olanda amansız ittihamlarla tənqid və təhqir edirdilər. Bu şəxs ABŞ-a gedən kimi bir nömrəli demokratik şəxsə çevrildi. Bu necə ola bilər? Demokratlığın həqiqətən də belə xüsusi bir məktəbimi var?

Mənim aləmimdə Azərbaycan dövlətinin liderinin həyata keçirdiyi tədbirlər bütövlükdə vətəndaşlarımızın maraqlarına cavab verir, həmin qüvvələrinsə fəaliyyəti müəyyən paytaxtların Azərbaycan üzərində qurduqları zəiflətmə planının tərkib hissəsidir. Ən dəhşətlisi odur ki, hələ də ayrı-ayrı partiya rəhbərləri Paşinyanla eyni tutumda, eyni səkidə görünürlər. Bunlar hələ fərqində deyillər ki, Azərbaycan ərazilərinin mühüm bir hissəsini ələ keçirən ölkə ilə paralellər aparırlar. Ancaq mən sizə deyirəm ki, dəyişikliklərin uğurlu olduğu ölkələr də var. Dəyişikliklərin belə bir modeli varmı? Bəli, var. Gürcüstanda Saakaşvilinin gəlişi o ölkənin xeyrinə işlədi. Bunu kim inkar edə bilər ki? Lakin sonra nə baş verdi? İnqilabın ən başlıca məqsədi böyük pul kütləsinə sahib olan şəxsin hakimiyyətdən kənarlaşdırılması idi. Amma 2012-ci ildən bu yana İvanişvilinin kölgəsi Gürcüstanda hökmranlıq edir. Qırğızıstanda da mənzərə buna bənzərdir. Həmin o prosesləri aparanın yeni hakimiyyətlə münasibətləri sizin qarşınızdadır. Ukraynanın da durumu sizə bəllidir: Maydan və böyük ideallar, xalq kütlələri, yanan təkərlər, bütün Kiyevin tüstüyə qərq olunması, ABŞ Dövlət Departamentinin nümayəndəsinin orada gəlib payladığı peçenyelər... Amma ondan qurulan demokratiya bu gün qeyri-siyasət adamının gəlib prezident olması ilə nəticələnib. Bunun üzərində Ermənistanın küçə etirazları vasitəsilə hakimiyyətə gələn şəxsin modelini götürüb tətbiq etmək istəyirlər. 90-cı ildə buna bənzər bir həyatı yaşadıq. Lakin onda Ter–Petrosyanla Əbülfəz Elçibəy eyni vaxtda mübarizəyə başlamışdı. Hər ikisi şərqşünas idi. Lakin təəssüf ki, Petrosyanın hakimiyyəti xalq üçün uğurlu, Elçibəyin hakimiyyəti Azərbaycan üçün fəlakət oldu. “Etatist dövlət modeli” deyilən bir ifadə var. Yəni daim dövlət maraqlarını qorumaq. Ona görə də bu dəyişikliklər dövləti gücləndirir, dövlət-vətəndaş münasibətlərini yeniləyir, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə imkan verir, siyasi ab-havada canlanma yaradır, vətəndaşların dinamizmini doğurur, şəffaflıq yaradır və s. Yəni biz bu cür xarakterli dəyişikliyin yanında olmalıyıq. Azərbaycan insanı da bunu müdafiə edir.

- Əli Kərimli hakimiyyət tərəfindən fiziki zorakılığa məruz qaldığını da iddia edir və deyəsən, ona “inanmaq istəyənlər” də var...

- Bir daha söyləyirəm, tarixi nümunələr var, heç bir güc strukturları, polis orqanları əgər doğurdan da milyonlarla insan narazı olardısa, bunun qarşısını kəsə bilməzdi.

Əli Kərimli Azərbaycan polisinin özünə qəsdindən danışır. Onun üzünün cəmi iki nöqtəsində xəsarətlər vardı. O da onun avtobusa otuzdurularkən göstərdiyi müqavimətə görə iki polislə, belə demək mümkündürsə, əlbəyaxa çəkişməsi nəticəsində olmuşdu. Onun iddia etdiyi kimi, aparılıb hansısa otaqda xüsusi bir zorakılıq göstərilməsi hesabına deyildi. İnanın mənə, əgər həmin şəxsin bədənində xəsarət izləri olsaydı, o özünü indi bütün xalq qarşısında sərgiyə çevirmişdi və bütün informasiya vasitələrini tutmuşdu.

Bu gün Azərbaycan cəmiyyətinin bu dəyişikliklərin dinc variantda getməsinin üzərində istəkləri var. Onu başqa metodlarla aparan qüvvələr Azərbaycanın bircə gün təhlükəsizliyini təmin etməyə qadir deyillər.

- Yəni?

- Həmin adamlar deyir ki, biz hakimiyyətin siyasətini pisləyirik, müsbət heç nə yoxdur. Onların hakimiyyəti neft müqavilələrinin üzərindən xətt çəkmək deməkdir. Neft müqavilələrinin durdurulması Azərbaycan üçün fəlakətdir. Bu, Xəzərin üzərində ikinci Qarabağın yaranmasıdır, bütün transmilli şirkətlərlə və Qərb dövlətləri ilə Azərbaycanı üz-üzə qoymaqdır. Ölkə içərisində qurulmuş böyük investisiya layihələri var, bu, onları məhv etməkdir. Onları Prezident İlham Əliyev qurub. Bu qüvvələr İlham Əliyevin hakimiyyətinin mirasına sahib olmaq istəmirlərsə, sanki Azərbaycanı sıfırlayıb, təzədən onun üzərində nəsə qurmalıdırlar. Heydər Əliyev siyasətini tanımayanlar Azərbaycana sülh, təhlükəsizlik vəd edə bilməz. Bu, milli, etnik zəmində təhlükəsizlik, Azərbaycanın Rusiya və İranla normal münasibətlərini formalaşdıra bilməz.

- İslahatlar çərçivəsində müxalifətlə dialoqun genişləndirilməsinə necə baxırsınız?

- İndi Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi var, amma siyasi münasibətlərdə çox ciddi qarşıdurmalar mövcuddur. Dövlətsə bundan sonrakı dövrdə dialoq proseslərini yenidən gündəmə qaytarmalıdır. O cümlədən, medianın azadlığı üçün tədbirlər genişləndirilməlidir. Efir məkanına insanların daha çox qaytarılması güclü bir şəkildə baş verməlidir. Sosial şəbəkələrdəki aktivlik bəzi hallarda ekranlardakı passivliklərə bağlıdır. Bu, “birləşmiş qablar qanunu”dur. Buranı daha artıq dərəcədə obyektiv dialoqlar, diskussiyaların meydanı kimi tanıyanda, həmin məkanda sosial şəbəkələr siyasi şəbəkə deyil, həqiqətən sosial şəbəkə olur. Amma indi bizdə həmin şəbəkələrdə etirazçıların çoxu özlərini Azadlıq meydanında və yaxud da hansısa meydandakı kimi hiss edir. Sanki virtual məkan ancaq bundan ötrü verilib. Buna görə dövlət bütün bu proseslərin fərqində olaraq, 2019-cu ili Azərbaycan xalqının maraqlarına dayanan ən mühüm addımlarını ifadə etməkdədir.

Məsələn, Müsavat Partiyasının qurultayı keçirildi. Orada nə gördünüz, yeni nə baş verdi? Azərbaycan cəmiyyəti çayxanasında, mərasim evlərində, şadlıq evlərində danışdılarmı partiyanın qərarları onların həyatına nə qədər təsir etdi? Qətiyyən yox. Yəni bir partiya özünü bu şəkildə gətirib bitirirsə, onun günahını kimdəsə axtarmasınlar.

- Sizcə, artıq sabiq olanlardan kiminsə müxalifətdə yer alması və ya hansısa formada ona dəstək verməsi mümkündürmü?

- Konkret olaraq dövlət rəhbərinin qəbul etdiyi şəxslərin hər hansı birinin əqidə, ideoloji, düşüncə, həyat, yaşantı modelində müxalifətlə hər hansı birlik yoxdur və ola da bilməz. Əksinə, Azərbaycan hakimiyyətinin əleyhdarları bir sıra hallarda həmin o qüvvələrə, şəxslərə qarşı daha sərt davranmışdılar. Bu dəqiqdir. Dövlət rəhbəri isə bütöv hakimiyyəti, bu komanda içərisində hər bir şəxsin vahidliyinin, təhlükəsizliyinin və s. qarantıdır. Bu qarantı ölkə rəhbəri verir. Bu dərəcədə nüfuz nə parlament, nə hökumət, nə digər strukturlardakı insanlarda mövcuddur.

İkinci məsələ. Radikal müxalifətin etiraz aksiyaları hansısa narazı məmurlar üçün əlverişli bir platforma olarmı ki, özlərinin yerlərini qoruyub saxlasınlar, toxunulmazlıqlarını təmin etsinlər və ya tamamilə işdən kənarlaşdırılıblarsa, başqa formada özlərinin müdafiəsini təşkil etsinlər? Bunları söyləmək üçün məxfi xidmət orqanlarının məlumatlarına çox ehtiyac duyulur. Parlament üzvü kimi keçmişdəki təcrübəyə dayanaraq deyə bilərəm ki, belə nümunələr də olub. Siyasi müxalifətçilik Azərbaycanda çox amansız şəkil alıb.

Bundan öncə şəhid ailələri ilə bağlı məsələ gündəmdə idi. Müxaliflər 11 min manatlıq sığorta ödənişlərini istismar etdilər. Dövlət bu prosesləri həll edəndən sonra növbəti sosial yük meydana çıxarıldı. Daha çox çalışırlar ki, həmin o tələblərin qarşısında dövlət əzilib qalsın, çıxa bilməsin, vətəndaş qrupları ilə üz-göz olsun və s. Halbuki Prezident 2019-cu ilin bütövlükdə qalibidir və bir nömrəli lideridir. Belə olan təqdirdə Azərbaycan insanı öz taleyini bu illər ərzində konkret kabinetlərdə qarıyan və müxalifətçilikdən təqaüdə gedən adamlara bağlamır!

Bu gün şübhəsiz ki, Azərbaycan yeni və çox mühüm fazaya daxil olduğuna görə regional qüvvələr və beynəlxalq dairələr tərəfindən maraq hədəfindədir. Heç şübhəsiz, daxildən vətəndaş dəstəyi olan Azərbaycan çoxları üçün arzuolunmazdır. Bu, İlham Əliyevi daha güclü və qətiyyətli edir, Qarabağ məsələsini güzəştsiz edir və s. İstənilən lider çalışır ki, komandası güclü olsun, onu irəliyə dartıb apararkən, çəkərkən maneələr yaranmasın. Hansısa bir komanda üzvü rəhbəri geriyə çəkirsə, bunu vətəndaş da, dövlət rəhbəri də görür, hiss edir. Bizim indiki reallığımızda yeniləşməyə ən çox ehtiyacı olan hakimiyyət əleyhdarlarıdır və bir də beyinləri təzələməkdir.

- Hakim partiya insanların səmimi fikirlərini öyrənə bilirmi?

- Sovet dövründə çox yaxşı ənənə var idi. Dövlətin zirvəsində qərarlar qəbul olunanda əmək kollektivləri üzrə aşağıya doğru bütün vəsilələr, iyerarxiyalar üzrə müzakirələr təşkil olunurdu. Bu, çox yaxşı ənənə idi. İnsanlar öz mövqelərini, ideyalarını, fikirlərini, təkliflərini irəli sürə bilsinlər. Bu yığıncaqların anlamı o idi. Və indi bizim buna çox ehtiyacımız var. Bəzən gedib insanlar qarşısında sadəcə monoloq deyirik. Adamlar da bizi dinləyirlər və onların fikirlərini öyrənmədən çıxıb gəlirik. Bunlar səmərə vermir. İnsanların ayağına getmək və onların mövqelərini mütləq almaq lazımdır. Və cənab Prezidentin bu müddət ərzində verdiyi hər bir bəyanatın, hər bir sözün belə mənasını təhlil edib, insanlarla görüşlərdə açmaq lazımdır. Siz onda görəcəksiniz ictimai ruh nə qədər dəyişir, təzələnir.

Siz indi adi bir elementə fikir verin. Sadə vətəndaş bunu çözməyə bilər. Yəni elə bir məkan seçirəm ki, bu sanki strateji yüksəklikdir. Yəni 28 May. Yüz il əvvəlki 28 Mayla assosiasiya yaranacaq. Bu deməkdir ki, biz özümüzü cümhuriyyət davamçıları kimi qələmə verə bilərik. O cümlədən imamların üzərindən onların ruhunu istismar edəcəyik. O cümlədən bir sıra yerlərdə görürsünüz ki, o başıbağlı olan xüsusi dini etiqadlı insanları irəli vermişdilər. Onlardan qoruyucu qalxan kimi istifadə etməkdədirlər. Hətta qadınlara qarşı şiddətlə bağlı “etiraz” niyəsə, birdən-birə məhz həmin aksiyada yadlarına düşmüşdü.

Azərbaycan dövləti Azərbaycan qadınına zorakılığın olmasını istəməyən ən böyük qüvvədir. Bu, başqa necə ola bilər? Prezident İlham Əliyev hər zaman siyasətinin önündə Azərbaycan qadınına ən yüksək ideallarla yanaşmanın əsasını qoyub.

Bilirsiniz, bu icazəsiz aksiyalar Prezident İlham Əliyevi strateji xəttindən çəkindirəsi deyil. İlham Əliyev özü də çıxışında dedi ki, bizə təzyiqlər edilib, ancaq öz yolumuzdan dönməmişik. Bu boyda böyük arsenalı olan, dünyəvi çəkisi olan güclərlə münasibətdə İlham Əliyev öz prinsipal xəttini tanıtdırıb. Bu gün müstəqillik əmsalına görə Qafqazda ən güclü dövlət Azərbaycandır. Belə olan halda daxildə hansısa bir tədbirlər İlham Əliyevi özünün seçdiyi bu hədəflərdən daşındırası deyil.

- Sizcə, YAP-da hansısa dəyişiklik olacaqmı?

- Hakim partiya həm çoxsaylı üzvlərinə, həm də bu illər ərzində dövlətin ən mühüm proseslərdə orada iştirakına görə digər qüvvələrdən fərqlənir. Bununla belə, Prezidentin çağırışlarının hamıya edildiyinin fərqindəyik. Doğrudur, İlham Əliyev partiyaüstü bir şəxsiyyətdir. O, yalnız YAP-ın lideri deyil, yalnız bir partiyaya və yalnız hakimiyyətə məxsus deyil, o yalnız hökumətin rəhbəri deyil, o yalnız ali icra orqanlarının rəhbəri deyil... İlham Əliyevə səs verən insanlar Azərbaycan xalqının böyük hissəsidir. Yəni sonuncu seçkilərin nəticələrinə biz istinad etmiş olsaq, görərik ki, ən demokratik seçkilərin qalibi belə İlham Əliyev olacaq. Bu da hakim partiya içərisində yeni dövrün çağırışları və tələblərinə uyğun olaraq dəyişikliklərə gətirəcək.

İlham Əliyev hakim partiyada da, siravi insanlar sırasında da o xəttə sədaqət göstərən, yəni sadə vətəndaş olan insanların hamısına dəyər verib. Hamısını qaldırıb, hamısını ucaldıb. Heydər Əliyevin bu nümunəsini bir şəxsiyyət xarakteri kimi hamı danışıb. Onun həyatında, onun mübarizəsində iştirak edən hər kəs zərrə qədər xidməti də olsa, ona dəyər verilirdi. Hamı bilir. Bu ki bəllidir. Bu xüsusiyyət İlham Əliyevdə də eynən var. O, bəzən Heydər Əliyevin dili ilə danışır. İlham Əliyev kifayət qədər çevik liderdir. O, elə bir Azərbaycan qurmaq istəyir ki, onun məmləkətinin, onun dövlətinin vətəndaşı gözü orda-burada, başqa ölkələrdə qalmasın, həsrətlə baxmasın və öz müstəqilliyinin yaxşı mənada qədrini bilsin. Ona görə də bütün hakimiyyət qurumları, məhkəmə də, o cümlədən parlament də, partiyalar da İlham Əliyevin verdiyi mesajları dərindən təhlil etməkdədirlər. Onlar müəyyən bir fazanı yaşayırlar. İlham Əliyev sözün həqiqi mənasında sanki hamının taleyinə cavabdehliyi öz üzərinə götürüb və o addımları atır, çağırışı o edir. Əsas mesajları o verir, ideologiyanı o formalaşdırır, informasiya məkanında əsas addımları o atır. Onun üçün yüzlərlə texnoloqlar olsaydı, çox gözəl olardı. Hər gün ekrana çıxıb, onu danışardı. Siz efirə ekspert çıxarmaq üçün çətinlik çəkməzdiniz. Sizin sıralarınızda yüzlərlə, minlərlə siyasi ekspertlər, siyasi jurnalistlər olardı, efir məkanı daha güclü olardı. Baxın, mən sizinlə görüşənə qədər aylar keçdi. Bu nə ilə bağlıdır? Təbii ki, biz izah verəcəyik ki, bu, yeni mərkəzin işinin quruculuğu ilə bağlıdır. Amma siz ölkənin parlament məkanına, digər strukturlarına, alim cameəsinə, din adamlarına, vətəndaş institutlarına, elm adamlarına müraciət edəndə hər birindən minlərlə kadr alıb, danışdırmaq imkanınız olmalıdır ki, ölkənin informasiya həyatını formalaşdıra bilərsiniz. Ona görə də hakim partiya dövlət rəhbərinin çağırışlarını əminəm ki, dərindən dərk edir və buna uyğun fəaliyyətini qurmağa çalışmaqdadır. Amma bu, müstəsna olaraq, onların özəl qərarlarıdır ki, kimləri onlar bir qədər arxa plana keçirəcəklər, gələcək dövr bələdiyyə və parlament seçkilərində kimləri qabağa verəcəklər. Bu təbii ki, partiya olaraq onların işidir.

- Yəni siyasi fəallıq artırılmalıdır...

- Şübhəsiz, hazırkı dövrdə siyasi fəallıqların artırılmasına çox ciddi ehtiyac var. Azərbaycan insanı əgər sizdən-bizdən qopubsa, başqa efirlərə bağlanıbsa, başqa informasiyalarla qidalanırsa, özünü yad məmləkətin vətəndaşı kimi hiss edirsə, 3,3 milyon hissəsi sosial şəbəkədə qərarlaşıbsa, bu, şübhəsiz ki, dövlətin rəsmi təbliğat sistemindən, partiyalarından, vətəndaş institutlarından daha güclü bir şəkildə işləməyi tələb edir. Ona görə də mənə elə gəlir ki, bundan nəticə çıxaran qüvvə bir deyil, iki deyil, hamıdır.

- İndiyə qədər müzakirə edilən məsələlərdən biri də proporsional seçki sisteminə keçiddir. İslahatlar bunu da əhatələyə bilərmi?

- Proporsional sistemi bərqərar etmək üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Bu isə mənim aləmimdə xeyli zaman ala biləcək hadisədir. Həm də zərurət elə gətirib ki, Konstitusiya dəyişiklikləri 7 ildən bir olub. Yəni 95-ci ildən sonra 2002, 2009, 2016. Bu minvalla hesablasaq, 2023-də hansısa addımları gözləmək olar. Ona qədər isə bələdiyyə və parlament yenidən formalaşmış olacaq. Majoritar sistemlə proporsional sistemin özünəməxsus üstünlükləri və qüsurları var. Bu haqda da yetərincə danışmaq mümkündür.

- Prezident Administrasiyasındakı dəyişiklikdən sonra idarəçilikdə hansısa struktur dəyişikliyi gündəmə gələ və PA indiki statusundan daha fərqli formaya keçə bilərmi?

- Şübhəsiz ki, Prezidentin üstün idarəyə malik olduğu ölkələrdə Prezident Administrasiyası dövlətin ən mühüm beynidir. Niyə? Çünki mühüm qərarlar ölkənin birinci şəxsinin əyləşdiyi yerdən verilir və ondan sonra qərarlar paylaşdırılır, məsuliyyətlər qoyulur, sonra cavabdehliklər istənilir, hesabatlar alınır, bütün proseslərə nəzarət olunur. Sizə deyim ki, PA-da çalışan yetərincə güclü, istedadlı insanlar var. Bunlar bir sıra hallarda görünmür. Hətta mən hərdən deyirəm ki, bu narazıların bir çoxuna aşağı mərhələdə vəzifələr tapşırmaq lazımdır ki, onlar başa düşsünlər ki, vətəndaşlarla işləmək, onların ağrılarına qatlaşmaq, evi dağılmış adamın yanında olmaq, qaçqının qolundan tutmaq, şəhid ailəsi ilə birləşmək nə deməkdir? Klaviatura üzərindən hər gün böyük statuslar yazmağa nə var? Müxalifətin ölkədə məsuliyyəti yoxdur. Onlar nəyə qərar verirlər? Bir yeri su basanda böyük çəkmələr geyinib orada insanlara yararlı iş görürlər? Xeyr. Onlar özlərini belə bir sosial, humanitar aksiyalardan kənarda tuturlar. Deyəsən, cəmi bir partiya cəhd etmişdi, təmizləmə işləri görürdü. Çox xeyirxah aksiya idi. Təki onu davam edərdilər. Amma bunu etmirlər.

Bu gün Azərbaycan dövləti çiynində bir istiqamətdə dövlətin ən mühüm təhlükəsizlik tədbirlərini saxlamaqla, ictimai həyatın quruculuğunu və böyük islahatları aparır. Yəni biz Qarabağ problemi olmayan, səngərdə əsgərlərinin hər gün ölümlə üz-üzə dayanmadığı bir şəraitdə, məsələn, Qazaxıstan durumunda olan bir ölkə olsaydıq, nə vardı?

PA Prezidentin tapşırıqlarını, əmrlərini yerinə yetirməkdə, dövlət çevrilişinə cəhdlər dövründə, ondan sonrakı dinc zamanlarda da ölkə üçün mühüm siyasi qərarlar, qanunlar, proqramlar və planları irəli sürməkdə öz sözünü layiqincə dedi. Bu, həqiqətən də belədir. Orada rəhbər şəxsin bütün hakimiyyət qolları arasında tənzimləyici bir rolu üzə çıxır. Əgər kimsə bunu yaxşı bacarırsa, soyuqqanlılığı ilə buradakı maraq toqquşmaqlarına yol vermirsə və insanlar arasında daha çox koordinasiyanı təmin edirsə, işbirliyinə önəm verirsə, hər hansı bir qruplaşma və başqa xarakterli bölücüklərə yol vermirsə, heç şübhəsiz ki, bundan dövlət udur.

Qeyd. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib. Müsahibə bu təyinatdan öncə alınıb.

AzNews.az