Daima xəbərin içində olmaq, tamaşaçılara doğru və qərəzsiz xəbər çatdırmaq böyük məsuliyyət tələb edir Daima xəbərin içində olmaq, tamaşaçılara doğru və qərəzsiz xəbər çatdırmaq böyük məsuliyyət tələb edir

Vəfa Təyyarqızı: “Qazandıqlarımı o 10 illik yola borcluyam”

Daima xəbərin içində olmaq, tamaşaçılara doğru və qərəzsiz xəbər çatdırmaq böyük məsuliyyət tələb edir

Daima xəbərin içində olmaq, tamaşaçılara doğru və qərəzsiz xəbər çatdırmaq böyük məsuliyyət tələb edir. Bu xəbəri tamaşaçıya çatdıran aparıcının təqdim etmək şəklindən də çox şey asılıdır. Məhz bu səbəbdəndir ki, xəbər aparıcıları seçilmişlərdən hesab edilir.

Bugünkü müsahibim ARB 24 kanalında öz xəbər tərzi ilə seçilən aparıcı Vəfa Təyyarqızıdır:

-Sizcə hər efirə çıxan aparıcı hesab edilirmi? Necə ki, bizim sənətdə hər “Press” vəsiqəsi olan jurnalist deyil. Bəs efirdə necə?

-Hər efirə çıxan da təbii ki aparıcı deyil. Əslində aparıcılıq kənardan kiməsə çox asan görünə bilər. Məsələn insanlar düşünür ki, aparıcı yazılmış bəlli bir mətni, xəbəri oxudu və bununla da işi bitdi. Amma belə deyil. Səlis, düzgün, vurğusu yerində olan nitqdən əlavə, aparıcı hər fors major vəziyyətə hazır olmalıdır. Çünki bu texnalogiyadır. Canlı efirdə suflyorda problem yarana bilər və aparıcı verdiyi xəbərdən məlumatlı olmalıdır ki, həmin xəbəri, artıq öz söz bazası, xəbəri mənimsəmə bacarığından istifadə edərək izləyiciyə çatdıra bilsin. Və yaxud efir zamanı səhhətində yarana biləcək hər hansı bir narahatlığı izləyiciyə yansıtmamalıdır. Efirdə olarkən, ətrafda nə baş verərsə versin maksimum dərəcədə soyuqqanlı olmağı bacarmalıdır. Çünki ona milyonlarla insan baxır. Bir sözlə aparıcı böyük məsuliyyət daşıyır, çünki efirdə görünən tərəf odur.

-Bu günün tamaşaçısını aldatmaq asandırmı?

-Bu gün izləyicini aldatmaq əlbəttə ki, mümkün deyil və buna gərək də yoxdur. Hamının smart mobil telefonu var. Onunla birbaşa sosial şəbəkələrə çıxışları mövcuddur. Elə ən birinci baş verən hadisələri məhz oradan öyrənirlər. Düzdür, həmin xəbərlərin nə qədər doğru və yanlış mənbədən olması sual altındadır. Bunu isə jurnalistlər araşdırıb, izləyicinin və ya oxucunun diqqətinə çatdırır.

-Xəbər aparıcısı olmaq hər aparıcının da işi deyil. Yəqin ki bu gün peşəkar aparıcı olmaq üçün çətin proseslərdən keçmisiniz. Ən çox nələri qurban vermisiniz?

- Demək olar ki, 18 yaşımdan xəbərin içindəyəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinin “Kinoşünaslıq” ixtisasını bitirmişəm. Elə təhsil aldığım illərdə əvvəlcə “Mədəniyyət” qəzetində və daha sonra bəzi mətbu orqanlarda zamanla Vəfa Təyyarqızı imzasıyla məqalələrim, müsahibələrim dərc olundu. Universitetdə təcrübə dönəmini ATV telekanalında keçdim və bir müddət burada çalışdım, daha sonra isə “ANS”, “SPACE”, “İNTERAZ” kimi televiziyalarda müxtəlif illərdə müxbir, aparıcı kimi fəaliyyət göstərdim. Və artıq üçüncü ildir ki, ölkənin ilk biznes - xəbər kanali “ARB 24”-də xəbər aparıcısıyam. Düşünürəm ki, bu gün bir xəbər aparıcısı kimi qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam. Təbii ki, bu günə kimi çalışdığım televiziyalar və hazırda fəaliyyət göstərdiyim kanalda da rəhbərliyin göstərdiyi etimadı daim doğrultamağa çalışmışam və çalışıram. Ən çox qurban verdiyim vaxt, zaman olub deyərdim, bu 10 il öncə də belə olub, indi də, amma heç vaxt təəssüf etməmişəm. Çünki sevdiyim işlə məşğulam və bu işin hər pilləsini çətinliklə qazanmışam.

-Efir zamanı hər hansı ekstrimal hal yaşamısınızmı? Və həmin vəziyyətdən necə çıxmısınız?

- Efir zamanı da, efirə 10 dəq qalmış da necə deyərlər başıma iş gəlib. Bir dəfə efirə xəbərlərin 18:00 efirinə, 10 dəq qalmış makiyajimi yeniləmək üçün qrim otağına doğru pilləkanları tələsik düşdüyüm vaxt, anidən ayaqqabım sürüşdü müvazinətimi itirdim. Pilləkanlardan üz üstə yerə yıxıldım, ayağımdan çox ciddi zədə aldım, ağrının şiddətindən gəzə bilmədim. Həmin saata həmkarım Səlminə Ələkbərli çıxaraq xəbərləri təqdim etdi. İki il öncə isə bir dəfə xəbərləri təqdim edərkən qəfil halım pisləşdi. Elə birinci xəbəri oxumuşdum ki, gördüm əllərim, qollarım keyiməyə baslayır, ardınca da nəfəs almam çətinləşdi, heç vaxt belə olmamışdım. Yarım saat efir müddəti olan xəbəri, dərindən nəfəs alaraq, su, dərman içərək (sujetlər arasi)təqdim etdim və bütün bu narahatlıqlarımı izləyiciyə qətiyyən yansıtmadım. Baxmayaraq ki, efirdən çıxıb evə çatar-çatmaz üstümə təcili yardım gəlmişdi. Bəzən texnika donub efir zamanı, xəbəri improvizə edərək çatdırmışam, bəzən studiyada qəfil çox gülməli hadisə baş verib, maksimum ciddi şəkildə xəbəri təqdim etmişəm. İndi hər biri mənim üçün belə danışacağım xoş xatirəyə çevrilib.

-Necə hesab edirsiniz aparıcı üçün səlist danışıq, intellekt, dünya görüşü yoxsa şans daha önəmlidir?

-Əslində sadaladıqlarınızın hamısı əslində önəmlidir. Səlist danışıq,intellekt, dünya görüşü və şans... Amma şansdan daha çox insanın potensialını zamanla ortaya qoymasına və bu yolda qazandığı uğura inanıram. Məncə şans lotereya kimi bir şeydir.

-İstedadına, potensialına bələd olduğunuz peşəkar aparıcını yemək və şou verilişlərində görəndə hansı hissləri yaşayırsınız?

-Öz qərarıdır, seçimidir deyib hörmət edirəm. Ümumiyyətlə peşəkar aparıcı hər cür formatda təqdimatı, bacarmalıdır. Ona görə ümumilikdə pis baxmıram. Amma uzun illər ciddi xəbər sahəsində çalışan, peşəkar aparıcını həmin o verlişlərdə təsəvvür edə bilmirəm.

- Qələbə xəbəri çatdırmaq necə bir hissdir?

-Təsəvvür edin ki, 30 il öncə doğulmusunuz və gözünüzü açandan Qarabağın işğal altında olduğunu öyrənirsiniz, böyüyürsünüz məktəbdə, ali təhsil ocağında, daha sonra jurnalist fəaliyyətində ancaq Qarabağdan danışırsan, işğal tarixlərini hər il ağrılı xəbər kimi təqdim edirsən. Şuşanın, Kəlbəcərin gözəlliyini internetdəki videolardan görüb köks ötürürsən, Ağdamın, Cəbrayılın, Qubadlının vandallığa məruz qaldığını görüb təəssüflənirsən. Və içindəki “tezliklə Qarabağımıza qovuşacağıq” ümidini itirmirsən. Və illər sonra sənə efirdən həmin o xəbəri milyonlara çatdırmaq qismət olur. Məncə o tarixi xəbərləri çatdırmaq hər bir jurnalistin, xüsusilə xəbər aparıcısının fəaliyyətinin ən pik nöqtəsi idi. Düzdür bu xəbərləri çatdırarkən gecə-gündüz çalışdıq, elə olurdu ki, 24 saat gərgin rejimlə çalışırdıq. Amma sizi inandırım ki, qətiyyən yorulmaq bilmirdik. Əslində vətənin igid, mərd oğullarının etdiklərinin qarşısında bizim etdiyimiz dəryada damla idi. Amma biz də arxa cəbhədə əlimizdən gələni edirdik, çünki həm də informasiya müharibəsinin iştirakçısı idik və heç bir halda uduzmaq olmazdı. Bizə bu qələbəni yaşadanlar var olsun. Qazilərimizə acil şəfa diləyir,bu amal uğrunda ən ali məqama ucalan şəhidlərimizə isə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. (moderator.az)

AzNews.az