Millət vəkili: “Brüssel görüşü də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən görüş kimi yadda qaldı” Millət vəkili: “Brüssel görüşü də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən görüş kimi yadda qaldı”

“Ermənistanın Brüssel görüşündən gözləntiləri özünü doğrultmadı” - Arzu Nağıyev

Millət vəkili: “Brüssel görüşü də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən görüş kimi yadda qaldı”

Milli Məclisin deputatı Arzu Nağıyev İlham Əliyevin Brüssel səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Brüssel görüşünün nəticəsi ilə bağlı təəssüratlarınız nələrdir?

- Brüssel görüşü də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən görüş kimi yadda qaldı.

Soçi görüşündən sonra Brüsseldə tərəflər arasında bir neçə məsələnin müzakirəsi aparılıb. Bu istiqamətlər gələcək perspektiv üçün hesablanmış müzakirələr idi. Əsas müzakirə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması və yeni dəhlizlərin yaradılması ilə əlaqədardır.

Ermənistan həm Soçi görüşündə, həm də Brüsseldə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış bəyanat və Ermənistanın dəhlizlə bağlı öhdəliklərini bir sıra məsələləri əks etdirən digər sənədlər də var. Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və delimitasiyası prosesi və birgə komissiyanın yaradılması məsələsi gündəmə gətirilib. Bu məsələyə Brüsseldə bir daha diqqət çəkildi. Azərbaycan qalib ölkə kimi Ermənistana sülh sazişinin imzalanmasını təklif edir. Azərbaycan bu gün regionda sülh və sabitlik istəyir. Düşünürəm ki, Brüsseldən Ermənistanla sərhəd məsələsində razılığa gəlinməsi Ermənistanın öhdəliklərinin bir hissəsidir. Sərhədlərin çəkilməsi və delimitasiyası məsələsi bu gün iki ölkə üçün prioritet məsələdir. Görüşdə də əsas müzakirə sərhədlərin delimitasiya və demarkasiyasi, kommunikasiya xətlərinin açılması ilə bağlı idi. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan qalib tərəf kimi sülhə çağırış edir.Ermənistan bunun fərqində olmalı, revanşist əməllərindən əl çəkməlidir.

- Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub. Görüşdə NATO-nun Baş katibi Azərbaycanın dəyərli tərəfdaşı olduğunu deyib. Azərbaycan-NATO əməkdaşlığı necə dəyərləndirirsiniz?

- NATO ilə Azərbaycanın əlaqələri yeni deyil. 1994-cü ildən NATO ilə ciddi əməkdaşlığımız mövcuddur. Münasibətlərimiz əməkdaşlıq istiqamətində davam edir. Yens Stoltenberq Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdiklərini bildirib. NATO Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini dəfələrlə ifadə edib. Düşünürəm ki, Azərbaycanın NATO ilə güclənən etibarlı əməkdaşlıq əlaqələri vardır.

- Ermənistanın Brüssel görüşündən böyük gözləntiləri olduğunu nəzərə alaraq, Ermənistan üçün görüşün nəticəsini necə qiymətləndirmək olar?

- Görüşdən əvvəl Ermənistan düşünürdü ki, Soçidən fərqli olaraq Brüsseldə hansısa üstünlük əldə edə bilər. Çünki Rusiya və Qərb arasında fikir ayrılıqları mövcuddur.Məhz buna görə də gözləntilər fərqli idi. Görüşdən əvvəl N.Paşinyan bəyan etmişdir ki, dəhlizin açılmasından söhbət gedə bilməz. Açılsa belə gömrük və sərhəd nəzarəti olmalıdır. Lakin bunun əksinə danışıqlar aparıldı. Ermənistan gözlədiyi dəstəyi əldə edə bilmədi. Ermənistanın Brüssel görüşündən gözləntiləri özünü doğrultmadı.

- Brüssel görüşündə əsas məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin bununla bağlı bəyanatındakı mühüm məqamlar nələr idi?

- Prezident də bildirdi ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Təbii ki, bu ermənilərin xeyirinə olmayacadır. Dəhlizin açılması tək Azərbaycan-Ermənistan məsələsi deyil. Bu dəhliz şimal və cənub, həmçinin də şərq və qərb istiqamətində ən mühüm kommunikasiya xəttidir. Ermənistan dərk etməlidir ki, dəhlizin açılması onun iqtisadi blokadan xilas edə bilər. Eyni zamanda Zəngəzur dəhlizinin açılması sülhə nail olmağın əsas yoludur.

Şəbnəm Zahir