Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz etiraz aksiyalarına başlayıb Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz etiraz aksiyalarına başlayıb

Tofiq Zülfüqarov: “Azərbaycan beş tankla Xankəndi ətrafında post qursa...”

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz etiraz aksiyalarına başlayıb

Onlar hökumət başçısını Ermənistanın maraqlarını və Qarabağı Azərbaycana satmaqda ittiham edirlər. Hətta Brsüssel görüşündən sonra Azərbaycanla Ermənistan arasında başlanmış sülh prosesini pozmaq üçün Paşinyana sui-qəsd də edilə bilər. Bu prosesin arxasında isə Rusiyanın dayandığı bildirilir. Ona görə də Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində N.Paşinyanın aprelin 19-da Rusiyaya rəsmi səfərində aparacağı danışıqların nəticəsi mühüm rol oyanaya bilər.

Mövcud vəziyyəti təhlil etmək və hadisələrin gələcək inkişafına proqnaşladırmaq üçün “Cümhuriyət”in suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

-Hazırda diqqət daha çox Nikol Paşinyanın Moskvaya gözlənilən səfərinə yönəlib. Rusiyanın son vaxtlar Azərbaycan və Ermənistan arasında əldə olunan sülh prosesini pozmaq üçün Paşinyana təzyiq göstərəcəyinə dair proqnozlar səslənir. Hətta Rusiyanın bu məqsədlə bütün vasitələrə əl atacağı ehtimal edilir. Rusiya səfərindən sonra Azərbaycan və Ermənistan arasında sülh imkanları pozulacaq, yoxsa Paşinyan özündə iradə tapıb bu prosesi həyata keçirə biləcək?

-Mən bu deyilənlərdən fərqli düşünürəm. Hesab edirəm ki, hər hansı üçüncü tərəf-yəni həm Rusiya, həm də Qərb öz strateji məqsədləri üçün bu münaqişənin davamını istəyirlər. Çünki münaqişənin qalması onlara bölgəyə təsir imkanı yaradır. Əslində, sülh prosesi imitasiya xarakteri daşıyır. Ermənistan Qarabağ məsələsini yeni şəraitdə davam etdirmək siyasətindən sülh prosesində istifadə etmək istəyir. Azərbaycanın istəyir ki, Ermənistan bizim daxili işlərimizə qarışmasın. Yəni bu, həm ərazi iddialarına, həm də erməni əhalidən öz məqsədləri üçün istifadə siyasətinə aiddir. İndi Ermənistan taktikanı dəyişməklə məşğuldur. Ermənistan bir ölkə kimi Azərbaycana qarşı hər hansı ərazi iddiasının olmadığını göstərmək istəyir. Amma Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və siyasi gələcəyinin təminatçısı kimi bu prosesdə iştirak etmək istəyir. Yəni əvvəlki mövqeyini yeni formada davam etdirir. Onlar təhlükəsizlik adı altında Azərbaycan ərazisinin bir hissəsində öz qoşunlarını saxlayır. Siyasi gələcək deyərkən, onlar “insan hüquqları” məsələsini qaldırırlar. Mən əminəm ki, ikinci mərhələdə bu mövzu millətlərin öz müqəddaratını həll etmə prinsipi ilə əvəz ediləcək. Bu baxımdan, vəziyyət məlumdur.

Digər tərəfdən, Azərbaycan Ermənistana təzyiq edir. Rəsmi Bakı bildirir ki, Ermənistan Azərbaycan ərazisində bizim daxili işlərimizə müdaxilə etməyə son qoymalısınız. Əks təqdirdə, Azərbaycanın Zəngəzur qaytarılması və tarixi ədalətin bərpa olunması prosesinə start vermək hüququ var. Ona görə də hazırda baş verənlərə aldanmaq lazım deyil. Sülh prosesi mümkün deyil. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Sadəcə, bunun üstünü malalamaq istəyir. Biz Ermənistanın sülh istəyi barədə deyilənlərə inanmalıyıq. Bu prosesdə Avropa İttifaqının, yaxud Rusiyanın qabağa çıxması, geri çəkilməsi ikinci dərəcəli mövzudur.

-Ermənistan imitasiya edirsə, o halda, belə qənaət yaranır ki, aprelin sonundea xarici işlər nazirlərinin görüşü və Birgə Sülh Komissiyasının yaradılması da baş tutmayacaq...
-Biz danışıqların guya iki istiqamətdə bərpa olunacağını görürük. Söhbət sərhədlərin delimitasiyası və demarkasiyasından, həmçinin sülh sazişinə aid müzakirələrdən gedir. Delimitasiya və demarkasiya texniki məsələdir. Çünki onun əsasını ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması və suverenliyinəı hörmət etməsi prinsipləri dayanır. Bu, sülh sazişində əks olunur. Ancaq bu istiqamətdə hər hansı irəliləyişin olmadığını görürük. Yəni Ermənistan tərəfi danışıqların aparıldığı barədə görüntü yaratmağa cəhd edir. Çünki Ermənistan əsas məsələdə öz siyasətini dəyişmək istəmir. Ona görə də Azərbaycan öz mövqelərini müdafiə etmək üçün hücuma keçməlidir və Zəngəzur məsələsini qaldırmalıdır. Bu məntiqdir. Onun Brüsseldə, yoxsa Moskvada ortaya çıxmasının fərqi yoxdur.

-Amma Paşinyan parlamentdəki çıxışı zamanı bildirdi ki, Qarabağı Azərbaycana qaytarmasaq, beynəlxalq güclər onu hissə-hissə alıb Azərbaycana verəcək. Hətta o, bu məsələdə beynəlxalq təzyiqlərlə üzləşdiyini dedi. Paşinyanın bu açılaması onun sülhə razılıq verməsi kimi şrəh edildi və Ermənistan cəmiyyətində narazılıqla qarşılandı. Ancaq siz hesab edirsiniz ki, Paşinyan sülhə hazır deyil?

-Xeyr. Paşinyan taktiki manevr edir. O, mövzunu iki yerə bölmək istəyir. Onun birinci məqsədi Ermənistanı rəsmi şəkildə bu prosesdən kənarda tutmaqdır. Amma qeyri-rəsmi şəkildə Qarabağın gələcək taleyi ilə bağlı proseslərdə iştirak etmək istəyir. Paşinyan Qarabağdan qoşunlarını çıxartmaq niyyətində olduğunu bəyan edibmi? Xeyr. O, müdaxiləni dayandırmaq və Ermənistanın Qarabağdakı ermənilərə 300 milyon dollar dəyərində yardım proqramını ləğv edəcəyini deyimi? Xeyr, deməyib. Bu baxımdan, Ermənistan hökuməti görüntü yaradır. Paşinyan Azərbaycana demək istəyir ki, bizim Qarabağ problemimiz yoxdur, gedin ruslarla həll edin. Yəni sizin probleminiz Rusiya ilədir.

- Əgər Paşinyan ikibaşlı addım atırsa, ona Moskvada təzyiqlərin olacağı barədə deyilənlər də real deyil?

- Əlbəttə, təzyiq olmayacaq. Onlar yaxşı başa düşürlər ki, Rusiya heç bir halda münaqişəyə müdaxilə etməyəcək. Bunu Azərbaycan da bilir. Məsələn, əgər Azərbaycan Ordusu beş tankla irəliləyib Xankəndinin ətrafında post qursa, sülhməramlılar müdaxilə etməyəcək. Siyasi etirazlar olacaq, amma Azərbaycana heç bir hərbi təzyiq göstərilməyəcək. Əsas söhbət ondan gedir ki, Ermənistan Qarabağdakı 12-13 min nəfərlik ordu qalıqlarını və “könüllü” adlandırılan silahlı dəstələri oradan çıxartmaq istəyir, yoxsa yox? Əgər ermənilərin təhlükəsizliyini sülhməramlılar təmin edirsə, o halda qoşunların orada qalmasına nə ehtiyac var? Bu suallara cavab verməmək üçün ortaya müxtəlif proseslər atılır. Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü 30 il bundan qabaq tanımışıq. Amma sual olunur ki, sən Azərbaycanın ərazi bütövlüyünə hörmət etmisən? Əksinə, Azərbaycana hərbi təcavüz etmisən, işğal etdiyin ərazilərdə etnik təmizləmə aparmısan. Üstəlik, müharibədəki məğlubiyyətdən sonra yenə də öz qoşunlarını Azərbaycan ərazisində saxlamağa çalışırsan. Belə sülh prosesi olar?

-Ancaq Paşinyan Azərbaycanın təklif etdiyi beş bənddən ibarət sülh prinsiplərini qəbul etdiyini deyib. Bu, yetərli deyilmi?

-Yox, Paşinyan diplomatik dildə “qəbul edirəm” deyir. Amma... Hər şey elə bu “amma”dan sonra başlayacaq. Deyəcək ki, mənim Ermənistan olaraq Azərbaycana qarşı ərazi iddiam yoxdur. Sən get Araiklə danış. Sonra da deyəcək ki, mən bu prosesi təmin etmək üçün orada qoşunlarımı saxlayıram. Proses qurtarana qədər Ermənistan qoşunları orada qalacaq.
-Bu manevrlərin qarşısında Azərbaycan hansı addımları atmalıdır?

-Azərbaycan “oyun”a imitasiya şəklində qoşulmalıdır. Amma təzyiqi Zəngəzurda davam etdirməlidir.

- Azərbaycan Brüsseldəki razılaşmalardan imtina etməlidir?

-Orada ciddi bir raşılaşma olmayıb. Əgər söhbət Birgə Sərhəd Komissiyasının yaradılmasından gedirsə, yaradaq. Delimitasiya və demarkasiya prosesi Gürcüstanla 27 ildir davam edir. Hələ də nəticə yoxdur. Ona görə də bu komissiyanın yaradılması Ermənistanla sərhəd probleminin həlli və ya sülhün əldə olunması demək deyil. O ki qaldı sülh sazişinə, Ermənistan prinsipləri qəbul edib. Amma... Bayaq dediyim kimi, bütün niyyətini bu “amma”dan sonra deyəcək.

-Ermənistanda müxalifət Paşinyanın istefası tələbi ilə müddətsiz aksiyalara başlayıb. Bu etirazların Rusiya tərəfindən təşkil olunduğu və sülh prosesini pozmaq məqsədini daşıdığı bildirilir...

-Sülh prosesi yoxdur axı. Ermənistan müxalifətinin aksiyaları siyasi oyundur. Bu, birinci dəfə deyil ki, baş verir. Əslində, Ermənistana təzyiqləri Azərbaycan ictimaiyyəti etməlidir. Biz deməliyik ki, Zəngəzur nə oldu? 10 noyabr razılaşmasının yerinə yetirilməsini bir xalq olaraq biz tələb etməliyik. Soruşmalıyıq ki, Ermənistan qoşunları Azərbaycan ərazisindən niyə çıxmır?

- Paşinyanın səfəri zamanı rəsmi Moskva yeni bir təklifin irəli sürüləcəyi, yaxud yeni bir sənədin imzalanacağını gözlənilirmi?

-Moskvanın vaxtı olsa, nə isə deyəcəyi istisna olunmur. Amma Rusiyanın indi vaxtı yoxdur. Ermənistan başa düşür ki, Rusiya bu bölgədən əl çəkib çıxıb gedəcək. Yəni boşluğun yarandığı bir vaxtda Ermənistan danışıqlar aparmaqla Azərbaycan və Türkiyənin başını qatmağa, ümidlər yaratmağa çalışır. Məqsəd Rusiya gedəndən sonra Qərb regiona gələnə qədər vaxt qazanmaqdır.

-Minsk qrupunun dağılmasından sonra həmsədrlər fərdi vasitəçiliyə üstünlük verir. Rusiya, ABŞ və Fransa öz Minsk qrupundakı təmsilçisinə Xarici İşlər Nazirliyinin xüsusi nümayəndə statusunu verib. Fərdi qaydada həyata keçiriləcək bu vasitəçilik həqiqətən sülhün əldə edilməsinə xidmət edir, yoxsa başqa məqsəd var?

-Əvvəla, prosesin tənzimlənməsində boşluq yoxdur. Bölgədə Rusiya-Türkiyə formatı var. Sülhmərasmlı əməliyyatda da bu təsbit olunub. Danışıqlar da bu format çərçivəsində keçirilir. Yeni formata ehtiyac yoxdur. Əlbəttə, Rusiya zəifləyir və bəlkə də praktiki olaraq, fəaliyyəti azalacaq. Əvəzində Türkiyə var. Biz nəyə görə Fransanı gözləməliyik? Onlar yeni formatı təşkil edə bilməz. Çünki onlara vasitəçilik üçün müraciət edən olmayıb. Həmsədr ölkələr özü üçün Xarici İşlər Nazirliyində kiməsə xüsusi səlahiyyəhli vəzifə veribsə, bu, onun daxili işidir. Minsk qrupu dağılıb. Azərbaycan vasitəçilik missiyasının Rusiya və Türkiyə tərəfindən həyata keçirilməsinə razılıq verib. Bölgəni tərk etməkdə olan Rusiyanı da Türkiyə əvəz etməlidir.

- Sizcə, Moskva görüşündə Putin Paşinyandan Brüssel razılaşmasından və Qərbin vasitəçiliyindən imtina etmək şərtləri qoyacaq?

-Bu, onların öz işidir. Biz məsələyə bir məntiqlə yanaşmalıyıq. Oyunu güclü tərəflə deyil, getdikcə zəifləyən oyunçu ilə aparmaq Azərbaycana daha sərfəlidir. Ona görə də Rusiya indiki mərhələdə daha vacib tərəfdaşdır. Xüsusilə də onun yanında Türkiyə var. Türkiyə de-fakto həmsədrdir. O zaman biz Qərbdə nə axtarırıq? Brüsseldə nə isə axtaran Ermənistandır. Biz Türkiyəyə deməliyik ki, indi boşluq yaranıb və gəl, fəal ol. Danışıqlarda Brüssel yox, Ankara fəallıq göstərməlidir. Biz özümüzə əlverişli format axtarmalıyıq.

-Azərbaycan və Ermənistan arasında danışıqların birbaşa, yəni Rusiyanın və ya Qərbin vasitəçiliyi olmadan keçirilməsi ən əlverişli format deyilmi? Artıq Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri telefonla danışıb...

-Xeyr. Qoy, bunu təbliğ edən Ermənistan olsun ki, zərbə ona dəysin. Biz isə deməliyik ki, növbəti görüşü Ankarada keçirək. Azərbaycan Brüssel formatına ciddi baxmır. Çünki onun təşəbbüskarı ABŞ deyil, Makrondur. Fransa və ABŞ arasında ziddiyyətlər var. ABŞ-la Avropa Birliyi arasında da rəqabət mövcuddur. Sadəcə olaraq, Paşinyan zəif oyunçuya qoşulmaqla Rusiyadan zərbə ala bilər. Güclü vasitəçi axtarmaq indi bizim ziyanımızadır. Rusiya-Türkiyə formatı ən əlverişli formatdır.