Musa Ağayev: “Əgər o doğrudan da sülhə hazırdırsa, öhdəliklərə əməl etməlidir” Musa Ağayev: “Əgər o doğrudan da sülhə hazırdırsa, öhdəliklərə əməl etməlidir”

“Paşinyanın ikili oyunu sonda pis nəticələr verə bilər” - Partiya sədri

Musa Ağayev: “Əgər o doğrudan da sülhə hazırdırsa, öhdəliklərə əməl etməlidir”

Yeni Zaman Partiyasının sədri Musa Ağayev AzNews.az analitik-inforamsiya portalının suallarını cavablandırıb.

- Musa bəy , öncə Yeni Zaman Partiyasının hazırkı fəaliyyətindən danışaq:

- Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub. Həmin il avqustun 5-də sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim eləmişdik. Ancaq təəssüf ki, illərlə bizi qeydiyyata almadılar.

Yeni Zaman Partiyası hazırda əsasən təkşilatlanma məsələləri ilə məşğuldur. Həmçinin ölkənin ictimai-siyasi vəziyyəti və dünyada gedən prosesləri analiz edilir. Partiyanın əsas hədəfləri qeyd etdiyim kimi, təşkilatlanma, mövcud proqramımızın təkmilləşdirilməsi ibarətdir. Hədəflərimiz ölkədə demokratiyanın inkişafına töhfə vermək, ölkədə iqtidar-müxalifət dialoqunu dəstəkləməkdir.

- Siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Biz hər zaman qeyd etmişik ki, ölkədəki bütün partiyalarla, demokratik qüvvələrlə əməkdaşlığa hazırıq. Demək olar ki, ölkədəki bütün partiyalarla həm ümumi məsələlərdə, həm də ayrı-ayrılıqda əlaqələrimiz olur. Azərbaycanın ümumi mənafeyinə xidmət edən məsələlərdə hər zaman bir yerdəyik. Ancaq partiyanın özünün maraqları və öz mövqeyi var. Bu maraqların üst-üstə düşdüyü yerdə birgə fəaliyyətə hər zaman hazırıq. Bizim ideologiyamız azərbaycançılıq ideologiyasıdır. Bizim üçün partiya münasibətlərindən də üstün olan azərbaycançılıq önəmli yer tutur. Bu yöndə olan bütün partiya və təşkilatlarla əməkdaşlığa hazırıq.

- Bəs, iqtidar-müxalifət arasındakı dialoq haqqında nələr düşünürsünüz?

- İstər partiyalar arasında, istərsə də iqtidar-müxalifət arasında dialoqun tərəfindəyik. Ancaq dialoqun ümumi nəticələri olmalıdır. Ümumi nəticələr ölkənin maraqlarına xidmət etməlidir. Burda tək iqtidarın və müxalifətin xeyrinə deyil , yaxud da kimlərinsə, cılız maraqların xidmət olunmamalıdır. Deməzdim ki, ümumi fəaliyyətdə və 44 günlük müharibədən başqa hər hansı irəliləyişlər var. Biz bu irəliləyişlərin olması üçün siyasi-iqtisadi islahatların tərəfdarıyıq.

- Ermənsitanda 3-cü həftədir ki, hakimiyyət əleyhinə etirazlar davam edir. Sizcə, bu aksiyalar iqtidarın siyasi kursuna təsir edəcəkmi?

- Azərbaycanla sülh prosesini əngəlləməyə çalışan revanşistlər yalnız Ermənistan daxilində aksiyalar keçirməklə kifayətlənmir, həmçinin Azərbaycanla sərhəddə müxtəlif təxribatlar törədirlər. Məlumdur ki, Ermənistanda revanşits qüvvələr var. Ancaq bu etirazlara Paşinyanın oyunlarının təsiri də var. Paşinyan fərqində olmalıdır ki, onun ikili oyun sonda pis nəticələr verə bilər. Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bildirib. Ancaq baş verən digər proseslərdə buna əməl olunmadığı aydın görünür. Bu baxımdan onun sülhlə bağlı səsləndirdiyi açıqlamalara sona kimi inanmaq olmaz. Əgər o doğrudan da Azərbaycanla sülhə hazır olduğunu bəyan etmək niyyətindədirsə, öncə öhdəliklərə əməl etməlidir. Əks halda bu ikibaşlı siyasət Paşinyan üçün ağır nəticələrə gətirib çıxaracaq.

- Bu fonda sülh danışıqlarından gözləntiniz nədir?

- Dünyada böyük proseslər gedir. Ukrayna vasitəsi ilə Qərb- Rusiya gərginliyi getdikcə artır. Ona görə bu gün üçün sülh sazişinin imzalanması gözlənilən deyil. Bu dünyada gedən proseslərdən asılı olacaq. Azərbaycan bölgəyə sülhün gəlməsində maraqlıdır. Öz təkliflərinin təqdim edib. Hesab edirəm ki, bu ermənilərin də xeyrinədir. Sadəcə olaraq, ermənilər məğlubiyyətləri ilə barışmaq istəmirlər. Son baş verənlərdən aydın olur ki, ermənilər sülhə hazır deyillər.

Şəbnəm Zahir