- Müsahibə
- 27 Fevral 2023 16:39
- 26 858
"Separatçı rejim qaldıqca, ermənilər azad və firəvan yaşaya bilməyəcəklər" - Günel Səfərova ilə müsahibə

AzNews.az analitik-informasiya portalının suallarını tanınmış ictimai xadim, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova cavablandırır:
- Xanım Səfərova, Xankəndidə qalan separatçı rejimin qalıqları Ruben Vardanyandan imtina etdi. Həm Azərbaycan, həm də erməni mediasında fikir bundan ibarətdir ki, Vardanyanın “istefa"ya göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu qətiyyətli mövqeyin təzahürüdür. Bununla bağlı Siz nə deyə bilərsiniz?
- Əslində, hər kəsə məlum idi ki, Ruben Vardanyan Qafqazda sülhün bərqərar olmasını istəməyən, eyni zamanda burada konfliktlərin davam etməsini arzulayan və Üçtərəfli Bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışan Kremldəki qüvvələr tərəfindən hazırlanmış layihənin personası idi. Eyni zamanda Qarabağda yerləşən separatçı rejimin çox uğursuz planı idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kifayət qədər korrupsiya əməllərində adı hallanan, Qarabağ üçün yad bir, yalançı oliqarx donu geyindirilmiş bir insanın siyasi əhəmiyyətli dialoqda, icmalar arası münasibətlərdə iştirakı və Qarabağda yaşayan erməni icmasının həyatı ilə bağlı qərar verməsi nə dərəcədə düzgün idi? Düzgün olmadığına görə də cənab Prezident bu məsələdə öz mövqeyini qətiyyətlə göstərdi. Biz Münhen görüşəndə də, oradakı danışıqlarda da, müzakirələrdə də bunu aydın şəkildə gördük. Eyni zamanda İlham Əliyevin tutduğu "Mən bu tipli insanla danışığa getməyəcəyəm" mövqeyi həm də Avropanın bu konfliktin həlli ilə bağlı əsas qərarverici tərəfin Azərbaycan olduğunu anlamasına səbəb oldu. Təhlükəsizlik məsələlərinə təminat verən ölkə yalnız Azərbaycandır. Aydındır ki, Azərbaycan ərazisində yaşayan erməni icmasının təhlükəsizliyinə və onlarla birgə yaşamaq məsələsinə də Azərbaycan qərar verir. Çünki onlar bizim faktiki vətəndaşlarımız sayılır.
- Prezident İlham Əliyev Münhendə bildirdi ki, biz Qarabağda anadan olmuş ermənilərlə ünsiyyət qurmağa, onlarla danışmağa hazırıq. Bu, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinin başlanğıcıdırmı?
- Reinteqrasiya prosesi anidən, qəfil baş verən proses deyil. Biz bunu bilirik. Qafqazda Qarabağ konfliktinin çox spesfik tərəfləri var. Azərbaycan ərazisi otuz il işğal altında qalmışdı. Bizim ərazimizdə formalaşan, yaşayan erməni icmaları var. Bəli, biz Azərbaycan olaraq düşünürük ki, o insanlar həm də bizim vətəndaşlar sayılır. Sadəcə məsələ ondan ibarətdir ki, reinteqrasiya mənim fikrimcə çox sürətli və tezliklə baş verən proses olmayacaq. Əvvəl-axır reinteqrasiya prosesinə gediləcək, birgəyaşayışın bir formatı tapılacaq. Amma reinteqrasiya məsələsinə biz konfliktin tarixini, hazırdaki vəziyyətini, bu acıların keçməsini və eyni zamanda, azərbaycanlıların geri dönüş planı da təsir edəcəkdir. Müharibədən sonrakı dövrdə də vurğulamışdım ki, Ermənistanda böyük susqun topluluq var və bu topluluq Azərbaycanla, Türkiyə ilə münasibətlərin düzgün tənzimlənməsinin tərəfdarlarıdır. Ancaq bunları səsləndirməkdən çəkinirlər. Çünki Ruben Vardanyan getsə də, hazırda Qarabağda Araik Arutunyan və ətrafında çoxlu separatçı qüvvələr var ki, Qarabağda yüz iyirmi min erməni yaşadığını iddia edirlər. Bu say mümkün deyil. Dünya da bunu anlayır. Orada 20-30 min əhali varsa, separatçı qüvvələr onlardan istifadə edir. Məncə, reinteqrasiya prosesi ilk növbədə bizim ərazimizdə yaşayan ermənilərin özlərinə hava, su kimi lazımdır.
- Vardanyan öz çıxışında zahirən Araik Arutunyanı tərifləsə də, əslində ona sətiraltı mesajlar verdi. Bu mesajlardan biri də budur ki, guya Araik Arutunyan ona verdiyi sözlərə əməl etməyib. Xankəndi separatçıları arasında ümumiyyətlə çox dərin ziddiyyətlər görünür. Bu ziddiyətlər necə şərh edilə bilər?
- Əslində, Araik Arutunyanla Ruben Vardanyan Vardanyan bir müddət rəqib kimi görünürdü. Aralarındakı münasibətdə rəqiblik formatı var idi. Çünki Ruben Vardanyanın Qarabağda separatçı rejimin başına gətirilməsi planlaşdırılırdı. Sonradan Ermənistan cəmiyyətinə sırınacaqdı. Bunu Paşinyan da anlayırdı. Əslində Ruben Vardanyanın rəqiblərindən biri Paşinyan idi, çünki plan tamamilə başqa idi. Bütün planları Azərbaycan Respublikası Prezidentinin qətiyyəti pozdu. Biz bunu öz maraqlarımız üçün etdik. Araik Arutunyan Ruben Vardanyanın getməsinə təbii olaraq sevinir. Çünki o yenə də həmin separatçı rejimdə alternativsiz bir vəziyyətdədir.
- Qarabağ erməniləri arasındakı ziddiyyələr reinteqrasiya prosesinə necə təsir edəcək? Onların bir cinahı bizimlə ünsiyyətə meyl etdiyi təqdirdə, digərləri əks mövqe tutmayacaqlarmı?
- Reinteqrasiya prosesi asan bir proses deyil, ağrılı bir prosesdir. Bu prosesin rəvan getməsi üçün hər iki tərəf çalışmalıdır. Burada yeganə mövqeyi aydın olan tərəf Azərbaycandır. Bu çoxtərəfli münaqişə kimi görünsə də, bu konfliktin əsas tərəfi olan Ermənistan bu məsələni öz daxilində həll etməlidir. Bayaq da qeyd etdim, reinteqrasiya məsələsi erməni cəmiyyətində ciddi müzakirə olmalıdır. Qarabağda yaşayan erməni icması anlamalıdır ki, separatçı rejim qaldıqca, onlar azad və firəvan yaşaya bilməyəcəklər.
- Heç şübhəsiz ki, Xankəndidə baş verənlər Laçın yolunda keçirilən aksiyanın Xankəndidə baş verənlərə böyük təsiri var. Bu aksiya davam edəcəkmi? Sizcə nə vaxta qədər davam etməlidir?
- Suala cavaba fərqli yerdən başlamaq istəyirəm. Haaqa, yəni Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərarı oxudum. Cəmiyyət bu qərardan ruhdan düşməsin. Bu qərarın Azərbaycan üçün hüquqi məcburedici funksiyası yoxdur. İkincisi isə biz ratifikasiya etməyən ölkə olduğumuz üçün hüquqi baxımdan hər hansı təsir gücü yoxdur. Burada birincisi böyük uğur ondan ibarətdir ki, Azərbaycanın qaz və digər infrastruktura müdaxiləsini sübut edə bilməyiblər. İkinci məsələ bundan ibarətdir ki, minalarla bağlı xəritələri Azərbaycana təqdim olunmalıdır. Hər iki tərəf gələcək həyatlarında irqi ayrıseçkiliyə yol verməyəcək addımlar atmalıdır. Bu baxımdan Ermənistanda bir neçə ictimai fəal var ki, onlar Haaqa qərarlarına sevinməyə başlayıblar. Amma orada beynəlxalq hüquq anlayışlarına baxmaq lazımdır. Nəyə görə bu aksiya blokada kimi qiymətləndirilir?! Bu, qərəzlidir. Biz bunu aksiyaya başlamadan əvvəl də bilirdik ki, belə qərəzlər olacaq. Amma fakt budur ki, ekoloji təşkilatlar, aktivistlər istəsələr də haranısa blokadaya ala bilməzlər. Blokada özü beynəlxalq hüquqda tamamilə fərqli anlam daşıyır. Hazırda olan dinc aksiyadır, hərəkətə heç bir müdaxilə yoxdur. Qırmızı Xaç rahat hərəkət edir, RSK maşınları hərəkət edir, yardımlar daşınır.
Suala gəlincə, mən düşünürəm ki, biz həmin aksiyanın ana xəttini unutmamalıyıq. Bizim əsas etirazımız təbii sərvətlərimizin talan olunmasına qarşıdır. Azərbaycan yataqlarının qanunsuz istismarı dayandırılmalıdır. Beynəlxalq aləmdə də eko aktivistlərin ermənilərin iddia etdiklərinin əksinə olaraq, vətəndaş cəmiyyəti nümayəndələri olduğunu anlayırlar. Dünyanın hər yerində bu cür aksiyalar həyata keçirilir. Bu cür aksiyalar elə Haaqada da keçirilir. Aksiyanın ilk günlərində beynəlxalq təşkilatları biz Azərbaycana, Şuşaya dəvət etdik. Dedik ki, gəlin, aramızda olun, yoxlayın. Baxın orada ekoloji aksiya keçirilir, yoxsa blokada yaradılır?!. Amma bu çağırışa reaksiya verilmədi. Bu bir daha onu göstərir ki, beynəlxalq təşkilatlar baş verən proseslərin dinc aksiya olduğunu özləri də bilirlər.
Rəşid QARAYEV,
AzNews.az