İctimai Şuranın sədri açdı sandığı, tökdü pambığı İctimai Şuranın sədri açdı sandığı, tökdü pambığı

"İctimai Şura üzvlərinə bulvara girmək qadağan olunub" - MÜSAHİBƏ

İctimai Şuranın sədri açdı sandığı, tökdü pambığı

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib ki, onların fəaliyyət göstərməsinə imkan yaradılmayıb: “Bulvardır, açıq havadır, gedin bulvarın hansı ərazisində istəyirsizsə fəaliyyət göstərin”,- deyə cavablar almışıq. Dənizkənarı Bulvar İdarəsinin yanındakı İcimai Şura öz fəaliyyətini dayandırıb".

AzNews.az məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyevə müraciət edib:

- Cənab Əliyev, son zamanlar Dənizkənarı Bulvar İdarəsinə xeyli iradlar var. Nəyə görə vətəndaşların bulvarda çəkiliş aparmasına, deputatların müsahibə verməsinə icazə verilmir?

- Bu hallar dəfələrlə baş verib. Məsələnin geniş şəkildə ictimailəşməyib. Amma son baş verən hallara əsasən daha şahidi oluruq ki, millət vəkilinin dəniz kənarında müsahibə verməsinin qarşısı alınıb. Millət vəkilinə çəkiliş üçün icazə verilmirsə, təbii ki, bu qadağalar adi vətəndaşlara, jurnalistlərə şamil edilir. Bizim də belə hallara qarşı öz sözümüzü deməyə imkan verilmir.

- Sədri olduğunuz İctimai Şura ilə Bulvar İdarəsi arasında qarşıdurma nə zamandan yaranıb?

- Bulvar İdarəsi yanında İctimai Şuraya seçkilər çox şəffaf şəkildə keçirildi. Bunu danmaq olmaz. Amma təəsüflər olsun ki, seçkidən sonra müəyyən problemlər yarandı. Bulvar İdarəsinin fəaliyyətində müəyyən nöqsanlar var. Onlar bu problemləri müzakirə etmək, ekranlarda görünmək, kadrlara düşmək istəmirlər. Burada bir məqam da var ki, bəs niyə telefonla çəkilişə icazə verilir? Videokamera ilə çəkilişə icazə verilməyib, telefonla çəkiliş edə bilməyi absurd qərar hesab edirəm. Çünki bulvar strateji obyekt deyil, qoruq, yasaqlıq deyil. Bulvarda istənilən şəxs gəzə, istirahət edə bilər. Çünki, burada insanların rahat istirahət etməsi üçün böyük vəsaitlər ayrılıb.

- Bəlkə xərclənən vəsaitin sorğulanmaması üçün İctimai Şura olaraq fəaliyyətinizə şərait yaradılmır ?

- Bulvar İdarəsində artıq 1 il 8 aydır ki İctimai Şura yaradılıb. İctimai Şuralar qanuni fəaliyyət göstərən ictimai nəzarət mexanizmidir. O cümlədən də Bulvar İdarəsində. Bulvar İdarəsində İctimai Şura yaranandan sonra bizim fəaliyyət göstərməyimiz üçün otaq ayrılmalı idi. Biz orada heç bir maaşa, əməkhaqqıya deyil, könüllü şəkildə fəaliyyət göstərirdik. Qanunun tələbi belədir. Orada da könüllü fəaliyyət göstərməyi bir QHT sədri olaraq özümə borc bilirəm. Biz seçiləndən sonra İdarənin rəhbəri bizi qəbul etmədi. Bir müddət sonra müavinlə görüşdük. Daha sonra bir neçə ay təkidlə bildirdik ki, rəhbərliklə görüşümüz baş tutsun. Biz də bilək ki, bu İctimai Şuranın yaradılması formaldı, ya cəmiyyətə həqiqi xidmət göstərmək üçün. İctimai Şuranın üzvləri olaraq idarə rəhbəri görüşdük. Görüş zamanı mən onlara bildirdim ki, bizi otaq və kompütürlə təmin etsinlər ki, işləyə bilək. Onlar isə cavabında “sizə veriləcək yerimiz yoxdur” dedilər. Həmçinin bildirdilər ki, “bulvar açıq yerdir, gedin, orada fəaliyyət göstərin, ya da öz şəxsi ofisiniz varsa, orada məskulaşın”. Sonradan isə bizə müxtəlif maneələr yaratdılar. Bulvara girişimizə qadağalar qoyuldu. Mən də onlara bildirdim ki, İctimai Şuranı yaratmısınızsa, onun fəaliyyət göstərməsinə də şərait yaradın. Biz sizdən başqa heç nə istəmirik. Bildirildi ki, bizim təşkilat bu İctimai Şuraya seçilmək üçün uyğun gəlmir. Aydın oldu ki, onlar İctimai Şuranın fəaliyyət göstərməsində maraqlı deyillər. Qanunu da bilmirlər. İctimai iştirakçılıq haqqında qanunun 6.8 və 6.9-cu bəndlərinə əsasən üzərinə düşənlərdən boyun qaçırırlar. Qeyd etdim ki, sədri olduğum təşkilat “İnkişafa və islahata dəstək ictimai birliyi” adlanır, nizamnaməsi var, fəaliyyət istiqamətimiz Bulvar İdarəsi yanında İctimai Şurada təmsil olunmağa imkan verir.

- Problem sizlə bağlıdır, yoxsa Dənizkənarı Bulvar İdarəsi ümumiyyətlə İctimai Şuranın fəaliyyətinə imkan vermək istəmir?

- Onlar istəmədi ki, biz onların gördüyü işlərə nəzarət edək və mövcud nöqsanlara şahid olaq. Biz istəyirdik ki, köməklik göstərərək nöqsanları aradan qaldıraq. Amma görünür ki, onlar özləri qapalı işləmək istəyirlər və ictimaiyyətə, mətbuata bağlıdırlar. Ümumiyyətlə biz İctimai Şuranın rəhbəri, üzvləri olaraq onların mətbuat xidmətinin rəhbərini belə tanımırıq. Onların rəhbərliyi ilə də dəfələrlə də əlaqə saxlmağımıza baxmayaraq cavab ala bilməmişik. Bununla da aydın olur ki, onlar bu Şuranı formal olaraq yaradıblar. Ona görə də biz artıq fəaliyyətimizi dayandırmışıq.

- Rəhbərliyə əliniz çatmırdısa, iradları əməkdaşlara deyə bilməzdinizmi?

- Buna cəhd etdik. Nöqsanları şöbə rəislərinə bildirsək də, məhəl qoyan olmadı. Rəhbərlik fəaliyyətimizə imkan vermədikləri üçün işçilər də bizə leqayd yanaşırdı. Bulvarda gəzdiyimiz zaman müəyyən müşahidələr aparmışıq. Məsələn, orada yer örtüklərinin əksəriyyətinin bərbad halda olmasına baxmayaraq, yenidən təmir olunmur. Onlar da istəmədilər ki, biz bu kimi nöqsanları bilmiş olaq. Biz istəyiridik ki, açıq qapı təşkil edək. Vətəndaşların bulvarda nəyi görüb, nəyi görmək istəmədiklərini müəyyən edək. Bunların hər birini təklif etdik, amma heç biri qəbul olunmadı. Bizim şəffaf şəkildə fəaliyyət göstərməyimiz üçün müsbət nəticə verəcək çox təkliflərimiz vardı. Amma çox təəssüf edirəm ki, fəaliyyətimizə imkan yaradılmadı.

Aynur HÖKMÜRƏVAN,

AzNews.az