Bizim Amerikanın simpatiyasını qazanmaq üçün bir davranış sərgiləməyə ehtiyacımız yoxdur Bizim Amerikanın simpatiyasını qazanmaq üçün bir davranış sərgiləməyə ehtiyacımız yoxdur

Zahid Oruc: "Azərbaycan-Ermənistan sülh prosesi üzərində böyük rəqabət var"

Bizim Amerikanın simpatiyasını qazanmaq üçün bir davranış sərgiləməyə ehtiyacımız yoxdur

Günün aktual məsələləri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Orucun AzNews.az-a müsahibəsi:

- Zahid bəy, Prezident İlham Əliyev Şuşada keçirilən konfrasda bildirib ki, Ermənistan dövlətinə sülh müqaviləsi ilə bağlı 4 yeni təklif göndərilib. Ermənistan tərəfinin əlavələrindən isə belə görünür ki, bizə qarşı ərazi iddiaları var. Bu haqda nə deyə bilərsiniz?

- Sənədlə bütövlükdə tanış olmasaq da, ondan öncə beş mühüm prinsip irəli sürülmüşdü. Cənab prezident son açıqlamarında daha çox bəyan edir ki, Ermənistan Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq tanıyıb. İrəli sürülmüş təkliflərə Ermənistan tərəfdən yeni baxışın olduğu haqda istər Paşinyan, istərsə də Ararat Mirzoyanın dilindən müxtəlif xarakterli açıqlamalar verilməkdə idi. Amma onların əksər hallarda vurğu etdikləri məsələ Qarabağın gələcək təhlükəsizliyi ilə bağlı idi. Bu da başa düşülən idi. Çünki onlar statusu irəli sürə bilmirlər, müstəqillikdən isə ümumiyyətlə söhbət getmir. Başa düşürlər ki, bu avtomatik yeni müharibə elanı deməkdir. Məsələni sırf bir qədər siyasi diplomatik terminlərin arxasında gizlədərək həyata keçirirlər. Görürsünüzmü indi "Dağlıq Qarabağ" ifadəsini necə özləri üçün bir məlhəmə çevirirlər. Azərbaycan tərəfi bu ifadə yoxdur deyəndə onların mövqeyi əsasən bundan ibarət olur ki, 10 noyabr razılaşmasında o termin var. Nə olsun ki? Söhbət ondan getmir ki, termin avtomatik inzibati-siyasi idarəçilik muxtariyyəti yaradır. Yox axı, qəti bir şəkildə heç bir aidiyyatı yoxdur. İndi də Azərbaycan Laçının Ermənistanla sərhəd olan hissəsində müstəqilliyimizin və suverenliyimizin simvolu olan buraxılış məntəqələrini qurur. Dərhal deyilir ki, 5 kilometrdə də yalnız Rusiya qüvvələri nəzarət həyata keçirməlidir. Yenə də məsələyə yanlış baxırlar. Onu neçə il istismar edəcəklər? Həmin qüvvələrin oradakı təmsilçiliyi 2025-ci ilə qədər qoyulub. Tutmaq istədikləri hüquqi-siyasi rıçaqlar nə beynəlxalq hüquqda, nə də Vətən müharibəsinin nəticələrində yoxdur. O səbəbdən ehtimal edirik ki, məsələ daha artıq dərəcədə Azərbaycan tərəfinin onların iddia etdiyi kimi qiymətləndirdiyimiz məhz Qarabağın təhlükəsizliyi ilə bağlı ifadələrdir, istəklərdir. Bu yol verilməzdir, əsla qəbul edilməyəcəkdir. Ona görə də cənab prezident dəfələrlə vurğulayır ki, əgər Ermənistan Azərbaycanın bütövlüyünü tanımasa, biz də eyni iddiaları irəliyə sürəcəyik. Dünyada tarixi torpaqlar üzərində dövlət qurma siyasəti yürüdülsə, bu qlobal böhrana, beynəlxalq təhlükəsizlik sisteminin məhvinə, iflasına səbəb olar. Ona görə də faktiki olaraq düşünürük ki, ermənilər tərəfindən irəli sürülən təkliflər bir tərəfdən sülh müqaviləsini imzalayıb taym-aut götürüb zaman qazanmaq, ABŞ və Rusiya arasında qlobal toqquşmanı Qarabağ danışıqlarına tətbiq etmək və onlar arasındakı savaşdan yararlanmaq məqsədi güdür. Eyni zamanda Ermənistanın taleyi tam həll olunmadığı şəraitdə İrandan, Rusiyadan, ABŞ-dən müəyyən zəmanətlər qoparmaq, xüsusilə Türkiyənin aparıcı rolunu bir qədər əngəlləmək üçün Azərbaycan və Türkiyə münasibətlərini zədələmək niyyətləri də var. Şübhəsiz başa düşülür ki, Xankəndi və Xocavənddə yaşayan ermənilərin həm müstəqillik duyğuları sıfırlanıb, həm Ermənistan hakimiyyətinə onların nifrəti artıb, həm də xaricdən gözləntiləri var. Bu fonda Paşinyan müəyyən qədər Xankəndidəki ermənilərin etimadını tam itirmək istəmir, ən azı ona qarşı olan tam nifrətə hazır olmadığını göstərir. Tribunadan söylədiyi "Mən istənilən sənədi imzalayacam , o sənədi ki, mənim millətimin xilasına xidmət etsin. Amma mən bilirəm ki, məni buna görə linç edəcəklər" sözünü deyib, öz rezidensiyasına qayıtması kifayət idi ki, on minlərlə insanı onun əleyhinə qaldırsınlar. O başa düşür ki, atılan güllələri Paşinyanın da əleyhinə yönəldə bilərlər. Bu, qəti şəkildə ermənipərəst, təxribat törətmək, Ermənistanı qarışdırmaq, siyasi hakimiyyət böhranı doğurmaq, Qarabağ məsələsinin üzərində təzədən siyasi cəhətdən əllərini qızdırmaq niyyətidir. Azərbaycan tərəfi sülh müqaviləsinin, diplomatik tanımanın, regiona sülhün gəlməsinin şərtlərini iri sürür. Əgər 2023-cü ildə sülh əldə edilməsə, 2024-cü ildən sonrakı dövrdə böyük miqyaslı olmasa da lokal toqquşmalar daha da intensivləşəcək. Bu, Ermənistan üçün daha böyük itkilər yaradacaqdır.

- Dünən Azərbaycanla NATO Müavinlər Komitəsi arasında baş tutan görüşü Azərbaycan-Ermənistan sülh müqaviləsi kontekstində necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə elə düşünürəm ki, sülh prosesi üzərində böyük rəqabət var. Faktiki olaraq Rusiya öz hərbi qüvvələrini bölgədə yerləşdirəndən sonra cənubi Qafqazda qüvvələr nisbəti dəyişib. Burada Türkiyə aparıcı mövqe qazanıb. Qafqazlardakı proseslərdə Hulusi Akar yaxud da Çavuşoğlunun dediyi kimi, Türkiyəsiz nəticə əldə edilə bilmir. Rusiya bununla hesablaşır və maraq dairəsinə bölünmədə anlaşmaya gedilib. Bu həm də avtomatik Qərb dairələrinin mövqelərini itirməsi hesabına olub. O səbəbdən MİNSK qrupunun üzvləri, Fransadan ABŞ-yə qədər o formatı, missiyanı bərpa etmək üçün göstərilən müxtəlif fəaliyyətləri biz görməkdəyik. Avropa Parlamenti, Avropa Şurası da bəzi hallarda prosesdə iştirak edir, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərinə də Fransanın jandarmeriyası gəlib. Məqsəd sonrakı dövrdə Azərbaycan tərəfindən atılan hər atəşi fiksasiya edib aktlaşdırmaq, onu ATƏT-ə, BMT-yə çıxarmaq, qətnamələr qazanmaq və ardınca NATO-nu bölgəyə gətirməkdir. Hesab edirəm ki, bu görüşlər müəyyən mənada rəqabəti artırır. O mənada ki, hansı platformada oluruq olaq istər Qərbdə, istər Şərqdə Prezident İlham Əliyev və Azərbaycanın rəhbər şəxsləri prinsipial şəkildə dünyaya təqdim olunan mövqeyi göstərirlər. Burada bir problemimiz yoxdur. Ancaq prosesə daha çox beynəlxalq oyunçu qoşulduqca situasiya mürəkkəbləşir. Vətən müharibəsi olarkən özlərini məğlub sayanlar prosesə qarşı çox ciddi addımlarını atırlar və bu fonda iki tərəfin anlaşmaya gələcəyini gözləmək bir qədər çətinləşir.

- Sizcə, ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Azərbaycan-Ermənistan münasibətlərinə hansı töhfələri verə bilər? Ümumiyyətlə, bu görüşdən hansısa irəliləyiş gözləməliyikmi?

- Fransa orada təkbaşına addımlar atmırdı. Şarl Mişel də moderator kimi Ağ Evdən gəlmiş əsas tezislər üzərində fəaliyyətini qururdu və xeyli də balans gözləyirdi. Ona görə də proses müəyyən qədər irəli getdi. Xatırlayırsınızsa, delimitasiya və demarkasiya üzrə komissiya məsələsi gündəmə gəldi. Üç ay sonra xarici işlər nazirləri görüşüb real məsələni izah etməli idilər. Amerikanın əsas hədəfi ondan ibarətdir ki, sülh müqaviləsi imzalansın, bununla Ermənistanı tam qazansın və Rusiyadan qopara bilsin. Amma ondan sonra rıçaqlarını əldən verməmək üçün Azərbaycan üzərində müəyyən təzyiq silahlarını da saxlayır. Ona görə də Blinken yaxud Amerikanın təmsilçiləri tərəfləri bir masaya əyləşdirməyə, hərhansı vasitəçi olmadan görüşməyə stimullaşdırırlarsa, məqsəd səmimi olaraq Qafqazlara əbədi sülh gətirmək deyil. Daha çox regionda yeni cəbhələr açmaq, sonra bunu İrana qarşı yönəltmək, ardınca Türkiyənin də rolunu aşağılamaq istəkləridir. Biz bunu belə qəbul etməliyik. Amma bir daha söyləyirəm, Azərbaycan Prezidenti o cümlədən xarici işlər naziri, həmçinin NATO rəhbərliyi ilə görüşən hörmətli Hikmət Hacıyev hər birində Azərbaycanın açıq, prinsipial, dünya tərəfindən qəbul edilə biləcək modeli irəli sürürlər. Yəni bizim bu gün Amerikanın simpatiyasını qazanmaq üçün bir davranış sərgiləməyə, sabah başqa bir paytaxtda fərqli reveranslar naminə manevr etməyə ehtiyacımız yoxdur. Ermənistan tərəfinin Avropa Birliyindən 2.6 milyard avro əldə edəcəyini nəzərə alaraq hansı xarakterli manipulyasiyalara getdiyi məlumdur. Onlar maksimum dərəcə çalışırlar ki, Qərbi istismar etsinlər.

Rəşid Qarayev,

AzNews.az