Tural İsmayılov: "Təxribatlar Qərbdəki görüş formatının gözdən salınmasına hesablanıb"

Ermənistan silahlı qüvvələrinin bölmələri 10 may axşam saatlarında Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb.

"Avropa İttifaqı Şurası Ermənistanın bu tip ərköyünlüklərinə daha sərt reaksiya verməlidir"

"Sülh müqaviləsinin imzalanmaması Ermənistan təxribatlarının davamlılığını daha da artırır"

Mövzu ilə bağlı AzNews.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb:

- Cənab İsmayılov, dünən Ceyhun Bayramov Vaşinqtondakı danışıqlarda bir addım irəli gedildiyini bildirmişdi. Bu açıqlamanın üzərindən bir neçə saat keçdikdən sonra Ermənistanın təxribat xarakterli hərəkətləri nəyə işarədir?

- Brüssel görüşünə bir neçə gün qalmış bu tip təxribatların törədilməsi Ermənistanın nə dərəcədə riyakar, ikiüzlü və provokativ olduğunu növbəti dəfə ortaya qoyur. Maraqlısı isə odur ki, hər zaman Rusiya qərbmərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Avropa İttifaqı Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur

- Sizcə, sərhəddə baş verənlər Ermənistandakı hakimiyyətin işidir, yoxsa burada üçüncü tərəfin rolu var?

- Sərhəddə baş verən hadisələr Ermənistan hakimiyyətinin işidir. Əslində Ermənistan tamamilə qərbyönümlü obraz yaratmağa çalışsa da, onun Rusiya siyasi hakimiyyətindən və hərbi elitasından asılı olduğu açıq-aydın ortadadır. Qəsdən Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlər öncəsi bu tip təxribatlar Qərbdəki görüş formatının gözdən salınması prosesinə hesablanıb. Mən hesab edirəm ki, artıq Avropa İttifaqı Şurası hər görüşdən əvvəl Ermənistanın bu tip ərköyünlük etməsinə, bu tip təxribatlar törətməsinə daha sərt reaksiya verməlidir.

- Sülh danışıqlarının getdiyi dövrdə Ermənistan tərəfi bu cür təxribatlara nə üçün ehtiyac duyur?

- Ermənistanın danışıqlar prosesi üçün əlində heç bir güc qalmayıb. Ermənistan hansısa bir formada vəziyyətin dəyişəcəyini dərk etmir. Ona görə də istəyir ki, bölgədə gərginlik qaldığı ilə bağlı bir görüntü yaratsın. Ermənistanın əsas məqsədi Cənubi Qafqazda sülh və etimad mühitinin guya olmayacağı ilə bağlı bir mənzərə formalaşdırmaqdır. Bu mənzərəni formalaşdırmaq üçün bütün iyrənc təxribat üsullarından istifadə edir. Ona görə mən hesab edirəm ki, bu prosesdə Ermənistanın bu təxribatlarının qarşısını mütləq şəkildə almaq lazımdır. Burada tərəflərin üzərinə çox böyük yük düşür. Həm Moskva, həm Vaşinqton, həm də rəsmi Brüssel Ermənistanın hər dəfə bölgədə gərginlik yaradan bu hərəkətlərini yalnız Azərbaycana qarşı deyil, regionda formalaşacaq qlobal kommunikasiya layihələrinə qarşı olduğunu başa düşməlidir. Bu prosesdə Ermənistanı əngəlləmək üçün bütün vasitələrdən istifadə etməlidir.

- Müqavilənin gecikəcəyi təqdirdə Ermənistan tərəfi hansı təxribatlara əl ata bilər?

- Sülh müqaviləsinin imzalanması prosesinin uzanması Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təxribatlarına səbəb ola bilər. Əslində Qazaxın işğal altında olan kəndlərinin və Naxçıvanın Kərki kəndinin qaytarılmamağı bu provakasiyanın hələ də davam etdiyini göstərir. Sülh nə qədər gecikirsə, Ermənistan vəziyyəti daha da gərginləşdirir. Həmçinin hesab edirəm ki, Ermənistanın vəziyyəti gərginləşdirməyində maraqlı olan tərəflərdən biri Rusiya, digəri isə Fransadır. Hər iki qüvvənin bu hadisələrdə Ermənistanı sonuna qədər dəstəkləməsi nəticədə Ermənistanın növbəti təxribatlarına səbəb olur və cəbhə bölgəsində vəziyyətin gərginləşməyi prosesinə davam edir. Ona görə də sülh müqaviləsinin imzalanmaması Ermənistan təxribatlarının davamlılığını daha da artırır. Proses bütöv formada post pandemiya dövründə dünyada formalaşan yeni kommunikasiya və logistika layihələri, onların planlarına qarşı da yönəlmiş hesab edilməlidir.

- Qarşı tərəf geniş təxribata əl atarsa, böyük çaplı təmizləmə əməliyyatları gözlənilə bilərmi?

- İlin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əgər bu proses baş verməsə, artıq Azərbaycan məcbur olub hərbi əməliyyatlarla həm Kərkini, həm də Qazaxın kəndlərini işğaldan azad edəcək. Eyni zamanda Azərbaycan əsgərinə qarşı Ermənistanın növbəti dəfə silah tuşlamaması üçün delimitasiya olunmamış şərti sərhədlərdə mövqelərini irəlilədə bilər. Hərhalda seçim Ermənistandan asılıdır. Ya normal şəkildə sülhə razılaşacaq, ya da prosesin gərginləşməsinə səbəb olacaq.

Rəşid Qarayev,

AzNews.az