UNESCO kor və kar qalıb... UNESCO kor və kar qalıb...

Azərbaycanda 3 illik tikili necə "min illik kilsə" oldu?

UNESCO kor və kar qalıb...

Savaş orduya qarşı aparılanda müharibə sayılır. Dinc insanlara, məbədlərə, kilsələrə və ya məscidlərə savaş açılanda, onları yerlə yeksan etmək "uğur" sayılanda isə bu, artıq müharibə yox, barbarlıq və vəhşilikdir.

Bəşər tarixində bütün müharibələrin kontekstində iki istək var: ələ keçirmək və ya azad etmək.

Ermənistanın məqsədi sadəcə Qarabağı və ətraf rayonları ələ keçirmək deyildi. Trivial işğal faktı ilə kifayətlənməyən ermənilər Azərbaycanı ümumiyyətlə, xəritədən və tarixdən silmək, azərbaycanlılara divan tutmaq niyyətində olublar, indi də həmin illüziya ilə yaşayırlar.

Belə marazmatik, zooloji millətçilik və irqçilik, dini və etnik zəmində düşmənçilik ideyaları sadəcə, Ermənistanın hakimiyyət dairələrinin siyasəti deyil.

Bəli, biz illər, onillər boyu belə düşündük və əvvəlki uğursuzluqlarımızın səbəbi də deyəsən, elə bu idi.

Azərbaycanlılara qarşı dözümsüzlük, nifrət və aqressiya ermənilərdə milli paradiqmaya çevrilib.

Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidentlərindən biri "Ermənilərlə azərbaycanlılaın dinc, yanaşı yaşamları genetik baxımdan mümkün deyil" söyləmişdi. O adamın şüuru dünyaya göz açandan sonra eşitdiyi, beyninə yeridildiyi "türklər düşmənimizdir", "azərbaycanlıları qırmalıyıq" refleksiyaları artıq dünyagörüş modelinə çevrilib.

28 ildən bəri erməni işğalında olan ərazilərimizin viran qoyulması, evlərin və tikililərin darmadağın edilməsi, məscidlərdə və tarixi-memarlıq obyektlərində daşın daş üstə qoyulmaması, divarları qalan nadir məscidlərin və türbələrinsə tövlələrə çevrilməsi məhz erməni refleksiyaları baxımından təəccüb doğurmur.

Ağdamın ruhlar şəhərinə dönməsi, Şuşanın murdarlanması, Cəbrayılın və Fizulinin xaraba qoyulması da məhz erməni xislətinin təzahür formalarıdır.

Ermənilərin özlərinin "hayasa" dedikləri bu davranış modelində - kobud səslənsə də - həyasızlıq xüsusi yer tutur.

İşğal olunmuş ərazilərdə şəhərləri, qəsəbələri, kəndləri, inzibati tikililəri və məscidləri viran qoyan ermənilər elə həmin ərazilərdə tələsik qaydada, az qala fövqəlsürətlə "qədim erməni kilsələri" inşa etməklə məşğul olublar.

Belə fiksiyalardan biri işğalçıların Cəbrayıl rayounnda tikdikləri kiçik ibadətxana idi.

İşğaldan sonra Cəbrayılın adını dəyişən ermənilər yeni adla bağlı yekun qərara gələ bilməmişdilər. Qarabağdakı terrorçu xunta Cəbrayıl rayonuna "Crakan", Ermənistan hakimiyyəti, siyasətçiləri və mediası isə "Mehakavan" deyirdilər.

Adının üzərinə iki eybəcər ad gətirilsə də, dağıdılan daşlarının üstünə bir daş qoyulmamış Cəbrayılda ermənilər "Surb Mariam", yəni "Müqəddəs Məryəm" adlı ibadətxananı inşa edərək onu dərhal "qədim erməni kilsəsi" etmişdilər.

Britaniyanın BBC News teleradiokorporasiyasının əməkdaşı da işğaldan azad edilmiş rayonlarımızdan reportaj hazırlayarkən ermənilərin kütləvi şivəninin afterşokunun təsirində olub, həmin ibadətxananın olduğu yerə yollanıb. Britaniyalı jurnalist reportajında iddia edir ki, "Surb Mariam kilsəsini azərbaycanlılar dağıdıblar, ümumiyyətlə, yer üzündən siliblər".

Barbarcasına viran qoyulmuş Cəbrayıldakı istənilən tikili barədə bu sözləri demək olar.

Olar, amma BBC News-un reportyoru demir.

"Cəbrayıl alınanda bu kilsə vardı. İndi isə yoxdur", - söyləyir reportyor.

Lakin elə həmin Cəbrayılda bir bina (!) belə, salamat qalmayıb: ermənilər hər şeyi və hər yeri dağıdıblar. Bu azmış kimi, onlar eyən goreşənlər kimi, azərbaycanlıların qəbristanlıqlarına hücum çəkərək məzarları eşiblər, sinədaşlarını aşırıblar, məzardakı insanların nəşlərini çıxararaq sümüklərini ətrafa səpələyiblər.

BBC News nə üçün "Cəbrayılda nədən bir məscid qalmayıb?" sualına cavab aramadan "Surb Mariam"ın taleyindən belə narahatdır?

Sual ritorik təsir bağışlaya bilər, amma məntiqin apologiyasıdır.

İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin heç birinə Azərbaycan əsgəri toxunmayıb. Xudavəng monastırı, Laçın rayonundakı kilsə, habelə, Xocavənd rayonundakı bir sıra qədim kilsələr yerindədir.

Azərbaycan hakimiyyəti onların hamısını təmir, rekonstruksiya və bərpa edəcək.

Laçın rayonundakı Zabux kəndində ermənilərin tələsik tikdikləri "qədim kilsə" təki, Cəbrayıldakı "Surb Mariam"ın da nə tarix, nə də mədəniyyətlə hər hansı bir əlaqəsi var.

Cəbrayıldakı tikili 2017-ci ildə kilsə yox, Ermənistanın işğalçı ordusunun hərbçiləri üçün ibadətxana qismində inşa edilmişdi.

Həmin vaxt ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət olunmuşdu ki, onlar yerində bu məsələyə baxsınlar və araşdırsınlar. Həmsədrlər yerində monitorinq apardılar, tikintini təsbit etdilər və bunun qeyri-qanuni olduğunu bildirdilər. Hətta göstərildi ki, bu, əslində kilsə deyil, əsgərlərin ibadəti üçün nəzərdə tutulmuş obyektdir.

Beynəlxalq hüquq isə açıq və aşkar deyir ki, işğal edilmiş ərazilərdə bilavasitə işğaldan sonra tikilmiş İSTƏNİLƏN tikili qanunsuzdur.

İstənilən - kilsə, ibadətxana, kitabxana, muzey, memorial kompleks və s, fərq etməz.

Bütün səmavi kitablarda, o cümlədən Bibliyada da buyurulur ki, yad, işğal edilmiş ərazilərin talan edilməsi dinin təməl prinsiplərinə zidd olaydır.

Üstəlik, "Surb Mariam" ibadətxanasını İkinci Qarabağ Müharibəsi günlərində ermənilərin özləri hədəf seçərək artilleriya və mina atəşlərinə məruz qoymuşdular.

Dağılmış tikilinin sökülməsi nə ermənifobiyadır, nə də Ermənistan XİN-nin və İrəvandakı UNESCO Komissiyasının bəyanatlarına rəğmən, "Qarabağda ermənilərin mədəni və tarixi izlərinin məhv edilməsi".

Gerçək tam fərqilidir: Qarabağda tarixi və mədəni izləri məhv edən, urbisid siyasəti yeridən elə ermənilər olublar.

Bizimlə, azərbaycanlılarla, necə deyərlər, "durum bəlli".

Bəs xristian-monofizit ermənilərin xristian-pravoslav rusların Qarabağdakı kilsələrinə divan tutması necə, bu da rəsmi Bakının iddiasıdır?

Şuşada ermənilərin "Kanaç Jam" adlandırdıqları Müqəddəs Vəftizçi İoann kilsəsi rus pravoslav kilsəsi olub.

Qarabağ xanlığının Çar Rusiyası İmperiyasına daxil olmasından sonra, 1805-ci ildə inşa edilmiş kilsənin qübbəsini və günbəzini sökərək yenidən tikən, "erməniləşdirən" ermənilər bu kilsənin guya "Hovanes Mkrtıç"ın şərəfinə inşa edilmiş "Kanaç Jam", yəni "Yaşıl Kilsə" olduğunu deyirdilər.

Rusiya Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası həmişə bu kilsəni öz məbədi sayıb, erməniləri tarixi saxtalaşdırmaqda suçlayıb.

Ermənilər "Kanaç Jam"ın da söküldüyünü deyirlər. Halbuki bu iddia da ermənilərin ölkəmiz və millətimizlə bağlı bütün açıqlamaları kimi, ağ yalandır.

Şuşadakı Müqəddəs Vəftizçi İoann kilsəsi hazırda təmir olunur, ona əvvəlki, tarixi görkəmi qaytarılır.

Ermənilər indi UNESCO-dan imdad diləyir, yardım istəyirlər.

O UNESCO-dan ki, işğal edilmiş ərazilərimizdə viran qoyulan, darmadağın edilən tarixi və mədəniyyət abidələrimiz, məscidlərimiz və s. barədə indiyədək bir kəlmə də olsun, hesabatlarında vurğulamayıb.

Xatirimdədir, 1990-cı illərin sonlarında ermənilər Culfadakı "qədim xaçkarlar"la bağlı hay-küy qaldırmışdılar, UNESCO-ya şikayətlənmişdilər. UNESCO da bəyan etmişdi ki, bəs təftiş üçün təşkilatın mənsublarını Culfaya buraxmırlar.

Mərhum prezidentimiz, ulu öndər Heydər Əliyev həmin olayla bağlı demişdi: "Sizin Culfaya yolunuz Ermənistanda və Qarabağda viran qoyulmuş, dağıdılmış yüzlərlə mədəni, tarixi obyektlərimizdən keçir. Əvvəlcə ora, sonra Culfaya!"

UNESCO indi Şuşaya, Kəlbəcərə missiya yollamaq istəyir.

Mümkündür, amma Şuşa və Kəlbəcərə yol Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçir.

Bundan başqa, Azərbaycan nə etməli idi və nə etməlidir? Ermənistan istəyir ki, rəsmi Bakı "hörmətli ermənilər, rayonlarımızı viran qoyub xarabazara döndəribsiniz, üç il Cəbrayılda "min illik tarixə malik kilsə" adlı kiçik ibadətxana tikibsiniz, heç nəyə toxunmuruq, rayonların və yaşayış məkanlarının adlarını da dəyişibsiniz, o murdar və eybəcər adlar da qalsın"?

O ölkə ki, İrəvandakı BÜTÜN məscidləri yerlə yeksan edərək, sadəcə kiçik Cümə məscidini saxlayıb və onu da "fars məscidi" kimi təqdim edir?

O ölkə ki, Xurşudbanu Natəvanın məzarını belə, qazaraq dağıdıb, xan qızının qalıqlarıın belə aparıb?

... Ermənilərin HEÇ VAXT yaşamadıqlarıi Cəbrayıl işğal ediləndə bu şəhərdə 6100 azərbaycanlı yaşayırdı. Şəhərdən indi qalan sadəcə, yerə səpələnmiş daşlardır.

"Surb Mariam"a gəldikdə isə, o, tipik və adi "gecəqondu", yəni qanunsuz tikili idi. Dünyanın bütün ölkələrində qanunsuz tikililərin taleyi eynidir: sökülürlər...

Elçin Alıoğlu