Qərbdən qaçaq gətirilən milyonlar: MƏQSƏD ÜLVİDİRMİ? - TƏHLİL

Pozitiv hüquq baxımından məsələ belədir: İstənilən dövlət hesab edir ki, onun ərazisində hər şey qaydasındadır, cəmiyyət öz tərəqqi yolu ilə gedir. Bu üzdən hər kəsə hüquq müstəvisində təqsirsizlik prezumpsiyası təklif edir və bildirir ki, qanunla cinayət sayılan əməl törətməsi məhkəmədə sübut olunmayanadək heç kəs cani hesab oluna bilməz. Bunun üçün dövlətlər bir tərəfdən ictimai nizamı qoruyan normalar müəyyənləşdirir, digər tərəfdən ümumi qaydaların pozan şəxsləri cəza ilə təhdid edir. Şəxslər öz təqsirsizliyini sübut etməyə borclu deyil. Hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasını sübut etmək ittiham tərəfinin vəzifəsidir. Cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

  • - Qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;
  • - Cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;
  • - Heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.
  • - Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Göründüyü kimi, Azərbaycan qanunları vətəndaşları cinayətləri təhqiq edən qurumların vəzifəli şəxslərinin özbaşınalığından qoruyur və bu müdafiə heç də kağız üzərində deyil. Çünki tutulduğu andan etibarən şəxslər müdafiəçi ilə təmin olunuralar. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında işin hərtərəfli və qərəzsiz araşdırılması üçün bütün şərait yaradılır. Üstəlik CPM onu da deyir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Bu günlərdə geniş oxucu kütlələrinə adı o qədər də çox şey deməyən “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı tutulub, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb. Həmin maddə belədir:
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi-
cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

206.3.2. bəndinə görə isə, qaçaqmalçılıq cinayəti əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ülvi Həsənli və Sevinc Vaqifıqızının saxlanılması və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi dərhal “azad mediaya qarşı hücum” kimi dəyərləndirildi. “Sərhədsiz reportyorlar” və digər beynəlxalq təşkilatlar hələ məhkəmənin qərarı çıxmamış işə “hüquqi qiymət” verdilər. AXCP sədri Əli Kərimli və yedəyindəki Milli Şuranın sədri Cəmil Həsənli Ülvinin çarmıxdakı İsus Xristos qədər ülvi, Sevincin müqəddəs Məryəm qədər pak olması barədə ictimai rəy yaratmağa çalışdılar. Əvvəla, Azərbaycanda da, dünyada da heç bir cinayət təqibi sosial şəbəkə statusları əsasında aparılmır. Bunun üçün qanunlar, hüquqi normalar, xüsusi prosedurlar var. İkincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxana qədər, yuxarıda da vurğuladığımız kimi, kiminsə, kimlərinsə təqsirsizliyini sübut etməyə lüzum yoxdur. Üçüncüsü, qanun qarşısında hər kəs bərabərdir və heç kim, məsələn Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylinin xatirinə dəyəcəyi üçün əməlində yetərincə cinayət əlamətləri olduğu təqdirdə, məsuliyyətdən kənarda qala bilməz.

Yeri gəlmişkən, cəmiyyətimizin hüquqi mədəniyyətinə neqativ təsir göstərən bir hal mövcuddur. Müxalifət və Azərbaycana təzyiq göstərməyə çalışan beynəlxalq təşkilatlar az-çox tanınmış şəxslərin tutulmasını, həbs və azadlıqdan məhrum olunmasınəı dərhal “siyasi motivlər”lə bağlayır. Onların bu manipulyasiyasına bəzən siyasi hakimiyyətdən maddi dəstək, müxalifətdən isə “layk” almaq istəyən prinsipsiz “ziyalı”lar da qoşulur. Bu cür “ziyalı”lar Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Ülvi Həsənli və Sevinc Vaqifqızı saxlanılanda eyni cümlələr qururlar: “mənə inandırıcı gəlmədi”. Cinayət prosesi baxımından görəsən bu adamlar kimdirlər və nədən özlərini Ana Yasa, CM, CPM ilə eyniləşdirir, yaxud öz konyuktur rəylərini işə baxacaq hakimlərin daxili inamından önə qoyurlar? Axı gerçək ziyalının işi cəmiyyətin nizamının qorunmasına töhfə vermək, hüquq mədəniyyətini gücləndirmək, bunun üçün barələrəində istintaq aparılan hər kəsə ədalətli mühakimə tələb etməkdir.

Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Ülvi Həsənli və Sevinc Vaqifqızı öz aralarında təzadlı personalar olsalar da, onları birləşdirən iki xüsus var. Birincisi, bu adamların hər bir qeyri-sistemli müxalifətin təmsilçiləridirlər. İkincisi, hər birinin ittiham olunduğu maddələr obyekt olaraq iqtisadi fəaliyət sahəsinə daxildir. Odur ki, Həsənli və Vaqifqızıdan “siyasi məhbus” düzəltmək yarışına çıxanlar ilk növbədə Abazas Medianın maliyyə mənbələrini təftiş etməli idilər. Bu mənbələr şəffaf və qanunidirmi? Şəffaf və qanuni olmayan mənbələrdən ötürülən pullar hesabına “donor”lar Azərbaycanda həqiqətən azad mətbuat formalaşdırır, yoxsa mərkəzi hakimiyyəti destentralizasiya etmək, bütün ərazilərində dövlət suverenliyini bərpa etmiş Azərbaycana qarşı qeyri-sistemli müxalifəti təmərküzləşdirib ictimai təlatümlər yaratmaq? Bu sualları Sevinc Mirzəyeva kimi USAİD-in direktoru Samanta Pouerin hazırda Bakıda DTX-nın təcridxanasında saxlanılan Ruben Vardanyanla əlaqələrini görməzlikdən, duymazlıqdan gələnlər cavablandırmaqdan yayınırlar. Ancaq nüfuzlu “Report” agentliyi apardığı silsilə araşdırmalarda Abzas Media haqqında olduqca ciddi, hüquqi araşdırma tələb edən faktlar ortaya çıxarıb. Agentlik bildirir ki, Abzas Medianın qurucuları Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Bu cür görüşlər, heç şübhəsiz, nəticəsiz yekunlaşmayıb. “Report”un araşdırmalarına görə, belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Agentlik yazır ki, USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və komandası 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitlərin məbləği isə belə olub:

  • “Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları,
  • “Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları,
  • “German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları,
  • ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları,
  • “İnternews” təşkilatından 12 000 ABŞ dolları,
  • “People in Need” təşkilatından 11 000 ABŞ dolları,
  • “Niderland Helsinki Komitəsi”ndən 5 000 avro,
  • “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro,
  • “Norveç Helsinki Komitəsi”ndən 4 000 avro,
  • “Freedom House” təşkilatından 2 500 ABŞ dolları,
  • “Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları,
  • Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait alınıb.
  • Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.

Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir.
Report yazır:

“Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb”.

Ölkəyə qaçaq pullar keçirməkdə şübhəli bilinərək tutulanlar arasında Məhəmməd Kekalov da var. O, həbs olunana qədər ictimai-siyasi sektorda populyar olmayıb, ən yaxşı halda, dar çərçivədə tanınıb. “Google” onun haqqında belə bir yazı təqdim edir: “Zaqataladan olan gənc tələbə Məhəmməd Kekalov “Kekalove Adaptive Fashion” biznes ideyasının müəllifidir. Hazırda İqtisad Universitetində Biznesin İdarəolunması ixtisası üzrə bakalavr təhsili alan Məhəmməd sahibkarlıq fəaliyyətinə çox gənc yaşlarından başlamışdır. FLEX (Gələcəyin Liderləri) proqramı xətti ilə bir il ABŞ-da təhsil alan Məhəmməd Harvard Biznes məktəbinin gənc liderlər üçün nəzərdə tutulan CELP sahibkarlıq proqramının da məzunudur”. Bax, elə bu məlumat ABŞ və digər Qərb donorlarının Azərbaycanda qeyri-sistemli müxalifət formalaşdırma texnologiyaları barədə mühüm ipucları verir.

Ölkəmizdəki ənənəvi müxalifət partiyaları SSRİ-nin dağılması ərəfəsində baş qaldıran meydan hərəkatının şinelindən çıxıb. Hərəkat dalğasında kütləviləşən və az müddət olsa da, iqtidar üzü görən həmin partiyaların sıraları Azərbaycanın müstəqilliyi möhkəmləndikcə seyrəlib, AXCP və Müsavatın timsalında dövlət reyestrinə düşmək üçün lazım olan 5 min üzvü çətinliklə tapan dərnəklərə çevriliblər. Bu da on illər boyunca Azərbaycan müxalifətini ayaqda saxlamağa çalışan beynəlxalq dairələri taktika dəyişikliyinə sövq edib. Beynəlxalq donorları himayə edən mərkəzlər sosial bazasını sürətlə itirən, ictimai rəydə inandırıcılığı qalmayan, liderləri kompramatlaşan və psixoloji portretləri iqtidara yaxşı olan partiyalardan kənarda hücrələr formalaşdırmağa başlayıb. Bu “hücrə”lərin təyinatı isə fərqlidir. Onlardan bəziləri marginal və həssas təbəqələrlə işləyirsə, bir qismi bu gün Bakının ən bahalı otellərinin birində toplantı keçirməyi planlaşdıran ABŞ Məzunlar Birliyinin timsalında “elit kadrlar” kimi əsasən iri şirkətlərdə yer alır. Bu hücrələrin izinə hazırda istintaqı aparılan Bəxtiyar Hacıyev işində olduğu kimi, ölkənin tanınmış müxalif siyasətçilərini ailə üzvləri ilə şantaj etmək üçün kompramatlar toplamaqdan tutmuş hakim elitanın nümayəndələrini və üzdə olan tərəfdarlarına sosial şəbəkələrdə gözdənsalma kampaniyalarının aparılmasınadək ən müxtəlif müstəvilərdə rast gəlinir. Gədəbəydəki “Söyüdlü hadisələri” göstərdi ki, Abzas Media kimi qurumların əsas tapşırığı heç də ölkəmizdə plüralizmin inkişafına xidmət edən ciddi xəbər və təhlillərin yayımı yox, ayrı-ayrı icmaları və qrupları kütləvi iğtişaşlara təhrik etmək üçün sosial şəbəkə diversantları formalaşdırmaqdır. Bu cür diversantların əl-qol açması üçün bir tərəfdən leqal media institutları hədəfə alınır, digər tərəfdən isə illeqal pullarla youtub kanalları, saytlar açılır, sosial şəbəkə “fenomen”ləri yaradılır. Bu cür resurslar isə həm ölkənin ideloji sütunlarını, həm də əsrlərlə formalaşmış mill-mənəvi dəyərlər sistemini dağıtmağa cəhd etməklə cəmiyyəti məxməri inqilab layihələrinin zəmini olan xaosa sürükləyirlər.

SOSİAL İNFORMASİYA AGENTLİYİ ARAŞDIRMA QRUPU