Kibertəhlükəsizlik xərclərinin artması: dövlət və özəl sektor üçün çağırışlar - ARAŞDIRMA

Son illərdə rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik məsələsi həm dövlət, həm də özəl sektor üçün prioritet sahəyə çevrilib. İnformasiya texnologiyalarının inkişafı biznes proseslərinin və dövlət xidmətlərinin onlayn müstəviyə keçidini asanlaşdırsa da, kiberhücumların intensivliyi və mürəkkəbliyi artmaqda davam edir. Bu isə öz növbəsində kibertəhlükəsizlik xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur və iqtisadiyyatın müxtəlif sahələrində əlavə yük formalaşdırır.

Dövlət sektorunda kibertəhlükəsizlik xərclərinin artması əsasən milli təhlükəsizlik və ictimai xidmətlərin davamlılığı ilə bağlıdır. Elektron hökumət platformaları, rəqəmsal imza, onlayn vergi və gömrük sistemləri, e-səhiyyə və digər elektron xidmətlər kiberhücumlara açıq hədəfdir. Son illərdə beynəlxalq təcrübə göstərir ki, kritik infrastruktur sistemlərinə edilən kiberhücumlar dövlətlər üçün maliyyə itkiləri ilə yanaşı siyasi və sosial sabitlik riskləri də yaradır. Buna görə də dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlər artırılır. Azərbaycanın 2023–2025-ci illər üçün “Rəqəmsal transformasiya strategiyası”nda kibertəhlükəsizliyin prioritet istiqamət kimi müəyyən edilməsi də məhz bu reallığın nəticəsidir.

Özəl sektorda isə kibertəhlükəsizlik xərclərinin artmasının əsas səbəbi biznes proseslərinin rəqəmsallaşması və rəqəmsal mühitdə rəqabət gücünü qoruma zərurətidir. Xüsusilə maliyyə sektoru, telekommunikasiya, elektron ticarət və enerji şirkətləri üçün kibertəhlükəsizlik artıq sadəcə texniki məsələ deyil, korporativ idarəetmənin ayrılmaz hissəsinə çevrilib. Qlobal hesabatlara görə, şirkətlərin kibertəhlükəsizlik xərcləri illik gəlirin orta hesabla 10–15 faizi həcmindədir. Azərbaycanda bu göstəricilər də artmaqdadır, çünki kiberhücumların yaratdığı potensial itkilər xərclənən vəsaitdən qat-qat yüksək ola bilər.

Məsələ yalnız maliyyə yükü ilə məhdudlaşmır. Kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığı da həm dövlət, həm də özəl sektor üçün əlavə problem yaradır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzunmüddətli sərmayə tələb edir və bu istiqamətdə yerli təhsil proqramlarının gücləndirilməsi vacibdir. Əks halda bazar xarici mütəxəssislərə daha çox asılı vəziyyətə düşə bilər ki, bu da həm xərclərin artması, həm də strateji təhlükəsizlik baxımından risklidir. Uzunmüddətli perspektivdə kibertəhlükəsizlik xərclərinin artması qaçılmaz görünür. Lakin bu yükün mənfi nəticələrini balanslaşdırmaq üçün bir sıra həll mexanizmləri mövcuddur. Dövlət səviyyəsində kibertəhlükəsizlik infrastrukturunun vahid standartlar əsasında qurulması və sertifikasiya mexanizmlərinin tətbiqi xərclərin optimallaşdırılmasına kömək edə bilər. Özəl sektorda isə risklərin sığortalanması, bulud texnologiyalarının tətbiqi və regional əməkdaşlıq platformalarının gücləndirilməsi maliyyə yükünü azalda bilər.

Ümumilikdə, kibertəhlükəsizlik xərclərinin artması həm dövlət, həm də özəl sektor üçün əlavə yük yaratsa da, bu istiqamətdə görülən tədbirlər strateji əhəmiyyət daşıyır. Çünki rəqəmsal iqtisadiyyatın davamlı inkişafı yalnız güclü və dayanıqlı kibermühitlə təmin oluna bilər. Azərbaycanın son illərdə bu sahəyə diqqəti artırması isə ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Nuray,

Aznews.az