Bakı əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib - ARAŞDIRMA

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.

AzNews.az xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc açıqlamasında bildirib.

Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.

"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub", – deyə ekspert vurğulayıb.

V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3 % səviyyəsində qeydə alınıb.

"Nərimanov rayonunda bu göstərici 2,7 %, Nəsimidə 2,5 %, Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib", - deyə o bildirib.

Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil: "Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".

O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır. "Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".

V. Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.

Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur: "Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".

Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.

Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib./Report

AzNews.az