Uzaq parçamız Doğu Türküstan: Uyğurlar haqda nə bilirik?

1949-cu ildən bu günə qədər Doğu Türküstan Çin işğalı və zülmü altındadır. Son yüz ildə Çinin bu torpaqlarda qətlə yetirdiyi, zülmə məruz qoyduğu və həbsə atdığı insanların sayı on milyonlarladır.

Doğu Türküstan haradır?

Türküstan Asiya qitəsinin və eləcə də türk dünyasının bir parçasıdır. Türküstan dedikdə, Xəzər dənizinin batı sərhədindən başlayaraq, güneydə Xorasana, quzeydə Ural dağları və Sibirə qədər olan ərazi gözdə tutulur. Doğu Türküstan isə Türküstanın doğusunda bir neçə dəfə bağımsızlıq qurmuş, lakin imperialist güclər tərəfindən işğala məruz qalmış coğrafiyanın adıdır. Doğu Türküstan Asiya qitəsinin tam ortasında mövcud olan, Pakistan, Hindistan, Əfqanstan, Çin və Monqolstanla sərhəd olan Uyğur türklərinin tarixi torpaqlarıdır. Doğu Türküstanın 1.828 min kv. km. ərazisi var. Paytaxtı Urumçi şəhəridir.

Doğu Türküstan tarixinə qısa səyahət

Bura tarixdə bir çox türk dövlətlərinin qurulduğu bir ərazidir. Tarixi qaynaqlardan öyrəndiyimizə görə, Böyük Hun İmperatorluğu bizim eradan əvvəl IV yüzillikdə burada qurulub, inkişaf etmişdir. Teoman və onun oğlu Mete dövləti bu torpaqlardan yönətmişdir. Eramızın 3-cü yüzilliyində Hun İmperiyasının süqutundan sonra burada Xangil (Kanqgil), Göytürk, Karluk, Türgiş və Uyğur dövlətləri qurulmuşdur. 840-cı ildə Doğu Türküstanda Qaraxanlılar dövləti (840-1212) qurulur. Bu dövlət, İslam dinini qəbul edən ilk türk dövləti idi. Qaraxanlılardan sonra bu torpaqlarda Cığataylılar, Teymurilər, Kaşğarlılar dövləti və Doğu Türküstan Cümhuriyyəti qurulmuşdur.

1755-ci ildə Çin Mançu dövləti Doğu Türküstana hücum edib ağır zərbələr vurdu. 1757 –ci ildə isə bu torpaqları tamamilə işğal etdi. Bu işğaldan sonra Doğu Türküstanın qara günləri başlamış oldu. Yerli xalqlar dəfələrlə zülmə qarşı üsyana qalxdılar və hər dəfə Çin imperialistləri tərəfindən ciddi şəkildə zülmə uğradılar. 19-cu yüzilliyin 60-cı illərində bu torpaqlarda yenidən hərakat başladı. Yaqub Xanın başçılığı ilə 1865-ci ildə burada Kaşğarlı dövləti quruldu. Lakin bir tərəfən Çin, digər tərəfdən Rusiya basqısı altında qalan dövlət 1878-ci ildə süquta uğradı.

20-ci yüzillikdə yenidən ayağa qalxan xalq yeni dövlət qurmağı bacardı. Doğu Türküstan İslam Cümhuriyyəti adlanan bu dövlət 1932-ci il noyabr ayının 12-də elan edildi. Varlığını cəmi 1 il 3 ay qoruyub saxlaya bilən bu dövlət 1934-cü il fevralın 6-da süquta uğradı. Bu dövlətin yıxılmasında “Qızıl ordu”nun böyük rolu olmuşdu.

Bir qədər sonra, 1940-cı illərdə Uyğur xalqı yenidən özgürlük savaşına qalxır. Sonuc olaraq, 1944-cü ildə Doğu Türküstan Cümhuriyyəti qurulur. Lakin bu dövlət də öz varlığını cəmi 5 il qoruya bilir. 1949-cu ildə “qızıl ordu”nun yardımı ilə, kommunist Çin rejimi tərəfindən işğal olunur.

1955-ci ildə formal olaraq Uyğur Muxtar Bölgəsi qurulsa da, bu zamandan etibarən Uyğur torpaqları tam şəkildə Çin işğalı altına keçir. 1950, 1953, 1958, 1962, 1965 və 1968-ci ildə Uyğur xalqı dəfələrlə mübarizəyə qalxsa da, hər dəfə özgürlük istəyi amansızlıqla yatırıldı.

Doğu Türküstan bayrağı

Hal-hazırda tanıdığımız mavi fon üzərində ağ rəngdə ay-ulduzlu bu bayraq Doğu Türküstan İslam Cümhuriyyəti tərəfindən qurulmuş və 1944-cü ildə Doğu Türküstan Cümhuriyyətinin Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Hazırda bu bayrağı saxlamaq, gəzdirmək, təbliğ etmək Çin dövlətində yasaq sayılır. Bu ölkədə üzərində mavi rəngli Doğu Türküstan bayarğı tapılan şəxsi həbs cəzası gözləyir.

Yüz ildən artıqdı ki, başlayan Çin zülmü bu gün də davam etməkdədir. Çin həbsxanaları və bu həbsxanalarda verilən işgəncələr dünyada bəllidir. Burada həbsə atılan Uyğur xalqının bir hissəsi işgəncələr altında qaldığı üçün həbsxanadan çıxmadan canını tapşırdı. Bəzi qaynaqlar Çin rejimi tərəfindən Doğu Türküstan ərzsisindən həbs olunan insanların orqanlarının çıxarılaraq çinli vətəndaşlarına satdığı deyilir.

Bu torpaqlardan həbsə atılan insanların həbsxanalarda yoluxucu xəstəliklərə bulaşdırılaraq öz Uyğur ərazisinə geri qaytarıldığı da deyilir. Beləcə Doğu Türküstanda ölümcül xəstəliklər yaymaqla insanların daha sürətli və əzablı ölümünü meydana gətirmiş olurlar.

Çin dövləti yaşadığımız bu günlərdə də Doğu Türküstana uyğuladığı zülm və işgəncələri davam etdirməkdədir. Qaynaqlar yaşadığımız son bir ayda yüzlərlə doğu türküstanlının həbsə atıldığını yazır. Son günlər həbs olunanlar daha çox Çin dövlətinə qarşı fəaliyyət göstərən təşkilatların üzvü olmaq bəhanəsi ilə tutulur və işgəncələrə məruz qalır.

Uyğur xalqı məhz belə bir şəraitdə öz bayrağını qoruyur və ona sahib çıxır.

Bu qurum Uyğur torpaqlarında və ondan kənarda yaşayan uyğurların haqqını qorumaq uğrunda savaşan və uyğurların səsinini dünyaya çatdırmaq üçün yaradılmış bir təşkilatdır. Hazırda təşkilata Rəbiə Qadir başçılıq edir. Çin dövləti əzilən toplumun haqları uğrunda savaşan bu qurumu terror qurumu olaraq tanıyır. Bu təşkilat 1992-ci ildə Türkiyə Quru Qoşunlarının təqaüddə olan generalı Riza Bekin tərəfindən qurulan Doğu Türküstan Milli Qurultayı, 1996-cı ildə Almaniyada qurulan Dünya Uyğur Gənclər Qurultayı və digər təşkilatların 2004-cü ildə birləşməsi ilə meydana gəlmişdir. Qurum öncə Doğu Türküstan Qurultayı, sonra Doğu Türküstan (Uyğurstan) Qurultayı olaraq fəaliyyət göstərdi. Sonralar qurum Doğu Türküstanın bütövlüyünü qurmağa və qorumağa çalışan missiyya ilə fəaliyyət göstərməyə başladı. Bu dəyişiklikdən sonra Doğu Türküstandan olan uyğur, qazax, qırğız və özbəklər Sürgündəki Doğu Türküstan Hökuməti ətrafında birləşdilər.

Arxeoloji qazıntılar zamanı üzə çıxan tapıntılar Uyğurların əski dönəmlərdən yüksək mədəniyyət yaradıcısı olduğunu bəlli edir. Bu günki Monqol və Mançu əlifbaları 14 hərfli əski uyğur əlifbası əsasında meydana gəlmişdir. İslamın ilk yarandığı illərdə Uyğur bilginləri Hind və Ərəb dilindən tərcümələr edirdilər. Uyğur ədəbiyyatının ən önəmli nümunəsi Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərdiir. Bu əsər uyğur torpaqlarında yaranan və bütövlükdə ümumtürk ədəbiyyatının incilərindən sayılan əsərdir.

X-XV yüzilliklər arasında uyğur ədəbiyyatında Mani və Buddizm inanclarına dayanan iki ədəbiyyat yaranmaqda idi. Bu ədəbiyyat daha çox dini inanclar və tərcümələr üzərində qurulmasına baxmayaraq uyğur dilinin zənginləşməsində böyük rol oynadı. 18-ci yüzillikdən başlayan Çin istilaları uyğur ədəbiyyatında yeni dastanların yaranmasına rəvac verdi. Bu dastanlardan ən məşhuru “Nazuqum dastanı”dır. Dastan Çin zülmünə qarşı dirəniş motivləri əsasında qurulmuşdur. Bu dövrdə yaranan dastanlar Abdurrahim Nizari, Turdi Qaribi, Bilal Nazim, Molla Şakir, Seyid Məhəmməd Kaşi və digərləri tərəfindən yazıya alınmışdır.

20-ci yüzilliyin əvvəllərindən etibarən modern uyğur ədəbiyyatı meydana gəlməyə başlayır. Bu illərdə yaranan ədəbiyyatın əsas mövzusu imperializmə, müstəmləkəçiliyə, feodalizmə və cəhalətə qarşı mücadilə aparmaq idi. Bu dövrdə mərkəzi Kaşğar olmaqla, Əbdülqadir Əbdülvaris Əzizinin təşəbbüsü və rəhbərliyi ilə fəaliyyət göstərən cədidizm cərəyanı yeni uyğur ədəbiyyatının yaranmasında böyük rol oynamışdı.

Hazırladı Pərvanə Dadaşzadə

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb