Qüdrət Həsənquliyev: “Hamı bilir ki, bu obyektlər kimindir”

"Bu sahədə qayda-qanun yaradılsa, hamı görəcək ki, qanun hamı üçündür”

Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev paytaxtda fəaliyyət göstərən sahibkarlarla bölgələrdəki sahibkarlara fərqli yanaşmasını doğru saymadı. “Onsuz da sənaye müəssisləri 7 il idi vergidən azad idi, indi bu müddəti 3 il də artırırıq. Rayonlarda iqtisadi durum, sahibkarlığın vəziyyəti daha pis vəziyyətdədir. Ona görə də güzəşt rayonlara olmalıdır, nəinki Bakıya. Quş əti ilə bağlı güzəşt edirik. Bəs rayonlarda quş əti idxal edənlər öz mallarını necə satsın? Burada rəqabətlilik harda oldu?”

Q.Həsənquliyev dedi ki, Formula-1 yarışları ilə əlaqədar olaraq fərdi güzəşt edilir: “Bu, hökumət səviyyəsində himayəçilikdir. Ona görə də biz bu maddələrə səs verməməliyik”.

Deputat əlavə etdi ki, vətəndaşların vergiyə inamını artırmaq üçün “tolkuçka”lardan başlamaq lazımdır: “Hamı bilir ki, bu obyektlər kimindir. Onlardan vergi yığılsa, digər sahibkarlar da vergidən yayınmaz”.

Daha sonra Q.Həsənquliyev nazir Mikayıl Cabbarova xitab etdi:

“Bakının mərkəzi köşklərlə doludur. Həmin köşklərdə, şüşələrin arxasında siqaretlər reklam olunur. Bu sahədə qayda-qanun yaradılsa, hamı görəcək ki, qanun hamı üçündür”.

Deputat toy mərasimləri ilə bağlı təklif edilən dəyişikliklərə də etiraz etdi: “Toylarda elə artistlər var ki, 10-14 min manata toylara gedirlər. 30 manat aylıq nə sadələşdirilmiş vergi ola bilər? Biz çəkməçidən 5 manat alırıq, bir toyda 10 min pul qazanan müğənnidənsə 30 manat. Bu, nə dərəcədə ədalətli vergi tətbiqidir?”

Ancaq Q.Həsənquliyev dedi ki, digər dəyişikliklər mütərəqqi dəyişikliklərdir: “Əgər təkliflərim nəzərə alınsa, Məcəlləyə səs verəcəyəm”. (musavat.com)

AzNews.az