“Bu kəmər Azərbaycana BTC-dən 5-6 dəfə çox divident gətirəcək" “Bu kəmər Azərbaycana BTC-dən 5-6 dəfə çox divident gətirəcək"

TANAP Azərbaycanın yeni tanıtım nişanıdır - ekspert

“Bu kəmər Azərbaycana BTC-dən 5-6 dəfə çox divident gətirəcək"

Xəbər verildiyi kimi, noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürəcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək.

Türkiyə mediasının yazdığına görə, bu barədə qonşu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, TANAP “Türk axını” kəmərinin rəqibi sayılır: “TANAP ən vacib layihələrimizdən biridir. Kəməri noyabrın 30-da istifadəyə verməyi planlaşdırırıq ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər”.

Qeyd edək ki, “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib. İyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın ötürülməsinə başlanıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olan TANAP-la ildə 16 milyard kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və “SOCAR Türkiye Enerji A.Ş” (7faiz) şirkətləridir.

İlkin mərhələdə TANAP-ın 11,6 milyard dollara başa gələcəyi nəzərdə tutulsa da, layihənin icrası prosesində vəsaitlərin 45 faizinə qənaət olunub. TANAP-ın baş direktoru Saltuk Düzyolun verdiyi məlumata görə, layihə proqnozlaşdırılan vaxtda tamamlanıb: “Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərclər 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər vəsaitlərə 45 faiz qənaət olunub. Bu layihə ilə 6,5 milyard dollarlıq sərmayə cəlb edilib”.

S.Düzyolun sözlərinə görə, kəmərin tikintisi üçün torpaq sahələrinin əhalidən alınmasına xərclənən vəsait də nəzərdə tutulduğundan az olub. Belə ki, başlanğıcda bu məqsədlə 130 milyon dollar nəzərdə tutulmuşdu: “Lakin türk lirəsinin dollar qarşısında dəyər itirməsi xərcləri azaldıb. Bu günə qədər nəzərdə tutulan 130 milyon dollardan 70 faizə qədəri xərclənib”.

İndiyədək TANAP-la Türkiyəyə 3 milyard kubmetrdən yuxarı qaz nəql olunub.

Azərbaycan qazını TANAP-dan alaraq Avropa ölkələrinə çatdıracaq TAP (Trans Adriatik Boru Xətti) kəmərinin tikintisi üzrə işlərin 90,5 faizi yerinə yetirilib. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərin ötürücülük gücü ildə 10 milyard kubmetrdir, gələcəkdə 20 milyard kubmetrə qədər genişləndirilmək imkanı var. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33 faizini, Yunanıstanın 20 faizini, İtaliyanın isə təxminən 10,5 faizini qarşılayacaq. BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək.

İlham Şaban ile ilgili görsel sonucu

TANAP-ın Azərbaycan üçün əhəmiyyətini dəyərləndirən enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, əgər bu boru kəməri olmasaydı Azərbaycanın böyük qazı hasil edilməyəcəkdi: “Çox güman ki, Cənub Qaz Dəhlizi də inşa olunmayacaqdı və ya onun reallaşması elə Nabucco kimi hələ bir onillik də danışıqlar predmeti olaraq qalacaqdı. Məsələnin bir balaca tarixinə gedək. Avropanın siyasi və iqtisadi dairələri əslində adı opera tamaşasından götürülmüş ”Nabucco"nu gerçəkləşdirmək yox, onun vasitəsilə bazara səs salmaq niyyətində idilər. Məqsəd isə Rusiya kimi qaz çəlləyinin imkanlarından XXI əsrdə daha əlverişli şərtlərlə istifadə imkanı əldə etmək idi. Sonrakı dövr göstərdi ki, Qərb pul-para siyasətində həddən ziyadə zirəngdir. Rusiyanın ona çatması mümkünsüzdür. Çünki kapital ölkəsi deyil, ona malik olmağa can atır, bu isə fərqli kateqoriyalardır".

Ekspert hesab edir ki, rəsmi Bakı vaxtında “enerji oyununun nəbzini” duya bildi: “2011-ci ilin sonunda Qərb üçün gözlənilməz bir addım atdı - infrastrukturu özümüz - yəni qardaş Türkiyə ilə - tikəcəyik. Bunu ona bənzədirəm ki, 8 cərgəlik bir avtomagistralda tıxacdasınız. Başa düşürsünüz ki, süni yaradılıb. Və birdən qonşu cərgədə 2 maşınlıq yer açılır, tez özünüzü verirsiniz ora və sonra daha o biri cərgənin arasında maşınlar arasına dürtülə-dürtülə irəli getməyə müvəffəq olursunuz. Kimsə siqnal verir, deyir hara gedirsən. Siz isə nəzakətlə gülümsəyir ”ay moment" deyib, növbəti maşını geridə qoyursunuz... Və 2018-2019-cu il finiş. Təxmini buna bənzər bir vəziyyətdə Azərbaycan uğurla irəliləyə bildi. Dünya enerji bazarında 2015-ci ildə qiymətlər dəfələrlə azalanda iş yerləri ixtisarlar edilir, kapital xərcləri minimuma endirilirdi. Məhz həmin il TANAP-ın fiziki işlərinə start verildi. O zaman qonşu Rusiya mətbuatında TANAP əleyhinə nə qədər yazılar gedirdi, hətta Putin Azərbaycanın adını çəkmədən mətbuat konfransında deyirdi ki, Avropa alternativ mənbədən qaz almaq istəyir, baxaq görək ala biləcəkmi. Niyə belə deyirdi? Çünki “Türk axını”nı bitirib 2017-ci ilin əvvəlində artıq bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, Putinin marşrutu isə hələ də tikilir. Və yaxud Xəzərin o tayında Türkmənistan 2015-ci ildə TAPI deyilən masştablı - buraxıcılıq gücü ildə 33 milyard kubmetr olan qaz infrastrukturunun tikintisinə start verdi. 2018-də bitirməliydilər. Bu il qaz getməliydi Əfqanıstan- Pakistan-Hindistan marşrutu üzrə. Bu günə qədər heç Türkmənistan ərazisində qaz kəməri tikilib başa çatmayıb. Bu baxımdan, Azərbaycanın tərəfdaşları ilə birgə ölkə sərhədlərindən kənarda meqa bir infrastrukturu zamanında reallaşdırması təqdirəlayiq bir hadisədir. Özü də təkcə ona görə yox ki, layihənin reallaşdırılması zamanı 5 milyard dollar kapital qoyuluşuna qənaət edildi. Əsas qazanc qarşıdadır: ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti xaricdə boru kəmərinin operatoru rolunda çıxış edir. TANAP Azərbaycanın xaricdəki dəyərli aktivi və Azərbaycanın yeni tanıtım nişanıdır".

İ.Şabanın sözlərinə görə, TANAP - real olaraq infrasturkturdan Azərbaycana gəlir gətirən ən önəmli layihə olacaq - onun gəlirləri Bakı-Tiflis-Ceyhanın Azərbaycana gətirdiyi dividentlərdən çox olacaq: “BTC hazırda illik 100 milyon dollar ətrafında divident gətirir Azərbaycana. TANAP-dan gələcək gəlirlərin isə bundan 6-7 dəfə çox olması planlaşdırılır”.

Onu da qeyd edək ki, son illərdə maye qaz bazarı sürətlə genişlənməkdədir. Bəzi analitik mərkəzlər maye qazın yaxın onillikdə boru qazını ciddi şəkildə sıxışdıracağını proqnozlaşdırırlar. Bu proses Cənub Qaz Dəhlizinin əhəmiyyətini azaldan faktora çevrilə bilərmi? İ.Şabanın sözlərinə görə, maye qaz bazarı ümumi qaz bazarının tərkib hissəsidir və bazarın mütəhərrikliyinə xidmət edən amildir: “Yəni boru kəməri istehsalçı ilə istehlakçını bir-birinə bağlayır və burada manevr imkanları məhduddur. Tankerlərlə qazın daşınması zamanı isə bazarın imkanları genişlənir. Lakin Azərbaycanın TANAP və TAP-la Avropaya çıxaracağı qazın alıcıları artıq məlumdur, müqavilələr imzalanıb. Bu isə dəhlizlə nəql olunacaq qazın əvvəlcədən satıldığı deməkdir”. (Musavat.com)

AzNews.az