“Ailədəki gərginliklər məktəbdə aqressiyaya çevrilir” - Ramin Nurəliyev

“Ümumtəhsil məktəblərində şagirdlərin aqressiyası, müəllimlərə qarşı hörmətsizlik və ümumi nizam-intizam qaydalarını pozması bir neçə səbəbdən qaynaqlanır. Mən bu məsələnin əsas səbəbini ilkin olaraq ailə mühitində görürəm. Hər bir uşaq evdən gətirdiyi tərbiyəni məktəbdə də sərgiləyir. Əgər ailədə müəyyən problemlər varsa, ailədaxili münaqişələr davam edirsə və yaxud da uşaq psixoloji travmalar alıbsa, o uşaq məktəbdə də eyni davranışları nümayiş etdirəcək. Ona görə bu məsələdə ilkin olaraq ailə tərbiyəsi önəmlidir. Yəni, ailə tərbiyəsi daha sağlam, münaqişələrdən uzaq, ali təhsilli və ya qayğıkeş ailələrdən gələn uşaqlarda ciddi problemlər demək olar ki, müşahidə olunmur. Lakin ailədaxili münaqişələr yaşayan, daxili təzyiqlərə məruz qalan və psixoloji problemləri olan uşaqlarda bu hallar daha çox görünür və bu problemlər orta ümumtəhsil məktəbinə qədər də davam edir. Əgər uşaq məktəbdə də bu davranışları sərgiləməsə belə, hərbi xidmətdə və ya cəmiyyətin digər sahələrində eyni davranışları nümayiş etdirəcək. Ona görə də ailə mühitində formalaşan tərbiyə uşağın davranışlarının ilkin və əsas mənbəyidir. Bununla yanaşı, orta ümumtəhsil məktəblərinin də üzərinə böyük məsuliyyət düşür. Məktəbin idarəedici heyəti, müəllimlər və sinif rəhbərləri nizam-intizam qaydalarını, şagird etik davranışlarını, hüquq və vəzifələrini tam şəkildə bilməli və tətbiq etməlidirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanda məktəblərdə şagirdlərin aqressiv davranışı və müəllimlərə hörmətsizlik halları artıb. Ekspertlər bunun səbəbini həm ailə tərbiyəsinin, həm də məktəblərin sosial‑mənəvi tərbiyə funksiyasının zəifləməsində görürlər. Məktəblərin 17 %-ində ciddi davranış problemləri mövcuddur və “Şagird Davranış Qaydaları” pilot layihəsi çərçivəsində tədbirlər görülür, lakin nəticələr hələ geniş yayılan deyil.

Ekspert bildirib ki, məktəb rəhbərliyi məktəbi nizamnaməyə uyğun idarə etməli, şagirdlərin hüquq və vəzifələrini tam bilməli və onları düzgün tətbiq etmə bacarığına malik olmalıdır.

"Şagird intizamsızlıq etdikdə, məktəb rəhbərliyi vaxtında və uyğun tədbir görməli, şagirdə şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət və ya müvəqqəti uzaqlaşdırma kimi cəzalar tətbiq etməlidir. Valideynlər mütəmadi olaraq məktəbə dəvət olunmalı və şagirdin davranışları ilə tanış olmalıdır. Bu yanaşma həm uşağın öz məsuliyyətini anlamasına, həm də digər şagirdlər üçün ibrət olmasına səbəb olur. Məktəb rəhbərliyi və müəllimlər hüquq və vəzifələrini mükəmməl bilsələr, şagird qarşısında heç vaxt aciz qalmayacaqlar. Əks halda, hüquq və vəzifələrini bilməyən idarəçilər və müəllimlər intizamsızlıqlara düzgün müdaxilə edə bilməzlər. Mən müşahidələrimə görə, orta ümumtəhsil məktəblərinin 50-60 faizində müəllimlər öz hüquq və vəzifələrini kifayət qədər bilmir, intizamsızlıq hallarında hansı addımlar atmalı olduqlarını bilmirlər. Əgər məktəb rəhbərliyi və müəllimlər hüquqlarını və vəzifələrini düzgün bilsələr, şagird qarşısında heç vaxt aciz qalmazlar və intizamsızlıqların qarşısını vaxtında ala bilərlər. Şagirdin intizamsızlığı zamanı valideynin məktəbə dəvət olunması, şagirdin öz məsuliyyətini anlaması və digər şagirdlər üçün nümunə olması üçün vacibdir. Töhmətlər şagirdlərin görə biləcəyi yerlərdə yerləşdirilməli, şagird töhmət aldısa və öz davranışını dəyişdirsə, təşəkkürnamə ilə təşviq edilməlidir. Bu həm uşağın özünə müsbət təsir göstərəcək, həm də digər şagirdlər üçün ibrət olacaq. Məktəb rəhbərliyi və müəllimlər nizam-intizam qaydalarını və şagird davranış qaydalarını mükəmməl bilsələr, şagird qarşısında heç vaxt aciz qalmayacaqlar. Bundan əlavə, məktəbdə sosial fəaliyyətlərin təşviqi vacibdir. Uşaqların davranışlarını düzəltmək və pozitiv nümunələr yaratmaq üçün ağac əkmək, ehtiyacı olanlara yardım etmək, qocalara dəstək göstərmək kimi fəaliyyətlər həyata keçirilməlidir. Sosial platformalardan və mediadan gələn mənfi təsirləri məktəb müsbət fəaliyyətlərlə əvəz etməlidir. Mətbuat da bu prosesdə böyük rol oynayır. Müsbət davranışları, nailiyyətləri və uğurlu layihələri işıqlandırmaq, məktəblərdə baş verən müsbət işləri təqdim etmək cəmiyyətdə müsbət nümunələrin yayılmasına xidmət edir. Məktəbdə və cəmiyyətdə müsbət davranışların nümayişi həm uşaqlara, həm valideynlərə, həm də müəllimlərə motivasiya verir və ümumi təhsil mühitinin keyfiyyətini artırır. Ümumiyyətlə, məktəb, valideyn və cəmiyyət birlikdə çalışmalı, uşaqlarda aqressiv və intizamsız davranışların qarşısını almaq üçün sistemli və ardıcıl iş aparmalıdır. Məktəb yalnız tədris ocağı deyil, eyni zamanda tərbiyə mərkəzi olaraq da fəaliyyət göstərməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az