Evlərin qiyməti sürətlə bahalaşır - QİYMƏTLƏR

Ən ucuz evlər Abşeron və Masazır ərazisində və şəhərətrafı yerlərdədir

Hazırda yay fəsli olduğundan tikintiyə daha çox üstünlük verilir.

Bu da inşaat və tikinti materialları bazarında canlanmaya səbəb olub. Son zamanlar daha çox tələbat artan tikinti materiallarının qiymətində bahalaşma var. Bunlar sement, mişar daşı, o cümlədən taxta, dam örtükləri və kafel-metlaxdır.

AzNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, əmlak ekspertləri bu bahalaşmanı iki amillə səciyyələndirirlər:

Birinci amil inşaat normativlərinin sıxışdırılmasıdır, yəni əvvəl tikinti şirkətləri 50-60 min kvadratmetr sahədə bina tikirdilərsə, hazırda bu yer iki dəfə azaldılıb və bu da şirkətlərin maya dəyərinə təsir edib. Nəticədə qiymət artımı yaranıb.

İkinci amil isə 2021-ci ilin əvvəlindən inşaat şirkətlərinin yeni vergiyə cəlb olunması ilə bağlıdır. Artıq tikinti şirkətləri inşaat mallarını qara bazardan deyil, ƏDV və başqa xərcləri ödəyərək rəsmi şəkildə əldə edirlər. Bu da qiyməti artırır.

İşğaldan azad olunan ərazilərdə bərpa işlərinin aparılması da bahalaşmaya səbəb olan amillərdəndir.

Tikinti materiallarındakı qiymət artımı daşınmaz əmlak bazarına birbaşa təsir edir.

Onların əmlak bazarına təsiri ilə bağlı danışan ekspert Elnur Azadov hazırda mənzillərin qiymətində 10-15 % bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, bu bahalaşma daha çox yeni tikililərdə müşahidə edilir:

“Hazırda tikinti materiallarında ikinci mərhələdə də bahalaşma olduğundan bu, daşınmaz əmlak sektorunda qiymət artımı yaradıb. Ən ucuz evlər Abşeron və Masazır ərazisində və şəhərətrafı yerlərdədir.

Burada yeni bina evlərinin 1 kvadrat metri 600 AZN-dən başlayır.

Sumqayıt və Xırdalanda isə 1 kvadrat metr 850 AZN-dən başlayan qiymətlərlə təklif edilir. Şəhər mərkəzinə yaxın hisslərə doğru isə bu qiymət 1000-1100 AZN təşkil edir.

Paytaxtın mərkəzində mənzillərin 1 kvadramteri 1500-2000 AZN arasında dəyişir. Tam mərkəzdə isə evlərin 1 kvadrat metri 2500 AZN-dir.

Şəhər ətrafındakı fərdi evlərin qiymətində isə yanaşma fərqlidir. Burada torpaq sahəsi və onun tikintisinə çəkilən xərc də nəzər alınır. Lakin ümumilikdə şəhər ətrafı ərazilərdə fərdi evlərin 1 kvadrat metri 500-600 AZN-dən başlayır”.

Qeyd edək ki, iqtisadiyyatın stabil olduğu dövrlərdə belə əmlak sektorunda qiymət artımı baş verib. Sadəcə 2010 və 2016-cı illərdə mənzil bazarında nisbətən qiymətlərin azalması tendensiyası müşahidə edilib.