Dövlət Agentliyi I yarımildə satınalmaya dair 501 yekun protokolu ləğv edib

Bu ilin I yarısında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi satınalan təşkilatların müxtəlif maneələrin yaradılması ilə bağlı 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətinə baxıb.

AzNews.az agentliyə istinadən xəbər verir ki, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.

Yanvar-iyun aylarında təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin “E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə olunması üçün Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlər toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmələr aparılıb.

AzNews.az