Azərbaycan Biznesinin İnkişafı Fondu 9 ayda 1 600-ə yaxın layihəni maliyyələşdirib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə sənaye və müxtəlif digər sahələrin inkişafına yönəldilib.

Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu kreditlərin 76 %-i regionların payına düşür.

Nazirin sözlərinə görə, ABİF-in vəsaitləri hesabına banklar vasitəsilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarlara ümumi dəyəri 564 milyon manat olan 1 590 investisiya layihəsi üzrə 250 milyon manat güzəştli kredit verilib.

M. Cabbarov qeyd edib ki, maliyyələşdirilən layihələrin 99,7 %-i say etibarilə, 87,8 %-i isə kredit məbləği baxımından mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

Bu kreditlər hesabına təxminən 3 500 yeni iş yerinin yaradılması imkanı yaranıb.