- Siyasi müzakirə
- 3 Noyabr 20:05
- 2 772
“Rusiya hərbi əməliyyatları dayandırmaq niyyətində deyil” - Azad Məsiyev
“Rusiya-Ukrayna münaqişəsində Rusiya hazırda Ukraynanın təxminən 20–25 faiz ərazisinə nəzarət edir və bu münaqişə getdikcə Ukraynanın dərinliklərinə doğru irəliləməkdə və genişlənməkdədir. Baxmayaraq ki, beynəlxalq miqyasda, xüsusilə ABŞ başda olmaqla NATO bloku bu münaqişədə de-fakto iştirak edir və Ukraniyaya bütün vasitələrlə – siyasi, iqtisadi, maliyyə, hərbi, kəşfiyyat və informasiya dəstəyi verir. Bu dəstəyin olmasına baxmayaraq, Rusiya hərbi əməliyyatlarını davam etdirir və Ukraynanın dərinliklərinə doğru irəliləyir. Münaqişə dövründə dəfələrlə ABŞ Prezidenti tərəfindən vasitəçilik təşəbbüsləri irəli sürülüb, Rusiya rəhbərliyi ilə görüşlər keçirilib və döyüşlərin dayandırılması üçün təkliflər təqdim edilib. Ukrayna Prezidenti də dəfələrlə atəşkəs və münaqişənin dondurulması çağırışları edib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Rusiya ordusu son sutka ərzində Ukraynanın Pokrovsk istiqamətində 68 dəfə hücuma keçsə də, bu cəhdlərin hamısı Ukrayna qüvvələri tərəfindən dəf olunub. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin orduya noyabrın 15-dək Mirnoqrad və Pokrovsk aqlomerasiyasını tam nəzarətə götürmək tapşırığı verib. Son günlər rus qoşunları Pokrovskun mərkəzi və şəhərin cənub-şərq hissəsi istiqamətində irəliləməyə çalışıb, lakin Ukrayna Silahlı Qüvvələrinin güclü müdafiəsi nəticəsində ciddi itkilər verib.
Siyasi şərhçi qeyd edib ki, Rusiya tərəfi atəşkəsin əldə olunmasını öz maraqlarına uyğun saymır.
"Çünki Moskva düşünür ki, münaqişənin dondurulması Ukraynanın əlini gücləndirə və gələcəkdə döyüşlərin bərpasına səbəb ola bilər. Rusiya üçün əsas məqsəd strateji əhəmiyyətli şəhərləri və mühüm obyektləri ələ keçirməklə Ukraynanı danışıqlar masasına məcbur etməkdir. Rusiya Prezidenti son çıxışlarında hərbi rəhbərliyə tapşırıq verib ki, noyabr ayının ortalarına qədər bir neçə strateji şəhər və obyekt nəzarətə götürülsün. Bu şəhərlərin ələ keçirilməsi Rusiyaya həm hərbi, həm də diplomatik müstəvidə üstünlük qazandıracaq. Beləliklə, Moskva gələcək danışıqlarda daha sərt şərtlər irəli sürmək imkanı əldə edəcək. Bu, Qərbə də bir mesajdır: nə qədər Ukraynaya dəstək verilsə də, Rusiya faktiki irəliləyir, yeni əraziləri nəzarətə götürür və real güc balansında üstün tərəf olaraq qalır. Ekspertlərin fikrincə, bu, həm də NATO və Avropa İttifaqı daxilində Ukraynaya yardım məsələsində fikir ayrılıqlarını dərinləşdirir. Hazırda Rusiya təkcə hərbi deyil, həm də siyasi və iqtisadi baxımdan üstün mövqedədir. Ukraynanın təbii sərvətlərinin təxminən 70 faizinə nəzarətin Rusiya Silahlı Qüvvələrinin əlinə keçməsi bu üstünlüyü daha da möhkəmləndirir. Nəticə etibarilə, bu münaqişədə beynəlxalq hüquq deyil, mövcud reallıqlar və güc balansı həlledici rol oynayır. Rusiyanın irəli sürdüyü şərtlər qəbul edilmədiyi təqdirdə nə atəşkəs, nə də münaqişənin dayandırılması real görünür. Əksinə, yeni şəhərlərin ələ keçirilməsi Moskvanın siyasi mövqelərini daha da gücləndirəcək və Rusiya danışıqlarda diktə edən tərəf kimi çıxış edəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az