“Satışın miqdarının aşağı salınması avtomobil bazarını iflic vəziyyətinə salıb” “Satışın miqdarının aşağı salınması avtomobil bazarını iflic vəziyyətinə salıb”

“Avtomobil bazarı çökür” - Ekspertdən həyəcan təbili

“Satışın miqdarının aşağı salınması avtomobil bazarını iflic vəziyyətinə salıb”


AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bu ilin ilk 2 ayında ölkəyə cəmi 737 minik avtomobili və 9 avtobus idxal olunub:

"Ölkəyə orta hesabla hər ay 369 minik avtomobili gətirilir ki, bu da ötən ilin orta aylıq göstəricisindən 5, 2014-cü ilin uyğun göstəricisindən 13 dəfəyə qədər azalmanı ifadə edir. Bunun başlıca səbəbi ilin sonunda məşhurlaşan NAZ-Lifan olsa idi, belə nəticəni yalnız alqışlamaq olardı. Belə ki,iİllik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodunda ötən il 2000-dək avtomobil yığılması nəzərdə tutulurdu".

İqtisadçı-ekspert avtomobil bazarında yaranmış acınacaqlı vəziyyətin başlıca səbəbini iqtisadiyyatda yaranan durğunluqla ifadə edib: "Bu səbəbdən də avtomobil dilerləri və bu bizneslə fərdi məşğul olan sahibkarlar hazırkı böhrandan ən çox ziyan çəkənlər sırasındadır".

Q.İbadoğlu qeyd edib ki, ölkədə bu sahədə idxal biznesi ilə məşğul olanların hamısı zərərlə fəaliyyət göstərirlər: "Hazırkı sosial-iqtisadi durumun təhlili göstərir ki, avtomobil biznesi sahəsində yaranmış problemi yaxın zamanlarda həll etmək mümkün olmayacaq. Bunun səbəblərindən biri də yeni avtomobillərin qiymətlərinin manatla kəskin bahalaşması və eyni zamanda onların manatla kreditə satış şərtlərinin ağırlaşdırılmasıdır. Belə ki, banklar kreditləşdirmə şərtlərini sərtləşdirdiyindən, eyni zamanda manatla olan yeni qiymətlərə uyğunlaşma problemi mövcud olduğundan buraxılış ili yeni, ailə büdcəsinin strukturunda gedən dəyişikliklərə görə əhali tərəfindən iri alışlar təxirə salındığından isə istifadə olunmuş avtomobillərə tələbat xeyli məhdudlaşıb. Bu isə bir tərəfdən istifadə olunmuş avtomobillərin qiymətlərinin enişini şərtləndirməklə, digər tərəfdən isə satışın miqdarını aşağı salmaqla avtomobil bazarını iflic vəziyyətinə salıb".

Ekspertin fikrincə, yeganə çıxış yolu alıcılıq qabliyyətinin bərpa olunması üçün yeni və istifadə olunmuş avtomobilləri münasib qiymətlərlə və uzunmüddətli aşağı faizli kreditləşmə yolu ilə satışını təşkil etmək, avtomobil idxalı üçün hazırda tətbiq olunan yüksək rüsum və aksiz dərəcələrini aşağı salmaqdır: "Əks təqdirdə əvvəl aylar, sonra illər dəyişərək, yalnız fiziki deyil, həm də mənəvi köhnəlməyə məruz qalan avtomobillərin dəyərlərini itirəcək. Ölkənin avtomobil parkının yenilənmə sürəti aşağı düşəcək ki, bunun da nəticəsində ən çox insanlar və təbiət ziyan çəkəcək. Ölkədə, xüsusilə də Bakı şəhərində ətraf mühiti daha çox çirkləndirən maşınların sayı artaraq ekoloji fəlakəti gücləndirəcək. Avtomobil idxalının aşağı düşməsinin yeganə müsbət effekti yollarda hərəkətin sıxlığı ola bilər. Lakin bu da yolların vəziyyətindən, hərəkətin idarə olunmasından və sürücülük mədəniyyətindən asılı məsələdir".

Bahar RÜSTƏMLİ
AzNews.az