Brent markalı neft iyunda 6%, rüb ərzində 9,5% ucuzlaşıb

Dünya birjalarında neft son 6 ayın ən uzunmüddətli rallisinə hazırlaşır.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-da neft hasilatının və benzin ehtiyatların həcminin azalması investorlarda OPEC və kartelə üzv olmayan ölkələr tərəfindən neft hasilatının azaldılmasına dair razılaşmasının effektivliyinə inamı artırır.

Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar və ya 0,89% artaraq 45,33 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar və ya 0,65% artaraq 47,73 dollar olub.

Beləliklə, Nyu-York birjasında neftin qiyməti dalbadal 7 sessiya artmaqdadır.
Ötən həftə ABŞ-da sutkalıq neft hasilatı təxminən 100 min barel azalıb. Buna səbəb Alyaskada təmir işlərinin aparılması və Sindi tropik qasırğasının baş verməsidir. Bununla yanaşı, ölkənin benzin ehtiyatları iki həftə ard-arda azalmaqdadır.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl Mazruey bildirib ki, OPEC və onun tərəfdaşları neft bazarının stabilləşməsi ilə bağlı heç bir narahatlıq keçirmir və əlavə həcmdə hasilatın azaldılmasına dair müzakirələrə ehtiyac yoxdur. Nazir əlavə edib ki, III və IV rübdə neftə olan tələbatın artması bazarı balanslaşdıracaq.

Bu həftə ərzində neftin bahalaşmasına baxmayaraq, iyun ayında "qara qızıl"ın qiyməti ciddi təzyiqlərlə üzləşib. WTI markalı neft arxada qoyduğumuz ay ərzində 6,2%, II rüb ərzində isə 10% ucuzlaşıb. Brent markalı neftin qiyməti isə iyunda 4,9%, rüb ərzində 9,5% azalıb.

Neftin kəskin ucuzlaşmasının əsas səbəbi kimi OPEC+ razılaşmasının effektivliyinə dair şübhələrin mövcudluğu göstərilirdi.
Bu proseslər fonunda bir sıra beynəlxalq maliyyə təşkilatları neftin qiymətinə dair proqnozları xeyli aşağı salıb.

"PVM Oil Associates" şirkətinin analitiki Stiven Brennok deyir: "Neft bazarında balansın yaranmasının yaxın olduğunu demək üçün əsaslarımız var. Lakin bu rallinin nə qədər dayanıqlı olduğunu demək çətindir. Neftin qiymətinin bərpası üçün bir sıra maneələr qalmaqdadır".

AzNews.az