“Yeni təyinat vergi siyasətinin liberallaşdırılmasına imkan verəcək” - Ekspert

Vergi siyasətində islahatlar qaçılmazdır.

Bunu AzNews.az-a Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər naziri postuna yeni təyinata münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramlı deyib. Vergi siyasətinin sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsində həlledici rolunu vurğulayan mütəxəssisin fikrincə, yeni nazirdən əsas gözlənti liberal vergi siyasətinin yürüdülməsidir:

"Vergi siyasəti çox strateji əhəmiyyət daşıyır. Yeni təyinatdan gözlənti, ilk növbədə, ondan ibarətdir ki, Azərbaycanda vergi siyasətinin liberallaşdırılmasını həyata keçirəcək. Ölkəmizdə vergi dərəcələrinin optimallaşdırılmasına ehtiyac var. Xüsusilə, əlavə dəyər vergisinin diferensiallaşdırılması, əlavə dəyər vergisinin dərəcələrinə baxılması, vergi ödəyiciləri üçün daha aşağı dəyər vergisinin tətbiq edilməsinə ehtiyac böyükdür. Eyni zamanda, fiziki şəxslərin gəlir vergisinin də dərəcələrinə baxılması və bu dərəcələrin tənzimlənməsi olduqca vacibdir. Yeni təyinatla sahibkarlığın inkişafını stumallaşdıran, ölkənin qeyri-neft potensialını genişləndirən vergi siyasətinin həyata keçirilməsi gözlənilir. Çünki real vəziyyətlə, vergi dərəcələrinə baxılması və optimallaşdırılması çox vacibdir. Yeni nazir tərəfindən qeyd etdiyim məsələlər tətbiq olunarsa, bu, nəticə etibarı ilə həm sahibkarlığın inkişafını stumullaşdıracaq, həm də imkan verəcək ki, daha liberal vergi siyasəti hesabına qeyri neft sektorunun ixrac qabiliyyətini artırmaq mümkün olsun".

Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla Vergilər naziri Fazil Məmmədov və Təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu Vergilər naziri təyin edib.

Lalə Nurəddinqızı
AzNews.az