“Daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək”

Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımının il ərzində davam edəcəyi gözlənilir.

“Report”un verdiyi xəbərə görə, bunu “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib:

“Hazırda daşınmaz əmlak bazarında az da olsa artım var. Fevral ayının yekununa görə aylıq 1%-dən bir qədər çox, ilin əvvəli ilə müqayisədə isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Bu tendensiyanın il ərzində davam edəcəyi gözlənilir. Tədricən də olsa bəzi aylar istisna olmaqla, artım olacaq.”

Ekspertin sözlərinə görə, təkrar mənzil bazarında qiymət artımı yoxdur, hətta cüzi azalma var.

“İlkin mənzil bazarında əhəmiyyətli qiymət artımı qeydə alınıb. Torpaq bazarında da mövsümi ayların gəlişi ilə bağlı olaraq az da olsa artım var. Amma kommersiya obyektləri bazarında qiymət artımı yoxdur. Hələ ki, stabillikdir”- N.İbrahimov qeyd edib.

AzNews.az