DGK sədri Səfər Mehdiyev BP nümayəndələri ilə görüşdü

Avqustun 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzNews.az-a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin gerçəklədirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı ətraflı məlumat verib və əyani olaraq bu yeniliklərlə qonaqları tanış edib. Azərbaycan Gömrük Xidmətinin gömrük işinə dair hazırladığı və həyata keçirdiyi müxtəlif layihələrin beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini və bir sıra ölkələrə tövsiyə olunduğunu diqqətə çatdıran Komitə sədri ÜGT-nin İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçiriləcəyini, bu mötəbər tədbirdə BP şirkətinin də iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons “Əsrin müqaviləsi”ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan Qəri Cons gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Azərbaycan gömrüyünün xüsusilə, informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük, xoş təəssüratılar yaratdığını bildirən Q. Cons bu uğurların davamlı olacağına əminliyini ifadə edib.

Nigar Cəfər
AzNews.az

image description image description image description image description