TÜRKPA-ya baş katibliyi Qazaxıstan edəcək

Bu gün Bakıda TÜRKPA baş katibi Ramil Həsənovun diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul keçirilib.

APA-nın məlumatına görə, toplantıda Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay, bir sıra ölkələrin Bakıdakı səfirləri, deputatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən R. Həsənov TÜRKPA-nın fəaliyyət göstərdiyi 5 illik dövrdəki nailiyyətlərindən danışıb. O qeyd edib ki, oktyabrın 1-dən etibarən onu Qazaxıstandan olan diplomat Jandos Asanov əvəz edəcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bildirib ki, TÜRKPA türkdilli ölkələr arasında yaxınlaşmanı daha da sürətləndirib. O, R. Həsənovun fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə yeni baş katib Jandos Asanov da iştirak edib.

Qeyd edək ki, TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunub.

29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) I. plenar sessiyası keçirilib. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir.

R. Həsənov Assambleyanın 29 sentyabr 2009-cu il tarixində Bakıda keçirilən ilk Plenar Sessiyasında 4 illik müddətə TURKPA-nın ilk baş katibi seçilib.

AzNews.az