Azərbaycan kimi Gürcüstan da Cənubi Qafqazın gəzməli-görməli ölkəsidir Azərbaycan kimi Gürcüstan da Cənubi Qafqazın gəzməli-görməli ölkəsidir

Napoleonun ölüm maskası Gürcüstandadır - Yol qeydləri

Azərbaycan kimi Gürcüstan da Cənubi Qafqazın gəzməli-görməli ölkəsidir

Gürcüstan qədim tarixi, gülərüz insanları, zəngin və çoxçeşidli mətbəxi ilə ilk baxışdan diqqət çəkir.

Ötən həftə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Turizmin Təşviqi İdarəsinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Gürcüstana səfər etdi. AzNews.az əməkdaşı da səfər zamanı Gürcüstanın tarixi yerləri, ucqar dağ kəndləri və bir neçə qış turizm kompleksi ilə tanış olub, gördüklərini qeydə alıb.

Əməkdaşımızın səfər qeydlərini təqdim edirik.

***

Şota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportuna enər-enməz Gürcüstanın İmereti bölgəsinə, Kutaisi şəhərinə yola düşdük. Yol boyu xüsusi diqqət çəkən məqamlar olmasa da burada sovet dönəminin qalıqları özünü qabarıq şəkildə hiss etdirirdi. Az qala hər tində sovet dönəmindən qalma nimdaş, uçuq-sökük tikililər gözə dəyir. İstifadəsiz qalan zavod və fabrik yerləri də yetərincə çoxdur. Bir sözlə, hər tərəfdən sovet qoxusu gəlir. Magistral avtomobil yolları isə əsasən birtərəflidir. Hər istiqamətdə yol zolaqlarının sayı bir, ən yaxşı halda ikidir. Bununla belə yolun sağ hissəsində boş yer buraxılıb. Bu da yol kənarında xarab olan və ya müvəqqəti dayanmaq istəyən avtomobillər üçün faydalıdır.

Təqribən 3 saatdan sonra Gürcüstanın Tbilisidən sonra ikinci böyük şəhəri olan Kutaisi şəhər mərkəzinə çatdıq. Şəhəri gəzib-dolaşmaq imkanımız olmadı, amma bura da qədim evləri, sovet dövrünün qalıqları ilə diqqət çəkir. Bununla belə, şəhərin mərkəzi hissəsinə və yollara hökumət tərəfindən müəyyən qədər “əl gəzdirilib”.

Şəhər mərkəzindən keçib İmereti bölgəsində yerləşən Kumistavi kəndinə yollandıq. Orada Gürcüstanın ən maraqlı və qeyri-adi turizm obyekti – Prometey mağarası yerləşir. Mağara barədə əvvəlki reportajda ətraflı bəhs etmişik.

Odur ki, növbəti marşrut üzrə Gürcüstanın Qərbinə - Tbilisidən 471 kilometr məsafədə yerləşən Mestiaya, svanların məskunlaşdığı Svanetiyaya yollandıq. Amma yolumuz dünya çapında Dadiani Sarayı ilə tanınan Zuqdididən keçdiyindən burada ayaq saxladıq:

Ölkənin qərb istiqamətində yerləşən Zuqdidi şəhəri Qara dəniz sahilinə 30 km, paytaxt Tiflisə isə 318 km məsafədədir. Əhalisinin sayı 43 min nəfərdir. Şəhər əsasən yerli prenslərin və Sameqrelo hökmdarlarının məskəni olub. Onlar indi də başqa bir millət olaraq gürcülər arasında yaşayırlar.

Zuqdidi görüb gəldiyimiz digər gürcü şəhərləri ilə müqayisədə inkişaf etmiş kimi görünürdü. Burada olan müasir tikililər – yaşayış evləri, kafe və restoranlar, müxtəlif təyinatlı mağazalar, iaşə obyektləri bunu deməyə əsas verir. Şəhərin mərkəzi hissəsində yer alan Dadiani sarayı isə xüsusi görünüşü ilə hələ uzaqdan diqqət çəkir. Burada ayaq saxlamaqda məqsədimiz elə bu sarayı, onun içərisindəki muzeyi görmək idi.

Hələ XVII-ci əsrdə Gürcüstanda olan italyan missioner Arkandcelo Lamberti yazırdı ki, Knyazın 50-dən çox sarayı var, onların içində Zugdidi sarayı ən gözəlidir: “O ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda dizayn edilib”.

Sarayın içərisində şəkil çəkməyə icazə vermədilər. Amma italyan missionerin sözlərində yanılmadığını gördük. Bələdçi xanımın sözlərinə görə, Saray 1873-78-ci illərdə knyaqinya Yekaterina Dadiani üçün inşa edilib. Sarayın dizaynı zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə Leonid Vasilyevin layihəsi əsasinda inşa edilib. Nikolay Dadiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə gedir və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evlənir. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napoleonun ölüm maskasını Meqrelə gətirir. Bu gün həmin maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanılır.

Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb. Muzeydə 41 000 eksponat var, onlar gürcü mədəniyyətinin nadir inciləridir. Burada Taqilon dəfinəsi (e.ə. 1-ci minillik), qızıl antik maska, gürcü kraliçası Tamaranın ikonası (12-ci əsr), Konstantinapolun süqutundan sonra Gürcustana gələn qədim heykəllər, orta əsrlər Avropa döyüş alətləri və Qərbi Avropa sənətkarlarının orta əsr sənət əsərləri sərgilənir. Bundan başqa, muzeydə qədim arxeoloji tapıntılar, dini eksponatlar, XV əsrə aid əlyazmalar, çox geniş kolleksiyalar, müxtəlif incə qablar, kraliçaların qızıl və zinət əşyalarını görmək mümkündür.

Sarayın həyət qapıları daim ziyarətçilərin üzünə açıqdır, muzey isə hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Giriş pulludur, bələdçi ilə 5, bələdçisiz 2 lari. Sarayın ətrafında böyük botanika bağı salınıb. Bu bağı Salomenin anası Yekaterina Aleksandrovna Kavkavadze -­ Dadiani Nino Qriboyedovun bacısı Avropadan gətirilmiş bağbanlar tərəfindən saldırıb. Bağın sahəsi 26,4 hektardır.

Ümumilikdə isə deyə bilərik ki, saray klassik memarlıq üslubundadır. Belə demək mümkünsə, 19-cu əsr memarlığının imperial xüsusiyyətlərini və klassik Gürcüstan elementlərini özündə birləşdirir. Dekorasiyasının bəzi elementlərində şərq xüsusiyyətlərinə də rast gəlinir…

Saray gəzintisindən sonra üzü dağlara doğru yolumuza davam etdik. Qarlı-buzlu yollarla gəlib Mestiyaya çatdıq. Bura qış turizmi potensialına görə Gürcüstanın ən əlverişli ünvanlarından biridir. Bu barədə bir sonrakı yazıda ətraflı bəhs edəcəyik…

Hələlik isə sözügedən ünvanda yerləşən Svaneti Muzeyi barədə danışaq. Svaneti Tarix və Etnoqrafiya Muzeyi yenidən qurulduqdan sonra 2013-cü il iyulun 1-dən istifadəyə verilib. Muzeyin ümumi tarixi isə demək olar ki, bir əsrdir. Yeni bərpadan sonra sərgi salonu modern şəraitdə ən müasir standartlarla təchiz olunub. Əlavə olaraq, təmir laboratoriyaları və depolar yaradılıb.

Hazırda muzeydə 6 daimi ekspozisiya salonu var. Ziyarətçilər muzey daxilində səyahət edərək arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatları görə bilərlər. Muzeydə ziyarətçilər IX-XVIII əsrdə dünya əhəmiyyətli şah əsərləri görmək imkanı əldə edirlər: Qırx Sebastian Şəhidlərinin İkonu, Nakışlı Bizans İkonu, Venesiya Xaçı, Queen Tamar tərəfindən təqdim olunan şamandırat, ən qədim əlyazma - Adishi İncili (897) və s. Burada qədim və orta əsrlərə aid silahlar, əmək alətləri, geyimlər eləcə də Bizans, Osmanlı, Rusiya imperiyalarına aid pul sikkələri sərgilənir. Muzeyin son sərgi salonu Gürcü etnoqrafiyasının nümayişçilərinə həsr olunub.

Qeyd edək ki, Svaneti Tarix və Etnoqrafiya Muzeyinin bərpası layihəsi Gürcüstan hökuməti ilə birgə müxtəlif beynəlxalq təşkilatlar və fondlar tərəfindən maliyyələşdirilib.

P.S növbəti yazıda Gürcüstanın qış turizm imkanları və orada yaşadığımız maraqlı, ekstrim anlardan bəhs edəcəyik.

Elgün MƏNSİMOV
AzNews.az

Bakı - Mestia - Bakı
(Fotolar müəllifindir)

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description