Gürcüstanda ümumi karantin tətbiq olunacaq

Qərar 31 mart saat 08:00-dan qüvvəyə minəcək

Sabahdan Gürcüstanın bütün ərazisində karantin rejimi tətbiq olunacaq.

AzNews.az-ın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Baş Naziri Georgi Qaxariya fövqəladə brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qərar 31 mart saat 08:00-dan qüvvəyə minəcək.

Bununla da ölkədə saat 21:00-dan 06:00-a qədər komendant saatı elan olunur.

İctimai nəqliyyatdan istifadə tamamilə dayandırılır. Taksilərin işində ciddi reqlament tətbiq olunur: arxa oturacaqda iki nəfərdən artıq sərnişin əyləşə bilməz.

Tbilisi, Kutaisi, Batumi, Poti, Zugdidi, Rustaviyə giriş bağlanır. Hər kəsin yanında şəxsiyyət vəsiqəsi olmalıdır.

Hamı, xüsusən də yaşlılar zəruri hallarda çölə çıxa bilərlər.

Qeyd edək ki, Gürcüstanda 98 koronavirusa yoluxma faktı qeydə alınıb.