“Ded Xasan”ın düşməni öldürüldü

“Astik Suxumskiy” Abxaziyada qətlə yetirilib




Yanvarın 16-da Moskvada güllələnmiş kriminal avtoritet Aslan Usoyanın ("Ded Xasan") rəqiblərindən sayılan "qanuni oğru" Astamur Quliya ("Astik Suxumskiy") Abxaziyada öldürülüb.

APA-nın "Naşa Abxaziya" saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı Quliya Suxuminin mərkəzində hücuma məruz qalıb. Avtoritetə maşından atəş açılıb, onun yanvarın 20-də xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Quliya "qanuni oğru" statusunu 40 gün əvvəl Dubayda alıb. Orada "Ded Xasan"a qarşı çıxan təxminən 60-dək kriminal avtoritetin "sxodka"sı keçirilib. Toplantıda 15 nəfərə "qanuni oğru" adı verilib, bu, Aslan Usoyana çağırış kimi dəyərləndirilib. Son dövrlər kriminal aləmdə baş verən münaqişələrlə bağlı "adqoyma" mərasimlərinə moratorium qoyulub, bu qadağanı yalnız Usoyanın rəqibləri pozublar.

Qeyd edək ki, "Ded Xasan" yanvarın 16-da Moskvanın Tver küçəsində yerləşən restorandan çıxarkən snayper atəşi ilə öldürülüb.