Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş prokurorluğun mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. Bundan başqa bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.


Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.