Azərbaycanlını güllələyən polkovnikə cinayət işi açıldı

Üç aydan çox məsuliyyətdən yayınan Andrey Qluxovun bu gün həbs olunacağı bildirilir

Rusiya Təhqiqat Komitəsi bu ilin aprel ayında İjevsk şəhərində bir azərbaycanlını qətlə yetirib, digərini ağır yaralayan polis polkovniki barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açıb. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu gün səhər 9 radələrində Udmurtiya Respublikasının Daxili İşlər Nazirliyinin ekspert-kriminalistika mərkəzinin rəis müavini Andrey Qluxova Təhqiqat Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (Qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün Andrey Qluxovun cinayət işi üzrə məhkəmə keçiriləcək. Onun barəsində həbs qəti-imkan tədbirinin çıxarılacağı gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi aprelin 13-də gecə saatlarında baş verib. 48 yaşlı Qluxov Andrey Leonidoviç qonşuluqda yaşayan azərbaycanlı, 1967-ci il təvəllüdlü Aslanov Qaflan Əbülfəz oğluna pnevmatik silahdan altı dəfə atəş açıb. Soydaşımız hadisə yerində keçinib, iki güllə yarası alan 1976-cı il təvəllüdlü Qasımov Ehtiram Əlibala oğlu isə ağır yaralanıb.

Hadisəyə səbəb Qaflan Aslanovun evindən gələn yüksək musiqi səsi olub. Həmin gecə Q. Aslanov 8 yaşlı qızının doğum gününü qeyd ediblər. Bu zaman evin qapısı döyülüb. Qapını döyən, bir mərtəbə yuxarıda yaşayan polkovnik Andrey Qluxov Qaflan Aslanovu təhqir etməyə başlayıb. Qafqazlıların onu bezdirdiyini söyləyən polkovnik səs-küyü dayandırmağı tələb edib. Q. Aslanov qonşusundan üzr istəyərək səs-küyün olmayacağını söyləyib. Yarım saat sonra Andrey Qluxov bir də qapını döyüb. Bu zaman qapını Qaflan Aslanovun həyat yoldaşı açıb. Əlində silah olan polkovnik qadını itələyib və səs-küyə gələn Qaflan Aslanova tapançadan altı dəfə atəş açıb. Soydaşımızın bədəninə dörd, ağzına bir güllə vuran polis polkovniki daha sonra onun öldüyünə əmin olmaq üçün başına bir güllə də vurub. Qaflan Aslanov hadisə yerində, 8 yaşlı qızının gözü qabağında keçinib. Polkovnik daha sonra Aslanovun qohumu olan Ehtiram Qasımova da atəş açıb. İki güllə yarası alan Ehtiram Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları hadisə barədə başqa məlumat yayıb. Məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqıraraq danışdığını eşidib və onlardan özlərini sakit aparmağı tələb edib. Mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silaha əl atıb, atəş açaraq onları güllələyib. Bir nəfər həlak olub, digəri isə yaralanıb.

Qətldən xeyli müddət keçməsinə baxmayaraq A. Qluxov vəzifəsindən kənarlaşdırılmayıb. O, müəyyən müddətə qədər cinayət məsuliyyətindən yayına bilib.

AzNews.az