Rusiyada saxlanılan avtoş Azərbaycanlı ilə bağlı – İddia

Onun MTN-in keçmiş əməkdaşı İbrahim Musayev olduğu bildirilir


Ötən gün Rusiyada saxlanılan Azərbaycanlı avtoşla bağlı maraqlı iddia ortaya çıxıb. Oxuculardan biri "Qafqazinfo"nun elektron poçtuna saxlanılan şəxsin axtarışda olan MTN-in keçmiş əməkdaşı İbrahim Musayev olduğunu bildirir. Maraqlıdır ki, Rusiyanın hüquq mühafizə orqanları da bu vaxta qədər həmin şəxsin adını açıqlamayıblar, yalnız Azərbaycan vətəndaşı olduğunu qeyd ediblər.

Xatırladaq ki, ötən gün rus polisi Yaroslav şəhərinin mərkəzində yol hərəkəti qaydalarını pozan "Suzuki Qrand Vitara" markalı avtomobili saxlamaq istəyib. Ancaq sürücü yoluna davam edib. Avtomobildə gənc oğlan və qız sərnişinlər də olub. Polislərdən yayınmağa çalışan sürücü Rostov rayonuna istiqamət götürüb. O, yol boyu bəzi yerlərdə sürəti saatda 150 km-ə qaldırıb, hətta qarşı yollara da keçib. 1 000 km-dən çox məsafə qət edən sürücü Rostovun Semibratov qəsəbəsində idarəetməni itirib. Nəticədə avtomobil aşıb, daha sonra da yanmağa başlayıb. Polis avtomobili idarə edən gənci və onun iki sərnişinini çıxarıb.

Qeyd edək ki, İ. Musayev Naxçıvan MTN-in əməkdaşı olduğunu iddia edib və mediaya bir sıra açıqlamalar verib. Azərbaycanı tərk edən İ. Musayev Rusiyada yaşamağa başlayıb. MTN-in onun barəsində qeyri-rəsmi axtarış verdiyi də bildirilir.




AzNews.az