Orxan Zeynalov : “Mən onu öldürmək istəmirdim”

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov özünü müdafiə məqsədilə bıçağa əl atdığını bildirib. Lent.az-ın məlumatına görə, dindirilmə prosesindən kadrları "Rossiya-24" telekanalı yayımlayıb.

Zeynalov deyib: "Mən onu öldürmək istəmirdim. Biz 3 nəfər idik. Onlar ikilikdə məni öldürmək niyyətində idilər".

Həmyerlimiz Şerbakova öldürücü yaralar vurması faktını istisna etməyib.

Daha öncə Zeynalovun Qərbi Biryulevo rayonundakı Pokrovsk tərəvəz bazarında işləyən kəndçisi Əli Məmmədov jurnalistlərlə söhbətində Şerbakovu münaqişəni alovlandırmaqda ittiham edib. Məmmədov bildirib ki, Orxan əvvəllər Şerbakovun görüşdüyü qadını evinə yola salırmış. Binanın girişində onlar təsadüfən görüşüblər. Tərəflər arasında münaqişə baş verib və Şerbakov öldürülüb.

Halbuki rəsmi olaraq, əks versiya səsləndirilib: Qızı Şerbakov ötürürmüş, onu Zeynalov incidib.

AzNews.az