KXCP üzvünü öldürənlər Şirvanda kameraya düşüb

Martın 4-də, günorta 14 radələrində Salyanda müxalifətçi Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə öldürənlər Şirvan şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində yerləşən nəzarət kamerasına düşüblər.

Bu haqda "Yeni Müsavat"a məlumat verən mənbə deyib ki, polis həmin kameranın yaddaşındakı məlumatı götürüb. Məlum olub ki, A.Xəlilovu öldürənlər 3 nəfər olub. Onlar əvvəlcədən xəbər verildiyikimi "Prado" markalı "Ceep"də deyil, "Pajero" markalı "Ceep"də olublar. Hazırda əməliyyat istintaq qrupu həmin avtomobili və sahibini müəyyən etməklə məşğuldur.

Qeyd edək ki, A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb. KXCP üzvü həmin şəxsin gəldiyi qara rəngli "Pajero"ya oturub və maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib.

İstintaqçılar ehtimal edir ki, A.Xəlilov onu öldürən şəxslərdən ən azı biri ilə tanış olub. Bunu deməyə əsas verənsə, onun həmin şəxslərin gəldiyi maşına əyləşməsi və onlarla yola çıxmasıdır. Yada salaq ki, A.Xəlilova evindən 500 metr aralandıqdan sonra bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini Salyan- Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər. "Pajero"nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib.

1965-ci il təvəllüdlü A.Xəlilovun kimin və niyə görə öldürməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)maddəsi ilə cinayət işi başlanıb.(Musavat.com)