- Köhnə - Maraqlı
- 22 Aprel 2016 12:02
- 38 130
Yaya kimi necə arıqlamalı? - Diyetoloqdan mifləri dağıdan müsahibə
Artıq yay fəsli və çimərlik sezonu yaxınlaşdığından hər kəs qış aylarında yığdığı çəkidən azad olmaq istəyir.
Bunun üçün bəziləri sağlam yollara üz tutsa da, əksəriyyəti internetdən götürülmüş, yaxud da məşhurların jurnallardakı pəhriz proqramları ilə arıqlamağa cəhd edir. Pəhrizlər isə individual şəkildə saxlanılmalı olduğundan, kortəbii şəkildə arıqlamağa cəhd edənlər ya uğursuzluğa düçar olur, ya da xəstəliyə. Məsələnin aktuallığını nəzərə alaraq AzNews.az-ın əməkdaşı diyetoloq Leyla Zülfüqarova ilə söhbətləşib. Diyetoloq arıqlamaq istəyənlər üçün bəzi məsləhətlər verib.
- Leyla xanım, bildiyimiz kimi, qarşıdan yay gəlir. Qadınlar, hətta artıq kişilər də arıqlamaq üçün müxtəlif üsullara üz tuturlar. Diyetoloqla, sağlam yolla arıqlayanlar azlıq təşkil edir. Bəs sağlam arıqlamaq üçün yaz fəslində nələrə diqqət etmək lazımdır?
- Təəssüf ki, arıqlamaq istəyən insanlar ciddi yanlışlıqlara yol verirlər. Çəki itirmək üçün bəzən ac qalırlar, bəzən isə az yeməklə kifayətlənirlər. Halbuki sağlam arıqlamağı düşünən hər bir kəs ilk növbədə sağlam qidalanmağı özünə əsas prinsip götürməlidir. Sağlam rasional qidalanmaq qidalanmağın funksiyalarını öyrədir. Bir qidanın özünün orqanizm üçün "n" qədər vacib funksiyaları var ki, onun tərkibindəki vacib maddələrlə orqanizmi bərpa edirik. Bunu nəzəriyyələrlə başa salmağa çalışacağam. İlk nəzəriyyə odur ki, biz ona görə qidalanmırıq ki, tox olaq. Qidalanırıq ki, orqanizmə lazım olan maddələri ötürək. Bir şeyi bilmək lazımdır ki, maddələr mübadiləsi yerində olanda insan heç zaman kökəlmir.

İkinci nəzəriyyə. Yay ayları gəlir və düşünürük ki, tez bir zamanda aylarla yığdığımız artıq çəkidən necə xilas olaq? Burada da xırda qaydalar var. Əgər biz yayda da qışda qidalandığımız kimi qidalansaq əksi olacaq. Çünki yay aylarında başqa hormonlar dövriyyəyə girir. Bu zaman da orqanizmdə dəyişikliklər baş verir. Biz dəyişikliklərin əks-effekt verməmısi üçün orqanizmi paralel qidalarla təmin etməliyik.
Bunlar nədir? Meyvə və tərəvəzlər. Özü də mövsümə xarakterik olan meyvə və tərəvəzlər. Yazda yetişən giləmeyvələr var ki, həmin dövrdə orqanizm üçün çox önəmlidir.

Həmin dövrdə biz onlardan dadmalıyıq. Hər bir fəslə xarakterik və bədənin tələb etdiyi vitaminlər ki var, onlar həmin meyvələrdədir. Qışda xəmir və ət yeməkləri yeyiriksə yaz, yay dövründə bunun tam əksi baş verməlidir. Qışda karbohidrat ehtiyatını həmin yeməklərdən qəbul edirik, yayda isə karbohidrat ehtiyatını meyvə və tərəvəzələ əvəzləməliyik. Bu zaman rasional qidalanmaya daha çox yaxınlaşırıq.
Yaz fəslində ağ undan ibarət olan qidalar təhlükəlidir. Ağ çorək, makaron, düyü - bunların hamısı qız fəslinə xarakterik karbohidratlardır. Amma bu boşluğu biz meyvə və tərəvəzlə aradan qaldırmalıyıq. Bu zaman kökəlmə təhlükəsini geridə qoymuş oluruq. Demək yaz-yay aylarında biz qışa nisbətən daha tez arıqlaya bilərik.
Üçüncü və ən ciddi mərhələ.

Orqanizm üçün arzu olunmayan mayeləri biz ciddi şəkildə uzaqlaşdırmalıyıq. Bu, dəri və tər vəzisi vasitəsilə olur. Bütün bu orqanların aktivləşməsi yaz və yay aylarına düşür. Bu üç mərhələ bir-birini tamamladığına görə, biz yay aylarında ciddi arıqlamalıyıq.
Dördüncü mərhələ isə aktivlikdir. Yayda hər kəs havada gəzməyə üstünlük verir. Ağ ciyərlərin fəaliyyəti daha aktiv olur. Gün ərzində 30-40 dəqiqə gəzmək isə əlbəttə ki, həm orqanizm üçün xeyirlidir, həm də arıqlamaq istəyənlər üçün əvəzsiz vasitədir.
Bu dörd nəzəriyyəyə ard-arda əməl olunsa, inanın ki, rahat şəkildə və qısa müddətə istədiyimiz çəkiyə düşə bilərik. Amma gəlin razılaşaq ki, bu şərtlərə əməl etmirik.
- Leyla xanım, məlum olduğu kimi, qış fəslindən çıxmışıq. Blə bir deyim var ki, qışdan yaza keçəndə bəzi xəstəliklər baş qaldırır. Çünki bədənin vitamin ehtiyatını qışda tükətmiş oluruq. Bəs arıqlamaq istədiyimi bir müddətdə, orqanizmin vitamin depolaması üçün nələri məsləhət görərsiniz?
- Payız və yaz dövrü çox önəmlidir. Çünki bu dövrdə iltihab xəstəlikləri ön plana keçir ki, bu zaman da orqanizmi müdafiə edən dərman deyil, qidalar olur. Düzgün qidalanmağın müdafiəedici funksiyaları var. Hər bir qida orqanizmə düşdükdən sonra onun müdafiəedici funksiyası işə düşür. Bu da bizi xəstəliklərdən qoruyur. Biz artıq yaz dövründəyik. Bu dövrdə çiy tərəvəz və salatlara, tərəvəz şorbalarına, yəni ətsiz, yalnız tərəvəzlərdən ibarət xörəklərə üstünlük verilməlidir. Çiy meyvə, salatlar yeyərkən də biz xırda hesab etdiyimiz səhvlərə yol veririk. Xırda dediyimiz o səhvlərin böyük fəsadları olur.

Məsələn, meyvə, yaxud tərəvəz salatları hazırlayırlar, lakin ona mayonez və ya qaymaq vururlar Bu, ən ciddi səhvdir. Şirin meyvələri bir yerdə doğrayıb salat hazırlayırıqsa, bu zaman ora heç bir yağ formatı qatılmamalıdır. Tərəvəzli salatlarda isə bitki yağları əlavə edə bilərik.
Qidalar düzgün şəkildə seçilməli və qəbul edilməlidir. Hətta şorbanı belə içmək mədəniyyəti var. Bu mədəniyyət hər yemək üçün keçərlidir. Bunlar yerli-yerində olsa, orqanizm üçün təhlükə riski azalar.
- Hansı qidaları yaz fəslində rasiondan çıxarmaq olar, hansıları isə əksinə, əlavə etmək lazımdır?
- Yaz fəslində xəmir xörəklərini ümumiyyətlə, rasiondan çıxarmalıyıq. İkincisi, şirniyyat, şirin çay və s. qəbul etmək ən ciddi səhvdir. Bunun nəinki yayda, heç qışda da olmaması lazımdır. Onlar da zəhərlidir.

Üçüncüsü, qazlı içkilərdən də uzaq olmaq lazımdır. Yayda tər vəzinin aktivləşməsi nəticəsində orqanizm çox mayeyə tələbat duyur. Amma yenə də ciddi səhv edirik və qazlı içkilərə üz tuturuq. Qazlı içkilərin tərkibində zəhərli maddələr var. Bu maddələr orqanizmə düşəndən sonra insanlar yenidən maye içmək istəyir. Ona görə də susayır. Nə qədər ki, su düzgün şəkildə bədənə qəbul olunmur, ona qədər davamlı olaraq maye tələb edəcək. Bu da orqanizmə ziyan edir. Yayda suya olan təlabatı qazlı su ilə ödəməməliyik. Bəzi insanlar şirin qazlı sulara üstünlük verir. Amma insanlar sadə, mineral sulardan istifadə etsələr yaxşıdır. Tərkibində qaz olan heç bir suyu içməməliyik.
- Bəzi qidalar var ki, onlarla bağlı belə demək mümkünsə miflər var ki, onlar çox kökəldir və s. O hansı qidalardır ki, onları qəbul etmək zəruridir, lakin haqqında miflər olduğu üçün arıqlamaq istəyənlər rasiondan kənarlaşdırıblar?
- Azərbaycanlılar zaman-zaman öz düşüncələrində bəzi miflər formalaşdırıblar. Həmin mifləri doğru bilib özümüzün tendensiyamızı yaratmışıq. Və biz bunu davam etmək məcburiyyətindəymişik kimi davranırıq. Biz düşünürük ki, yağ insanları kökəldir.
.jpg)
Amma əksinə, yağ heç vaxt kökəltmir. Lakin yağın orqanizmə düzgün qəbul edilməsi vacib məsələdir. Yağ toxumasının vacib funksiyası var. Orqanizmi düzgün bilən insan bunu başa düşür. Yağ toxumalarının ötürücü funksiyası var. Ona düşmən kimi davranmağımızın özü kökündən yalnışdır. Əslində yağ orqanizmə qəbul olunmalıdır. Amma burada yalnış seçimlərimiz olub. Yağdan qorxmuşuq ki, kökəldər və onu çiy şəkildə qəbul etməmişik. Diqqət etmisinizsə, insanlar kərə yağını əridir, bankara yığıb saxlayır. Sonra kərə yağının əridilmiş formasından yemək bişirirlər. Əslində əridilmiş yağdan yemək bişirilməməlidir. Çünki biz o yağı işlənmiş yağa çeviririk, yağı yandırıb toksit maddələr əmələ gətiririk, sonra da ondan yemək hazırlayırıq. Eyni zamanda düşünürük ki, yağ kökəldir və buna görə çiy yağdan qaçırıq. Nə qədər səhv fikir formalaşdırmışıq.
İkinci mif çörəklə bağlıdır.

Çörək yeməyib arıqlamaq istəyən insanlar ancaq bir və ya iki ay dözə bilirlər. İnsanlar yalnış, yəni ağ çörək yeyirlər. Əslində insanlar heç bir zaman ağ çörək yeməməlidir. Amma bu "yeyilməməlidir" məfhumunu bütün çörək məmulatlarına şamil etmək düzgün deyil. Çörək yeyilməməlidir fikri ən yalnış fikirdir. Çörək toplum olaraq götürsək kalori ehtyacımızın 20 faizini ödəməkdədir. Sadəcə çörək seçimi düzgün olmalıdır.
Üçüncü mif: arıqlamaq istəyən insanlar mütləq yağsız-duzsuz yeməklərə üstünlük verirlər. Həmin insanların arıqlamaq formulalarının əsasında mütləq bu durur. İnsanlar duzsuz, yağsız yeməklər yeyirlər. Amma bu, düzgün deyil. Orqanizmin gündəlik duz tələbatı var. Ət bişirərkən duzlu suda qaynadılmalıdır. Duzsuz qaynadılmış ət orqanizmə nə dərəcədə xeyirlidir? Dieta saxlayarkən duzsuz ət yemək ciddi səhvdir.

Dördüncü mif: bu da saat 18:00-dan sonra yeməməkdir. İnsanlar düşünür ki, bu saatdan sonra yeməsələr arıqlayarlar. Amma bu da yalnış seçimdir. Çünki günümüzdə insanlar saat 20:00-da yatmırlar. Ən tez yatan insanlar 23:00-da yatır ki, bu rejimlə də saat 18:00-dan sonra qidasız qalmaq tərs-mütənasiblik təşkil edir. Bizim son yeməyimiz 18:00-da ola bilməz. Bu saatdan sonra da yemək lazımdır, amma xingəl, ət yeməkləri deyil, daha yüngül yeməklərə üz tutmaq məsləhətdir.
Bahar RÜSTƏMLİ
AzNews.az