Azərbaycan regional aeroportların statusunu artırıb

Azərbaycanda iki regional aeroport - "Lənkəran" və "Zaqatala" hava limanları beynəlxalq status alıb.

Bu barədə ölkənin Nazirlər Kabinetinin "Azərbaycan Hava Yolları" QSC-nin Nizamnamə və strukturuna dəyişikliklər edilməsi haqqında qərarında deyilir.

Azərbaycan hökumətinin qərarına uyğun olaraq, "Qəbələ" beynəlxalq aeroportu QSC-nin strukturuna daxil edilib.

Bundan başqa, qərara əsasən, "Azərbaycan Hava Yolları"na Sərnişin Aviasiya Şirkəti də daxil edilib. Öz növbəsində, QSC-nin Hava Gəmilərinə Texniki Xidmət İdarəsi və İstehsalat-Təsərrüfat İdarəsi ləğv edilib.
QSC-nin tərkibinə "Azərbaycan Hava Yolları" Yük Aviasiya Şirkəti; "Azalhelikopter" Bakı Aviasiya Şirkəti; "Azalaqro" Yevlax Aviasiya Şirkəti; Milli Aviasiya Akademiyası; Heydər Əliyev Beynəlxalq Hava Limanı; "Gəncə" Beynəlxalq Hava Limanı; "Naxçıvan" Beynəlxalq Hava Limanı;. "Lənkəran" Hava Limanı; "Zaqatala" Hava Limanı;"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi; Aviasiya Təhlükəsizlik İdarəsi; "AzalOil" Yanacaq-Sürtgü Materialları İdarəsi; Beynəlxalq Kommersiya İdarəsi və filial və nümayəndəliklər daxildir.

Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalı 784 974 470 manatdır və səhmlərinin nominal dəyərindən təşkil olunur (nominal dəyəri 2 manat olan 392487235 ədəd adi səhm).

AzNews.az