"Belə bir qanun layihəsi qəbul edilməsin" "Belə bir qanun layihəsi qəbul edilməsin"

Yol polisi maşınları təqib edərsə, nə olacaq?- Ekspert rəyi

"Belə bir qanun layihəsi qəbul edilməsin"




"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

Ekspertlər isə belə bir qanunun qəbul olunmasını düzgün saymırlar. Hüquqşünas Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirib ki, belə bir qanun lahiyəsinin hazırlanması qüsurlu bir variantdır, gələcəkdə sürücülərin hüquq və azadlıqlarının pozulmasına, ciddi qanun pozuntularina gətirib çıxaracaq.

Onun sözlərinə görə, son nəticədə isə sürücülərin hüquqları pozulacaq: "Yol polisi deyəcək ki, sürücünün maşınının arxası aşağı oturmuşdu. Düşünüb ki, maşının yük yerində külli miqdarda narkotik maddə daşıyır və ona görə də təqib edib. Ona görə də düşünürəm ki, ciddi qanun pozuntularına gətirib çıxaracaq və Milli Məclisə tövsiyə edərdim ki, belə bir qanun layihəsini qəbul etməsin".

M.Baxış qeyd edib ki, Azərbaycan qanunvericiliyində "şübhəli əsaslar olarsa" kimi sözlərdən çox istifadə olunur. Bu da Rusiyadan götürülmüş bir ifadədir və indiyə kimi də istifadə olunur və çox sui-istifadələrə gətirib çıxarır. Hüquqşünasın fikrincə, avtomobili idarə etmək elə bir təhlükəli məsələ deyil ki, həmin avtomobil təqib olunsun. Onun sözlərinə görə, indiki halda yol polislərinin çox geniş imkanları var, radarlarla və texniki imkanlar vasitəsilə təchiz ediliblər, stasionar postlar var, qanunu pozan sürücülər həmin postlarda saxlanılıb cərimə meydançasına aparılsın: "İnzibati Xətalar Məcəlləsinin 407-ci maddəsi bu imkanı onlara verir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlara verilmiş yerlərə həmin avtomobilləri aparsınlar". Hazırda qüvvədə olan qaydaları daha mütərəqqi hesab edən M.Baxış vurğuladı ki, yeni qaydaların tətbiqi yol polislərinə vəzifə səlahiyyətlərini aşmağa və vəzifəsindən sui-istifadə hallarına yol verməyə səbəb olacaq.


AzNews.az